RU

Rezonans doğuran CİDDİ MESAJLAR - TƏHLİL

Ölkə rəhbərimizin öz nitqində konkret hədəfə ünvanlanan ciddi mesajlar verdiyinin dəfələrlə şahidi olmuşuq. Bu mesajları təkcə biz yox, bütün dünya ictimaiyyəti çox yaxşı başa düşür və ölkə rəhbərimizin qətiyyətli mövqeyinə, siyasi iradəsinə zərrə qədər də şübhə edən yoxdur. Əksinə, ünvanlanan mesajları alanların qorxuya düşməsi təsdiq edir ki, vaxtında və qətiyyətlə ünvanlanan ciddi mesajlar çox böyük rezonans doğurmaqdadır.

Azərbaycanı öz strateji hədəflərindən yayındırmağın mümkünsüz olduğu qənaətində olanlar artıq öz nəticələrini çıxarıblar
Rəsmi Bakının prinsipial movqeyi bir daha onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazda geosiyasi iradə sahibir və kənar qüvvələrin istədiklərini etmələrinə imkan verilməyəcək. Heç şübhəsiz ki, regionda maraqları olan qüvvələr də bunu yaxşı başa düşürlər. Yaxşı başa düşürlər ki, ölkəmizə qarşı nə qədər təzyiq kompaniyası aparılsa belə, yenə də nəyə isə nail olmaq inandırıcı deyil. Xüsusən də, ermənipərəst qüvvələr belə görürlər ki, Azərbaycana qarşı heç bir vasitə ilə təsir göstərə bilməzlər və bununla hətta barışmaq məcburiyyətində qaldıqlarını da başa düşmək, görmək xüsusi bir istedad tələb etmir. Daha dəqiq desək, ermənipərəst qüvvələr, beynəlxalq güclər belə əmindirlər ki, ölkəmiz istənilən müqavimətə hazırdır və Azərbaycanı öz strateji hədəflərindən yayındırmaq da qətiyyən alınan deyil.Cənab Prezident İlham Əliyev məhz mövcud reallıqlarla bağlı ciddi mesajlar verdiyi zaman rəsmi Bakının prinsipial mövqeyindən dönmədiyini xatırladır. Ələlxüsus da həmin prinsipial mövqeyi xatırlatmaqla, ilk növbədə Ermənistanın havadarlarına, ermənilərin təəssübkeşlərinə kəskin mesajlarını çatdırır. Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin məhz 8 noyabr tarixində, Zəfər Bayramında söylədiklərinin də ciddi mesajlar olduğunu heç şübhəsiz ki, çoxları yaxşı başa düşüblər və öz hesablarını da gediblər, nəticələrini də çıxarıblar. Dövlət başçımızın siyasi iradəsi onu göstərir ki, Azərbaycanın kifayət qədər potensialı var və rəsmi Bakı öz mövqeyində qətiyyətlidir və bunun artıq hamı fərqindədir. Əlbəttə, hər kəs, xüsusən də ermənipərəst qüvvələr, eləcə də ermənilər özləri də yaxşı dərk edirlər ki, bu qətiyyət, bu siyasi iradə səbəbsiz deyil və Azərbaycanın gücü, qüdrəti ilə bilavasitə əlaqədardır. Sözsüz ki, dövlət başçımızın söylədikləri də bu baxımdan çox ciddi mesajlar sayılır və Azərbaycanı öz strateji hədəflərindən yayındırmağın mümkünsüz olduğu qənaətində olanlar verilən mesajlardan öz nəticələrini də çıxarıblar. Yəni, həmin mesajlar, həmin ciddi mesajlar əhəmiyyətli dərəcədə rezonans doğurub və bunun təzahürünü də hiss etmək heç də çətin deyil.
