RU

10 noyabr Bəyanatının imzalanmasından dörd il ötür

Fidan Hüseynova,

YAP Quba rayon təşkilatının sədri

Vətən müharibəsində Azərbaycanın Qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən tarix - 10 noyabr Bəyanatının imzalanmasından dörd il ötür. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 27 sentyabr 2020-ci il tarixdə Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün bunlarla yanaşı, Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın azad edildi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Üçtərəfli Bəyanat status-kvonu tam olaraq Azərbaycanın xeyrinə dəyişdi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.

44 günlük müharibə müddətində qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Məhz buna görə də, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini icra etmiş olacaq. 10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu. Və əlbəttə ki, Bəyanatın ölkəmizə verdiyi ən böyük üstünlüklərdən biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının təsbit olunmasıdır. O cümlədən Prezident İlham Əliyevin 2022-ci ilin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bütün bunların fonunda əminliklə deyə bilərik ki, hərbi əməliyyatlara son qoyan, bir çox mühüm məsələləri özündə ehtiva edən, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli üçtərəfli bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir.

Избранный
57
31
yeniazerbaycan.com

10Источники