Dünya boksunun canlı əfsanəsi Mayk Tayson rinqə qayıdır.
Xezerxeber.az xəbər verir ki, amerikalı idmançı 19 ildən sonra peşəkar döyüş keçirəcək. Onun rəqibi isə tanınmış yutuber Ceyk Pol olacaq.
Noyabrın 16-da ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki 80 min tamaşaçı tutumuna malik AT&T arenasında təşkil olunacaq döyüş Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Qarşılaşma 8 raunddan ibarət olacaq.
Boks gecəsində həmin görüşdən öncə daha 3 qarşılaşma keçiriləcək.
Qeyd edək ki, peşəkar karyerası ərzində 56 döyüş keçirən Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub.
Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20,8 milyon izləyicisi var.