RU

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib -FOTO

Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən regionda bərpaolunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etmək məqsədilə Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib.

 

Senzor.az bildirir ki, COP29 çərçivəsində təşkil edilən Forumda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən olan nazirlər, nazir müavinləri iştirak ediblər.

 

Forumda Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün yaşıl enerjidən istifadəni artırmağın yolları müzakirə edilib. Bu məqsədlərə çatmaq istiqamətində “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edilib. Proqram Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.

 

Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, Mərkəzi Asiya üzrə Enerji Keçidi İnvestisiya Forumu regionda dayanıqlı enerji transformasiyasını sürətləndirmək, bərpaolunan enerji sahəsində əməkdaşlığı dərinləşdirmək və strateji layihələrin reallaşdırılması üçün investorları cəlb etmək baxımından mühüm platformadır: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji keçidində güclü əməkdaşlığa böyük önəm verir. Bu çərçivədə ölkələrimizin enerji təhlükəsizliyini və enerji təchizatında strateji mövqeyini gücləndirmək üçün Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq. COP çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji tərəfdaşlığı sazişi, Səudiyyə Ərəbistanın üçtərəfli layihəyə qoşulması bu istiqamətdə atılan strateji addımlardan biridir və beynəlxalq enerji əməkdaşlığına, yaşıl investisiyaların cəlbinə güclü təkan verəcək. Biz bu Forum vasitəsilə bütün investorları və potensial tərəfdaşları bu tarixi dəyişikliyin bir hissəsi olmağa dəvət edirik”.

 

IRENA-nın baş direktoru Francesco La Camera bildirib ki, Mərkəzi Asiya XXI əsr iqtisadiyyatının ön sıralarında mövqe tutmaq və sürətlə dəyişən enerji mənzərəsində özünü gələcəyə hazırlamaq üçün həm bərpaolunan enerji, həm də kritik mineral resurs potensialına malikdir. O, əlavə edib ki, APRECA regionun öz potensialını səfərbər etməsi üçün hərtərəfli, ölkələrin rəhbərlik etdiyi, ambisiya, planlaşdırma və icranı birləşdirən mühüm bir fürsət təqdim edir.

 

Forum Mərkəzi Asiyada enerji keçidinə dair investisiya və maliyyə siyasətləri, maliyyə ehtiyacları və prioritetləri, iqlim maliyyəsi üçün çərçivələr və digər maliyyə alətlərinə dair müzakirələrlə iki gün davam edəcək. Keçiriləcək xüsusi sessiyalar arasında Enerji Keçidlərinə dair Maliyyələşdirmə Dialoqu, IRENA-nın Mərkəzi Asiya üçün Layihə Asanlaşdırma Alətləri üzrə İnteraktiv Sessiyası və Mərkəzi Asiya üzrə Regional Seminar yer alır. Hər bir sessiya iştirakçılara maliyyələşdirmə sahəsində innovativ həll yolları və ən yaxşı təcrübələr haqqında geniş məlumatlar təqdim edəcək.

Избранный
34
11
senzor.az

10Источники