Paşinyana qalan yenə də qorxu və həyəcan keçirmək və verilən ciddi mesajların rezonans doğurduğuna hamını əmin etmək oldu
Hadisələrin gedişi göstərir ki, başda erməni baş nazir olmaqla, hayların böyük əksəriyyətinin kürklərinə birə düşüb və onlar qorxu içərisindədirlər. Şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi qorxunu da başa düşmək üçün sadəcə hadisələri müşahidə etmək kifayət edir və onun dərhal öz havadarlarına üz tutması həmin qorxunu təsdiq edir. Təsdiq edir ki, artıq Ermənistan bir dövlət olaraq məhz verilən ciddi mesajlardan sonra yenə də havadar axtarırsa, deməli, həmin mesajlar erməni cəmiyyətində əməlli-başlı rezonans doğurub. Əks halda, Paşinyan dərhal Fransa prezidentini aramaz və axtarmazdı. Sözsüz ki, onun belə hövlnak şəkildə Makrona “üz tutması” səbəbsiz ola bilməzdi və Fransa prezidenti özü də bilir ki, bu, ilk növbədə qorxunun əlamətidir. Həm də ermənilərin bacıları görürlər ki, verilən mesajlar erməni cəmiyyətində nə dərəcədə təsirli olub və Nikol bu təsiri, rezonans doğuran təsiri havadar axtarışı, sığınmaq istəyi ilə açıq-aşkar şəkildə biruzə verir.“İndi bəzi Qərb havadarları Ermənistandan dırnaqarası “sülh göyərçini” düzəltmək istəyirlər”, deyə ölkə rəhbərimizin bəyan etməsi özü çox ciddi mesajdır. Bu həm ermənilərə, həm də onların havadarlarına ünvanlanan mesajdır. Bəli, rəsmi İrəvan hələ də havadarlarından kömək umur və bu mesajdan sonra da dərhal aldığı mesajların təsiri altına düşərək, ilk növbədə Makronun, Fransa prezidentinin ətəyindən tutmağa çalışır. Həm də çalışır ki, həmin ciddi mesajları fransız bacılarına da çatdırsın və bundan da bir fayda görsün. Amma onu da başa düşür ki, bu, mümkünsüzdür. Əslində, 44 günlük müharibədə öz böyük bacılarına zəng edib yardım, kömək, dəstək istəyən haylar bunu ala bilmədiklərində öz nəticələrini çıxarmalı idilər. Şəxsən Nikol Paşinyan dəfələrlə Rusiya prezidentinə, ardınca da Fransa prezidentinə zəng etdikdən sonra bunun nəticəsiz qaldığından dərs almalı idi. Dərk etməli idi ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi qarşısında nəyə isə ümid etməsi mənasızdır. Onun nəyi dərk etməsindən, yaxud da etməməsindən asılı olmayaraq, bu dəfə də eyni şəkildə dərk etmək məcburiyyətində qaldığı yenə də özünü göstərdi. Nikol Paşinyana qalan yenə də qorxu və həyəcan keçirmək, eləcə də verilən ciddi mesajların rezonans doğurduğuna hamını əmin etmək oldu.
Azərbaycan Prezidenti təkcə erməni cəmiyyətinə, rəsmi İrəvana deyil, bir çoxlarına ciddi mesajlar ünvanlayıb
“Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”, deyə bəyan edən Azərbaycan Prezidenti bununla təkcə erməni cəmiyyətinə, rəsmi İrəvana deyil, bir çoxlarına ciddi mesajlar verib. Şübhəsiz ki, həmin mesajları alanlar da kifayət qədər “təsirlənməli” olublar. Hər halda başa düşüblər ki, öz başlarını kola dürtən, amma quyuğu çöldə qalan quşun misalında hər şeydən xəbərsiz kimi, eyni zamanda, gözəgörünməz kimi göstərməyə çalışanların elə məhz hər şeydən