RU

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

Bu gün İkinci Dünya müharibəsinin iştirakçısı, vaxtilə dövlət orqanlarında yüksək vəzilər tutmuş polis polkovniki, şair Azad Talışoğlunun 100 illik yubileyidir.

Kulis.az bu münasibətlə Ülfət Kürçaylının “Gecəyarı partapart” yazısını təqdim edir.

60-cı illərin ortaları idi. Yazıçı Salam Qədirzadəylə şair Qabil haradansa gəzə-gəzə gəlib çıxırlar Daxili İşlər Nazirliyi binasının yanına. Birdən Qabil deyir ki, bir Azada zəng vurum, kişiylə işim var. Azad Talışoğlu o dövrdə Daxili İşlər Nazirliyində pasportstolun müdiri vəzifəsində çalışırdı, həm milis polkovniki idi, həm də şair. Azman cüssəsinə baxmayaraq həlim təbiətli, dostcanlı bir kişiydi, şair tayfasının xətrini əziz tuturdu. Hansının işi düşsə kömək əlini uzadırdı.

Qərəz, Salam Qədirzadə Qabili fikrindən daşındırmaq istəyir ki, zəng eləyib Azad Talışoğlunu dəng eləməsin. Deyir, yaxşı deyil, necə olsa, polkovnik adamdı, işi-zadı olar. Qabil qulaq asmayıb cavab verir ki, o burdakılar üçün polkovnikdi, mənimsə dostumdu. Özü də saat birdi, bu kişi də hamı kimi fasiləyə çıxmalıdı, ya yox?! Sonra binaya daxil olub, birinci mərtəbədən Azad Talışoğluya telefon edir, calaşdırırlar. Qabilin gurultulu səsi otağı bürüyür. Deyir, Azad, mənəm, Qabil. Salam da yanımdadı, düş gəl, aşağıda səni gözləyirik. Böyür-ətrafda oturub mat-mat Qabilə tamaşa eləyən milis nəfərləri bu binada eşitməyə öyrəşmədikləri söhbətdən məəttəl qalırlar. Uzun çənə-boğazdan sonra Qabilin qırışığı açılır, gözlərini yumub məmnunluqla gülərək: “Sən Allah, Azad, yubanma, aşağıdayıq”, – deyib dəstəyi asır, çölə çıxıb Qədirzadəyə yaxınlaşaraq, “Hə, gəlir, düzəldi”, – söyləyir. Salam Qədirzadə soruşur ki, nə düzəldi, Qabil, sistemə girirsən? Qabil eyhamı başa düşüb deyir ki, əşşi yaxşı da, ay Salam, mənim orda nə işim var, ürəyim partlayar, kişini bu günlük sistemdən çıxardıram. Qədirzadə gülür.

On dəqiqədən sonra bazburutlu Azad Talışoğlu vahiməli polkovnik formasında qapıda görünür. Əl tutub görüşürlər. Daha məsələni çox uzatmayan polkovnik oyan-buyana baxa-baxa dostlarını böyürdə durmuş tutqun rəngli “QAZ-69”a dəvət edir. Qədirzadəylə Qabil arxada əyləşirlər. Azad Talışoğlu qabaqda sürücünün yanında oturub qapını çəkir, sonra geri çevrilib soruşur ki, “Drujba”ya gedək? Qabil deyir, nolar, elə “Drujba” yaxşıdı, gedək bir az eynimiz açılsın, bu hökumət işi qaçmır ki! Polkovnik xəbərdarlıq eləyir ki, bəs iclası var, elə eləsinlər, iki saata qayıda bilsin. Qabil tez: “Hə, çatdırarıq, iki saata iki dəfə gedib qayıtmaq olar”, – deyib kişini arxayın eləmək istəyir. Polkovnik çönüb zənlə Qabilə baxır, amma səsini çıxarmır, sonra sürücüyə “sür” deyib meşin oturacağa yayxanır. Sürücü motoru işə salıb yola çıxmaq istəyəndə Qabil arxadan polkovniki qucaqlayır ki, ay Azad, amma əvvəlcə sürsün Kömürçü bazarından çörək alaq, sonra gedək “Drujba”ya.

— Ay Qabil, deyirsən o boyda restoranda çörək tapılmayacaq bizə? – soruşur Talışoğlu.

— Yox, ay Azad, dağlı çörəyi götürək e, o yaxşıdı.

