RU

“İqlim maliyyələşməsi təmin edilərsə...” — Azərbaycandan yeni təşəbbüs

Azərbaycan İqlim Maliyyəsi Fəaliyyət Fonduna töhfə vermək üçün müvafiq məbləğdə vəsait ayıracaq. Azərbaycanın maliyyə naziri Samir Şərifov COP29-un Maliyyə, investisiya və ticarət günü çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının (The Coalition of Finance Ministers for Climate Action) xüsusi iclasında çıxışı zamanı bildirib ki, fondun yaradılmasının təşəbbüskarı da Azərbaycandır. Nazir qeyd edib ki, fondun vəsaitləri karbohidrogen yanacaqları istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü ianələr əsasında formalaşdırılır: “Yığılan həmin vəsaitlər, iqlimlə əlaqəli layihələrin maliyyələşməsinə, bərpa olunan enerji mənbələrinin təşviq edilməsinə və yeni iqlim həlləri üzrə araşdırmaların və tədqiqatların dəstəklənməsinə yönəldiləcək.

S. Şərifov iqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının fəaliyyətini və Koalisiyanın növbəti iclasının COP29 çərçivəsində Bakı şəhərində keçirilməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, Koalisiyaya son 6 ayda 5 yeni ölkə qoşulub, bu da onun artan təsirini və nüfuzunu göstərir. Eyni zamanda, Azərbaycanın Koalisiyaya qoşulmasından qısa müddət keçməsinə baxmayaraq, əməkdaşlığın genişləndirilməsində öz marağını ifadə edir.

Nazir eyni zamanda elan edib ki, Azərbaycan Beynəlxalq Valyuta Fondunda (İMF) özünə məxsus olan xüsusi borclanma hüquqlarını Fondun idarəedilməsinə verilməsi nəticəsində əldə olunacaq gəlirlər hesabına İMF-nin məqsədli fondlarına vəsait ayıracaq ki, bu da iqlim dəyişikliklərinin yaratdığı mənfi fəsadların qarşısının alınması və aradan qaldırılmasına və həmin ölkələrdə yoxsulluğun azaldılmasına xidmət edəcək.

İqtisadçı Rəşad Həsənov belə bir fondun yaradılmasının təqdirəlayiq ideya kimi dəyərləndirib. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, bu fondun maliyyələşməsi təmin edilərsə, məqsədlər üzrə xərcləmələr və iştirakçılıqda şəffaflıq təmin olunarsa, iqlim dəyişiklikləri istiqamətində yaranmış təzyiqlərin neytrallaşmasına töhfə vermək olar: 

“Bu, Azərbaycan vətəndaşları üçün də vacib məqamlardan biridir. İkinci məsələ ayrılacaq vəsaitin məbləği ilə bağlıdır. Bu məbləğ məlum olmadığı üçün hələlik büdcəyə təsirindən danışmaq tezdir. İstənilən halda əsas məsələ Azərbaycanın verəcəyi ilə alacağı arasındakı müqayisənin aparılmasıdır. Azərbaycan bu fondun fəaliyyətində donor kimi iştirak edəcəksə, ayrılan vəsaitin məbləğindən asılı olaraq bu müəyyən  maliyyə yükü yarada bilər. Amma Azərbaycan ölkədə yaşıl transformasiyanın, dayanıqlı iqtisadiyyata keçidin ətraf mühitə təsirlərin azaldılması istiqamətində prioritetləri dəstəkləmək məqsədilə bu  fonddan vəsaitlər cəlb edərsə, layihələr icra edərsə, bu zaman prosesdən daha çox fayda əldə edə bilər. Burada digər bir məqam da şəffaflıq məsələsidir. Vəsaitlər məqsədlər üzrə xərclənməlidir. Vəsaitin qeyri-səmərəli layihələrin icrasına yönəldilməsi prosesə töhfə verməyəcək”.

Törə Zeynallı
Demokrat.az

Избранный
34
demokrat.az

1Источники