xəbərdar olduqlarını hamı bilir. Bəli, hamı bilir ki, Ermənistan tərəfi ölkəmizi torpaqlarına soxularaq, işğala imza atıblar və düz 30 ilə yaxın müddət ərzində erməni işğalçıları Azərbaycan torpaqlarını işğal altında saxlayıblar. Hamı bilir ki, Xocalı kimi soyqırımı da məhz erməni vandalları, vəhşiləri törədiblər. Xocalı soyqırımının bir insanlıq dramı olduğunu da hamı çox yaxşı bilir. Bunun əksini düşünmək, kimsənin də bu barədə məlumatsız olduğunu zənn etmək də qətiyyən ağıla sığan deyil, çünki həmin hadisə ilə bağlı yetərincə sənədli video və foto materiallar var. Bütövlükdə dünya ictimaiyyətinin diqqətinə məhz həmin insanlıq dramı, ermənilərin törətdikləri vəhşiliklər barədə çatdırılıbsa, bunu olmayan kimi qəbul etmək mümkündürmü? Əlbəttə ki, mümükün deyil. Əgər kimlərsə özlərini bilməməzliyə vururlarsa, bununla bağlı kadrlara tamaşa edə bilərlər, təbii ki, əgər bunlara baxmağa dözərək, dayanaraq, baxa bilsələr.Eyni zamanda erməni vandallarının, vəhşilərinin törətdikləri dağıntılardan da kimlərsə xəbərsiz ola bilməzlər axı. Azərbaycanın tarixi şəhərlərini viran qoyan kim olub? Bəlkə öz-özünə viran qalıb? Yaxud, hansısa təbiət hadisəsi səbəbindən Ağdam kimi bir şəhər darmadağın olub? Bəlkə şəhər və kəndlərimizin, yaşayış məntəqələrimizin viran qoyulduğunu da görmədiklərini iddia etmək istəyən var? Əgər kimlərsə belə bir “həvəsə” düşərək, özlərini görməməz kimi göstərmk istəyirlərsə, gəlib işğaldan azad olunan ərazilərimizə baxa bilərlər. Amma görünür onlar buna maraqlı deyillər və erməni vəhşilərinin törətdikləri dağıntıları gözməzdən gəlmək istəyirlər. Lakin bu da mümkünsüzdür, çünki hər şey göz önündədir və tarixi abidələrimizdən tutmuş, vətəndaşlara məxsus şəxsi evlərə qədər dağıntılar hələ də qalmaqdadır və bu, erməni vəhşiliyinin bir sübutudur. Azərbaycan ərazilərində fauna və floraya vurduqları zərbə də, təbii sərvətlərimizin qanunsuz şəkildə talan edilməsi də danılmazdır. Məsələ burasındadır ki, ermənilərə havadarlıq etmək istəyənlərə cənab Prezident İlham Əliyev bununla bağlı çox ciddi medsajlar verir və bu qədər vəhşiliklərə, qanunsuz əməllərə bir çoxlarının göz yummalarının qəbuledilməz olduğunu bildirir. Ölkə rəhbərimizin dedikləri ciddi arqumentlərlə, faktlarla öz təsdiqini tapdığı halda, erməni havadarlarının bütün “canfəşanlıqları” mənasız olaraq qəbul edilməyə bilməz. Bax elə bunun özü də bir mesajdır. Özü də çox ciddi mesajdır və bu mesajla dövlətimizin başçısı bildirir ki, ermənilərin havadarları ikiüzlülük, ədalətsizlik edirlər və bizə, xalqımıza, Azərbaycana qarşı haqsız davranırlar. Təbii ki, bunun fonunda doğan rezonansı da başa düşməmək mümkün deyil və əgər Nikol Paşinyan kimi bir manipulyator, küçə nümayişlərindən hakimiyyətə gəlmək üçün istifadə edən bir avantüristin təlaşı da anlaşılandır. Hər halda, havadarlarının ikiüzlü olduğu barədə ciddi mesajlardan elə Nikol özü də, erməni cəmiyyəti də bərk “təsirlənib” və doğan rezonansı da bu mənada yaxşı başa düşürük.