Polkovnik bir söz deməyib sürücüyə Kömürçü bazarının səmtini göstərir.

Bir azdan gəlib çatırlar bazara.

Polkovnik görür ki, yerindən tərpənən yoxdu. Qapını açıb deyir, siz oturun, indi gəlirəm. Qabil deyir, sağ ol e, ay Azad, səndən yoxdu. Talışoğlu yenə bir zənlə Qabilə baxıb maşından düşür, üz tutur bazarın qapısındakı qələbəliyə sarı. Birdən Qabil başılovlu qışqırır ki, xiyar, sən öləsən, xiyar çıxdı yadımdan. Başını pəncərədən çıxarıb bərkdən “Azad! Azad!” çağırmağa başlayır. Qədirzadə Qabilin ətəyindən dartıb nə qədər yalvarırsa ki, ayıbdı xiyarı neyləyirsən, xeyri olmur. “Yox, xiyarsız ləzzət eləməyəcək” deyən Qabil görür ki, Talışoğlu uzaqdadı, eşitməyəcək. Əl atır qabaqda sallanan mikrafona, ağzına tutub bərkdən çığırmağa başlayır. Maşının təpəsində quraşdırılmış iri səsucaldan Qabilin burnunda ucadan dediyi sözləri ətrafa yayır:

— Azad, Azad, xiyar yaddan çıxdı, bir az xiyar da götür!

Bütün ətrafdakılar yerində mıxlanıb milis maşınından çıxan bu əcaib sözlərə qulaq asmağa başlayırlar. Utandığından qulağına qədər qızaran Azad Talışoğlu abırdan başını qaldırmadan tələsik bazara girib gözdən itir. Bir azdan polkovnik bir əlində iki nazik təndir çörəyi, o biri əlində bir kilo parnik xiyarı gəlib oturur maşına. Daha bayaqkı biabırçılığın üstünü vurmayıb xırıltılı səslə astaca “sür parka” deyir. Bir az keçmiş Talışoğlu aradakı pərtliyi götürmək üçün zarafatla soruşur ki, Qabil, daha bir şey yaddan çıxmadı ki? Qabil deyir, yox, hər şey yaxşıdı, amma bir xahişim var, ay Azad, nolar, iki saatlıq çıxart o papağı başından, əşşi, adamı vahimə basır, amma incimə.

Talışoğlu bir ötəri sürücüyə baxır, milis papağını çıxarıb qoyur dizinin üstünə, əlləriylə seyrək saçını tumarlaya-tumarlaya: “O da mənim gözüm üstə, Qabil”, — deyib könülsüz gülümsəyir.

Xülasə, gəlib çıxırlar “Drujba”ya. Maşından düşəndə Qabil deyir ki, Azad, sürücünü burax, yazıqdı, gedib bu gün istirahət eləsin, özümüz gəzə-gəzə qayıdarıq. Talışoğlu deyir, Qabil, daha sözüm yoxdu sənə, ə, bayaqdan demirdin ki, iki saata iki dəfə gedib qayıdarıq?! Bəs maşınsız necə qayıdacağıq? Dedim axı, iclasa getməliyəm. Qabil: “Həə, düzdü, düzdü, çıxmışdı yadımdan”, — deyir. Talışoğlu üzünü sürücüyə tutub deyir ki, bir yerdə çörək yeyib burda gözlə, tez qayıdıram. Sonra pillələri qalxıb girirlər “Drujba”nın təntənəli zalına. Keçib otururlar bir tərəfdə, yemək sifariş eləyirlər. Parnik xiyarıyla dağlı çörəyini də çıxarıb verirlər ofisianta, doğrayıb süfrəyə gətirsin.

