RU

Paşinyan Konstitusiya dəyişikliyindən qaçmaq üçün təzə “əsaslar” tapıb...

Image

Afsəddin Nəbiyev: “Nikolun bu tələbi rədd etməsi cəmiyyətin deyil, böyük ağalarının sifarişidir”

Ermənistan baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına dəyişikliklə bağlı Azərbaycanın tələbini rədd edib. 

O bunu öz aləmində belə əsaslandırıb: “Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı haqqında iddiaları Ermənistan Respublikasının Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə ümumi istinadın mövcud olması, bu bəyannamədə isə, öz növbəsində, Dağlıq Qarabağın adının çəkilməsi faktına əsaslanır”. 

Nikol xatırladıb ki, Ermənistanın Konstitusiya Məhkəməsi 2024-cü ilin sentyabrında verdiyi qərarda Müstəqillik Bəyannaməsinə olan bu istinadın yalnız Konstitusiya maddələrində əks olunan müddəalara aid olduğunu təsdiq edib: “Konstitusiya mətnində Dağlıq Qarabağın adı nə birbaşa, nə də dolayı yolla çəkilmir. Həmçinin, qeyd etmək lazımdır ki, Müstəqillik Bəyannaməsi və Konstitusiya arasında onları qəbul edən subyektlər baxımından aydın bir iyerarxik fərq mövcuddur. Müstəqillik Bəyannaməsi Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilibsə, Konstitusiya beynəlxalq səviyyədə tanınmış suveren dövlət olan Ermənistan Respublikasının xalqı tərəfindən qəbul edilib”.

“Bu baxımdan Azərbaycan dövləti bu tələblərdən qətiyyən geri duran deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Ermənistanın siyasi rəhbərliyi siyasi alət olduqları dövlətlərin göstərişlərini yerinə yetirməklə bölgədə yaranmış sülh şansını dəyərləndirə bilmir: “Biz erməni xislətinin nədən ibarət olduğunu çox yaxşı bilirik. Son 200 ildə Cənubi Qafqaza yerləşdirilən ermənilər  sülhə tarixi şərait yarandığı bir vaxtda şansı dəyərləndirmək əvəzinə, gələcəyə hər zaman yeni bir münaqişə ocağı saxlayırlar. Çünki bu dövlət təbii yaranmış dövlət deyil, süni şəkildə yaradıldığı üçün  dövlətçilik ənənələri mövcud deyil. Biz müharibələr tarixinə baxsaq görürük ki, bütün müharibələrin, münaqişələrin sonu sülhlə bitir, qalib dövlət məğlub dövlətə öz şərtlərini irəli sürür. Məğlub olmuş tərəf qalib dövlətin şərtlərini qeyd-şərtsiz yerinə yetirir. İşğal dövründə qarşı tərəfə vurduğu ziyana görə təzminat ödəyir. Ancaq biz indi görürük ki, sən demə ermənilər beynəlxalq subyektin tərəfi deyil, bu xalq "seçilmiş" xalq olaraq hər məsələdə istisnadır. Fransa, Kanada kimi dövlətlər Ermənistanı haqsız yerə müdafiə etməklə heç bir ölçüyə sığmayan presedent  yaratmaq istəyirlər. Ancaq bu mümkündürmü? Əlbəttə mümkün deyil. Azərbaycan dövləti Ermənistana çox sadə şərtlər irəli sürür. Azərbaycan dövləti Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının müəllifi olaraq gələcək nəsillərə münaqişə ocağı buraxmaq istəmir. Bizim haqlı tələblərimizdən biri ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən  bəndlər çıxarılsın. Paşinyanın bu tələbi rədd etməsi cəmiyyətin deyil, böyük ağalarının sifarişidir. Bu baxımdan Azərbaycan dövləti bu tələblərdən qətiyyən geri duran deyil. Biz gələcək nəsillərə münaqişə ocağı buraxmayacağıq. Sülh hamıdan çox izolyasiya şəraitində olan Ermənistana lazımdır. Nə qədər bu addımları tez atsalar, ən çox qazanan tərəf onlar ola bilər. İndi seçim onlarındır”.

Vidadi ORDAHALLI 





Избранный
52
baki-xeber.com

1Источники