Verilən mesaj Cənubi Qafqazda sülhü, sabitliyi təhdid edən təhlükələrin bu regiondan kənar qüvvələrin maraqlarından qaynaqlandığını göstərir
Dövlət başçımızın, cənab İlham Əliyevin ünvanladığı mesajlardan düzgün nəticə çıxaranlar başa düşürlər ki, əslində, ikinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri Ermənistanın bu günə qədər daha düzgün addımlar atması üçün tamamilə kifayət edir. Haylar özləri də hamıdan əvvəl dərk etməli idilər ki, əgər Azərbaycan ədaləti bərpa edibsə və bu yolda rəsmi Bakıya kimsə mane ola bilməyibsə, deməli, bütün başqa cəhdlər mənasız və əbəs yerədir. Bunu mesaj olaraq elə ermənilərin havadarları da başa düşməlidirlər. Başa düşməlidirlər ki, əgər Azərbaycan öz gücü ilə işğala son qoyduğu zaman onlar heç bir şəkildə ermənilərin istəklərinə uyğun olaraq, nəyə isə nail ola bilməyiblərsə, deməli, indiki durumda Ermənistana nə isə vəd etmələri də inandırıcı deyil və ağ yalandır. Ən azından, Cənubi Qafqazda söz sahibinin məhz Azərbaycan olduğu qənaətinə təkcə ermənilər yox, elə onların havadarları da gəlməli idilər və bu qənaətə gəliblər də, hansıki, indi fəaliyyətlərinin mənasız olması barədə də onlara mesajı verilir. Bu mesaj həm də özündə məhz kimlərinsə Cənubi Qafqaza məhz qarışıqlıq yaratmaq üçün soxulduğunu açıq şəkildə bildirir. Cənab Prezindent mesaj verir ki, hazırda mövcud vəziyyətlə, reallıqlarla, ölkəmizin yaratdığı reallıqlarla barışmaq istəməyən qüvvələr, anti-Azərbaycan qüvvələr Ermənistanı yeni müharibəyə təhrik etməyə çalışırlar, hansıki bu, Cənubi Qafqaz üçün ən ciddi hərbi-siyasi təhlükə qaynağı olaraq qalmaqdadır. Yəni, kənardan hansısa çirkin niyyətli qüvvələrin dəstək adı altında etdiklərinin müharibəyə rəvac verən siyasət və bunun da qəbuledilməz olduğu mesajı verilir. Bu mesaj həm də o deməkdir ki, Cənubi Qafqazda olan mövcud problemlərin həlli qarşısında duran əsas əngəllər yalnız bu regionun daxilində deyil və sülhü, sabitliyi təhdid edən əsas təhlükələr daha çox bu regiondan kənar qüvvələrin maraqlarından qaynaqlanır.Əslində, ermənilər və onların başında duran baş nazir Nikol Paşinyan verilən mesajlardan nəticə çıxarmalı və başa düşməli idi ki, əgər, ABŞ, Avropa Birliyi və Fransa ədalətli mövqe tutmuş olsaydı, indi Cənubi Qafqazda tamamilə fərqli vəziyyət yaranmış olardı. Təbii ki, məhz ABŞ, Avropa Birliyi və Fransanın ermənipərəst ədalətsiz mövqeyi erməniləri çirkin niyyətlərə, ən azından sülhdən yayınmağa təhrik edir və dövlət başçımızın ünvanladığı mesajlardan bunu da başa düşmək mümkündür. Məhz ermənilər özləri verilən mesajlardan nəticə çıxarmalı idilər ki, onları dırnaqarası da olsa, “cəsarətləndirən” güvvələr yekun sülh sazişinin, Cənubi Qafqazda sülhü birmənalı şəkildə təmin edəcək sənədin imzalanmasından yayındırırlar. Nəticədə də uduzan tərəf Ermənistan olsa belə, onlar regionda sülh və təhlükəsizliyi təhlükə altında qoyurlar.Göründüyü kimi, ölkə rəhbərimzin, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin son mesajları reallıqların, özü də təkzibedilməz reallıqların açıq-aşkar şəkildə ifadəsi olaraq görülməlidir. Dövlət başçımızın ünvanladığı mesajlar Ermənistan tərəfinin manipulyasiyalarının mənasız və əbəs yerə olduğunu göstərir. Eyni zamanda bu mesajlarda bir xəbərdarlıq da var və Nikol Paşinyanın dərhal öz böyük bacısı Makrona zəng etməsinin fonunda rezonans doğurduğunu da ifşa edir. Ünvanlanan mesajlar Ermənistanın alət olaraq qəbul edilməsi və regionda sülhə maneçilik, əngəl olması baxımından diqqəti cəlb edir. Həm də onu göstərir ki, bütün bunlar, yəni, işğalçı ölkənin alət olaraq qəbul edilməsi məhz Ermənistanın özü üçün daha real təhlükələr vəd edir. Görünən odur ki, ölkə rəhbərimizin ünvanladığı mesajlar tam yerinə düşüb və eyni zamanda da rəsmi İrəvanın, şəxsən Nikol Paşinyanın bunu anlaması fonunda əl-ayağa düşməsi ilə erməni cəmiyyətində, ən azında Ermənistan hakimiyyətində rezonans doğurub.

Müəllif: İnam Hacıyev

Избранный
46
1
sesqazeti.az

2Источники