Çox keçmir ki, süfrə o dövrün hər cür naz-nemətilə doldurulur. Əlüstü tamadalığı əlinə alan Qabil ilk badəni Talışoğlunun sağlığına qaldırır və uzun bir nitq irad eləyir. İçirlər. Qabil görür ki, polkovnik badəni dolu qaldırıb dolu da qoydu yerə. Düşür kişinin üstünə ki, bəs inciyərəm, elə şey yoxdu. Talışoğlu ha deyir ki, bəs iclasa getməliyəm, yaxşı deyil, mümkün olmur, yüz cür dil töküb kişini yoldan çıxarıb içirirlər. Hər dəfə də bir mənalı sağlıq tapıb deyirlər ki, axrıncıdı, bunu da iç, daha içmə. Bir-iki saatdan sonra orkestr çalmağa başlayır. Kefləri lap durulur. Çox keçmir ki, Xəzərin, Talışın, dağların, dərələrin, şeirin, qardaşlığın sağlığına deyilən yanıqlı sağlıqlar bir-birini əvəz eləyir. Aradabir Talışoğlunu qaldırıb zorla oynatmaq da istəyirlər, amma polkovnik sayıqlıq göstərib hissə qapılmır və “Yox!” deyərək yerindən tərpənmir. Qələm dostlarının əhatəsində keçirdiyi hər xoş dəqiqə get-gedə Azad Talışoğlu üçün Daxili İşlər Nazirliyinin ürəksıxan divarları arasında keçiriləcək iclasın mahiyyətini bir qədər də kiçildir. Sonda bugünkü taleyiylə barışan polkovnik özünü tamamilə məclis üzvlərinin ixtiyarına buraxır.

Payızın son ayları idi... İşıqda restorana daxil olan üç dost dörd-beş saatdan sonra qaranlıqda oranı tərk edirlər. Restoranın qapısından qol-boyun çıxarkən kənardan seyr edən, kimin Qabil, kimin Talışoğlu, kimin Qədirzadə olduğunu dərhal kəsdirə bilməzdi. Biri zavallı polkovnikin papağını başına qoymuş, o biri poqonlu pencəyini əyninə keçirmişdi. Üçü də “ay lolu, ay lolu” oxuyaraq pillələri enirdilər. Daha doğrusu, pillələr özləri onları düşürürdü. Talışoğlu nə qədər çalışsa da, dəstənin başını maşına tərəf yönəldə bilmir. Elə deyirlər ki, gözəl gecədi, bir az da gəzişək. Asfaltdan çıxıb girirlər ağaclığa. Birdən Qabil polkovnikin böyründən sallanan qobura əlini uzadıb soruşur ki, Azad, heç atmısan bu tapançadan? Talışoğlu astaca deyir ki, atmışam, Qabil, əl vurma. Qabil yenə soruşur ki, Azad, oğruya, yoxsa quldura? Qədirzadə düşür Qabilin üstünə ki, gic-gic suallar vermə, bu kişinin işi başqadı. Qabil soruşur ki, adı nədi bunun, “TT”?

Talışoğlu nə qədər eləyir, tapançanın markasını yadına sala bilmir. Qabil soruşur ki, yaxşı, neçə gülləsi var bunun? Polkovnik deyir, nə bilim, deyəsən, yeddi. Qabil birdən yapışır Talışoğludan ki, qoy bir dəfə atım onu. Polkovnik qətiyyətlə “olmaz” deyib izah eləyir ki, güllələr saynandı, elə-belə atmaq olmaz. İkisi də başlayırlar yalvarmağa ki, qoy hərəmizə heç olmasa birini ataq. Axırda Talışoğlunun ürəyi yumşalır. Xətirlərinə dəyməyib deyir ki, onda tez eləyin, özü də göyə atarsınız. Qoburu açıb tapançanı hazırlayır. Hərəsi göyə bir-iki güllə buraxıb ürəyini soyudur. Partapart səsi ətrafda əks-səda verir. Razı halda gülüşüb yola çıxırlar ki, maşına tərəf getsinlər. Bir də görürlər sürücü qaça-qaça bunlara sarı gəlir. Çatıb soruşur ki, yoldaş polkovnik, atışma səsi eşitdim, nə olub? Talışoğlu əvvəlcə bilmir nə cavab versin, sonra deyir ki, ə boş-boş danışma, sür maşını bura gətir. Talışoğlunun üst-başını özünə qaytarırlar, sonra hamısı minir maşına. Polkovnik bu gün boynuna düşən son borcunu da yerinə yetirərək qələm dostlarını sağ-salamat gətirib çıxarır evlərinə, yəni Hüsü Hacıyev küçəsindəki yazıçılar binasına. Axırıncı dəfə marça-murç, qucaqlaşma başlayır. Qabil deyir, bağışla, ay Azad, qoymadıq səni bu gün iclasa getməyə. “Eyb etməz, Qabil”, — deyib Talışoğlu maşına minir, qapını bağlayır. Motor işə düşür. Polkovnik başını pəncərədən çıxarıb gülə-gülə deyir:

— Allah insaf versin, sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri.

Избранный
44
kulis.az

1Источники