RU

"Qızı əsgər kimi böyüdüb, oğlanı gəlin kimi nazlandırırlar" - VİDEO

"Mən demişəm ki, təəssüf ki, kişiləri yetişdirən biz qadınlarıq. Qadınlar da etdikləri səhvləri nəsildən nəsilə ötürürlər".
 
Moderator.az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" verilişində Əməkdar artist Lalə Məmmədova deyib.
 
O bildirib ki, oğlan uşaqları əsgər kimi böyüdülməlidir:
 
"Çox yaxın tanışımın bir qız, bir oğlan övladı var. Qız oyanan kimi anası qışqırır ki, yerini yığmamısan, yekə qızsan, sabah evlərə düşəcəksən. Amma oğul 12-də oyanır, deyir, sənin üçün nə bişirim? Yeri yığma, ayıbdır, kişi yer yığmaz, paltarları ütülənir. Amma qız paltarlarını özü ütüləməlidir, hələ atasına, qardaşına, anasına qulluq etməlidir. Bunu bir mənada anlayıram. Elə bil ki, qızı əsgər kimi böyüdürlər, oğlanın gəlin kimi nazı ilə oynayırlar. Xeyir ola? Bu, bir çox ailələrdə var. Oğlan uşağı ilə qız bir ailədə böyüyürlər, ev oğula qalır. Qız isə ərə gedər, ərinin evi olar, deyirlər.  Kirayə qalacaq, ya necə olacaqsa, artıq bu evdən çıxır. Qızı evdə qonaq kimi böyüdürlər. Bir nəsili qadın yetişdirir. Qadın savadlı olanda nəsil də savadlı olur. Hacı Zeynalabdin Tağıyev əbəs yerə qızlar seminariyası açmadı. Ya da geridə qalmış ölkələrdə müharibə bitmir. Çünki qadınların təhsili, savadı yoxdur. Onlar da savadsız nəsil böyüdürlər. Çünki o övladlar da anaya bağlı olur. Müəyyən yaşdan sonra müstəqil həyata keçir. Savadsız ana uşağa nə versin? O müstəqil həyata da savadsız, kor-koranə gedir. Çoxlu səhvlər edir. Mən oğlanlara qarşı deyiləm. Lakin ailədə evi oğlana saxlayırlar. Halbuki oğlanı əsgər kimi yetişdirməlisiniz, onu həyata buraxmalısınız ki, get özün qazanmalısan, bunu özün əldə etməlisən. O oğlanların özgüvənini görürsünüz? Hansı ki, kasıb ailələrdən çıxıblar, lakin öz zəhmətləri ilə, nələrisə əldə ediblər. Artıq yetkin insana çevriliblər. O, yarı-yarımçıq, yazıq qızların nə təhsili olur, savadsız ana böyüdür, olur savadsız qız, sonra kiminsə əlinə düşür. Qızı savadlı yetişdirmək lazımdır. Demək olmaz ki, sabah evlərə düşəcəksən. Belə deyəndə beyninə yeridirsən ki, sabah sənin ərin olacaq, həyatın ərdən və uşaqlardan ibarət olacaq. Ona görə də cəmiyyətdə çox axsaqlıqlar olur. Qadınlarımız savadlı olsa, öz ayaqlarının üstündə dura bilsələr...  Fikirləşməsin ki, ev qardaşımındır, mənə nəsə çatmayacaq. Özgüvənsiz olur, sıfırdan başlayır, boşanan kimi övlad da böyütməlidir, həm də ev almalıdır. Düşünürəm ki, ailədə qıza savad və ev verilməlidir. Oğlan isə özü etməlidir, eybi yox, təhsilinə ailə kömək olsun. Bu həyat üçün yetişdirmək lazımdır. Oğul böyüyür, onun kiminlə evlənəcəyinə ata qərar verir. Ailə işlərini də ata-anası həll edir. Valideynlər öləndən sonra o kişi arvadı özünə ikinci ana hesab edir. Elə də məhv olub gedirlər. Övladları böyüdən ata-analar bunu düşünmürlər. Çünki, bu, eqodur. Həmin o qız ki var, bu münasibəti görür, sonra övlad sahibi olur, oğlunu da anasından gördüyü kimi böyüdür. Fikirləşmir ki, başıma bunlar gəlib, heç olmasa oğlumu kişi kimi böyüdüm, özümdən asılı insan parçası kimi yox. İndi iki qızım var, fikirləşirəm ki, Allah, qismət et, ikisinə də ayrı-ayrı ev alım. Bilirsiniz niyə? Kişilərdə o xasiyyət var da, nikahdan sonra qadını ata-anasından ayırıb evinə gətirəndə arxayınlıq yaranır. Hətta o qadına qarşı kobudluğa, saymazlığa başlayır.  Beynində də o var ki, kimin üstünə gedəcək? Ata-ana da qızına deyir ki, sən Allah bizim üstümüzə gəlmə. El-oba nə deyər? O dövrün düşüncəsidir. Əgər qızların savadı, evi, işləri olsa, kişilər də onlarla o cür davranmazlar. O kişi biləcək ki, onun gedəsi yeri var, o olmasa da, qadın öz ayağının üstündə duracaq, balans kobud şəkildə pozulmayacaq. Eyni tempdə gedəcəklər, ikisi də bir-birilərinə hörmətlə yanaşacaq".

 
 
 
Избранный
23
6
moderator.az

7Источники