RU

Azərbaycan millisi D liqasına hansı halda düşə bilər?

Azərbaycanın futbol üzrə milli komandası sabah Millətlər Liqasında 5-ci turun oyununa çıxacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşdə milli komandamızın rəqibi Estoniya olacaq.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan millisinin həm çıxış etdiyi 1-ci qrupda, həm də ümumən yarışdığı C liqasında durumu yaxşı deyil. Fernandu Santuşun komandası keçirdiyi 4 oyundan 1 xal belə qazana bilməyib və bu nəticə ilə qrupda sonuncu yeri tutur. Milli komandamızın qarşıda iki oyunu var: 16 noyabrda evdə Estoniya, 19 noyabrda isə səfərdə İsveçlə.

Azərbaycan millisi hazırkı nəticəsi ilə C liqasında ən bərbad göstəriciyə malik iki komandadan biridir. Digər komanda isə bizim kimi sıfır xala malik Litvadır. Bu nəticə bizi D liqasına yaxınlaşdırır. Qeyd etmək yerinə düşər ki, milli komandamız Millətlər Liqasında çıxış etdiyi bütün dövrlərdə belə acınacaqlı durumda olmayıb.

Millətlər Liqasının əsasnaməsinə görə, C liqasında ən zəif nəticə göstərən 2 komanda avtomatik D liqasına düşür. Onları C liqasında D liqasının qrup qalibi olan 2 komanda əvəzləyir.

C liqasında 4-cü yeri tutanlar arasında ən yaxşı nəticəyə malik 2 komanda isə D liqasında 2-ci yeri tutan 2 komanda ilə 2 pley-off matçı keçirir (evdə və səfərdə). Pley-off cütlükləri püşkatma yolu ilə müəyyən edilir.

C liqasında 4 turdan sonrakı xal durumuna əsasən, 4-cü yeri tutan 4 komanda arasında vəziyyət belədir:

Latviya - 4 xal

Lüksemburq - 2 xal

Litva - 0 xal

Azərbaycan - 0 xal

Yəni əgər qrup mərhələsi indi yekunlaşardısa, Litva və Azərbaycan milliləri D liqasına düşər, Latviya və Lüksemburq isə pley-pff matçı keçirərdi.

Beləliklə, hazırkı sıralamadan da göründüyü kimi, əgər Azərbaycan millisinin qarşıdakı iki matçdakı nəticələrində dəyişiklik olmasa (ən azı 1 qələbə mütləqdir) bu halda, milli komandamız ən aşağı nəticə göstərmiş iki komandadan biri olacaq və avtomatik D liqasına düşəcək.

C liqasından fərqli olaraq, D liqasında isə 4 yox, 2 qrup var (hər birində 3 olmaqla 6 komanda) .

Hazırda D liqasında vəziyyət belədir:

1-ci qrup

1. Cəbəllütariq - 3 oyun, 5 xal

2. San-Marino - 2 oyun, 3 xal

3. Lixtenşteyn - 3 oyun, 2 xal

2-ci qrup

1. Moldova - 3 oyun, 6 xal

2. Malta - 3 oyun, 6 xal

3. Andorra - 2 oyun, 0 xal

Əgər yarış indi bitərdisə, Cəbəllütariq və Moldova birbaşa C liqasına vəsiqə qazanar, San-Marino və Malta isə pley-off oyunu keçirərdi.

Избранный
33
3
axar.az

3Источники