RU

COP29-da enerji təşəbbüsləri üzrə nazirlər görüşü keçirilib

Bakıda keçirilən COP29 çərçivəsində Yaşıl Enerji, Hidrogen və Qlobal Enerji Ehtiyatı və Şəbəkələrinə həsr olunmuş Yüksək Səviyyəli Dəyirmi Masa təşkil olunub.

Modern.az xəbər verir ki, tədbir COP29 Sədrliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə əməkdaşlığı çərçivəsində keçirilib.

Tədbir COP28-də razılaşdırılmış enerji hədəflərinə necə nail olmaq məqsədilə müzakirələrə həsr olunub və COP29 Fəaliyyət Gündəliyindəki üç təşəbbüsü əhatə edib: Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi, Hidrogen Bəyannaməsi və Enerjinin Saxlanması və Enerji Şəbəkələri üzrə Qlobal Vəd. COP28-də dünya liderləri bərpa olunan enerji potensialını əhəmiyyətli dərəcədə artırmaq öhdəliyi götürmüşdülər. Məqsəd 2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünü ən azı 11,000 QVt-a qədər üç dəfə artırmaq və enerji səmərəliliyinin artırılmasının qlobal orta illik dərəcəsini hər il təxminən iki faizdən dörd faizə qədər ikiqat yüksəltməkdir. Bu məqsədə çatmaq üçün bərpaolunan enerji istehsalını genişləndirmək yanaşı, milli və regional şəbəkələrə bərpa olunan enerji mənbələrinin inteqrasiyası ilə bağlı mövcud problemləri də həll etmək tələb olunur.

Bu kontekstdə enerji saxlama kritik əhəmiyyət daşıyır. Bu, bərpaolunan enerjinin qeyri-müntəzəmliyini azaltmaq və şəbəkənin sabitliyini artırmaq baxımından mühüm rol oynayır.

Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera, UNECE-nin icraçı katibi Tatyana Molsean açılış nitqləri ilə çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, dünyamız iqlim və enerji sahəsində taleyüklü bir mərhələyə daxil olub. Bu dönüş nöqtəsində bir araya gəlmək qlobal enerji gələcəyini formalaşdırmaq üçün tarixi bir fürsətdir.

Diqqətə çatdırılıb ki, COP29 Sədrliyi tərəfindən irəli sürülmüş 5 komponentdən ibarət olan bu üç enerji təşəbbüsü COP28-in bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyən konkret həllər təqdim edir.

Çıxış edən digər natiqlər bu təşəbbüslərin dəstəklənməsi üçün səylərin birləşdirilməli olduğunu, ambisiyalı enerji hədəflərinə nail olmaq üçün ortaq nəticələr üzərində iş aparılmalı olduğunu vurğulayıblar.

Избранный
22
7
modern.az

8Источники