RU

Azərbaycan dünyanın mərkəzinə çevrilib

Dövlət başçısı İlham Əliyev Liderlər Sammitində  Azərbaycanı COP29-a aparan yoldan geniş bəhs edərək bu hədəfi açıqladı ki,  COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda,  realist olmalıyıq

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini uğurla davam etdirir. Dünyanı Bakıya toplayan COP29 qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin roluna,  Azərbaycanın bu istiqamətdə töhfələrinə işıq salır. Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin COP29-un Liderlər Sammitində, həmçinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində səsləndirdiyi çağırışlardır. COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi  Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü bildirən cənab İlham Əliyev ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildiyini, bu qərarın ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi gördüyümüzü diqqətə çatdırdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın dünyanı narahat edən, o cümlədən iqlim dəyişmələri ilə bağlı problemlərə nə qədər böyük həssaslıqla yanaşdığını təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil: “Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.”

Azərbaycan  beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Tarixi Zəfərimizdən sonra “yaşıl artım” ölkəsinə çevrilmək əsas prioritetlər sırasındadı. Belə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənərək qarşıya qoyulan hədəflərə doğru inamlı addımlar atılır.  2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildi.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Əsas hədəf  2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasıdır.  İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olundu. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyib. Dövlət başçısı İlham Əliyev Liderlər Sammitindəki çıxışında bütün bu məqamlara bir daha diqqəti yönəltdi.

Sammitdə səsləndirilən fikirlər bu qənaətə əsas verdi ki, səylərin birləşdirilməsi, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün maliyyə  əsasdır. “COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Əminəm ki, buna birlikdə nail olacağıq”  söyləyən BMT-nin Baş katibi Antonio Quterreş onu da əlavə etdi ki, yeni maliyyə imkanları və bu istiqamətdə beş əsas element lazımdır. Birincisi, dövlət investisiyalarının kəskin şəkildə artırılmasıdır. Dövlət investisiyaları səfərbər olunmalı, inkişaf edən ölkələrə trilyon dollarlarla vəsait ayrılmalıdır: “İnnovativ resurslar, xüsusən aviasiya, karbohidrogen mədən işləridir və buna görə də çirkləndirici tərəflər “daha çox ödəməlidir” prinsipinə əsasən ödəməlidir. Şəffaflıq, hesabatlılıq olmalıdır ki, həqiqətən də bu vəsait reallaşsın. Bu işə daha böyük çoxtərəfli banklar cəlb edilməlidir və əminəm ki, yaxşı xəbərlər olacaq. Burada böyük kapital qoyuluşu səylərinə və biznes modellərin islahatlarına ehtiyac var ki, onlar özəl sektordan əlavə vəsait ala bilsinlər. Bu resurslar çatışmayan kimi görünə bilər, amma onlar çoxtərəfli sistemdə böyüyə bilər. Böyük nəticələr böyük dəyişikliklər tələb edir. Beləliklə, sentyabr ayında Nyu-Yorkda əldə etdiyimiz konsensusa əsasən irəli getməliyik.”  Antonio Quterreş  bütün dövlət nümayəndələrinə müraciət edərək bildirdi ki, artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda, bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır.

Çoxtərəfliliyin tərəfdarı olan Azərbaycan hər zaman əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına, çoğrafiyasının genişləndirilməsinə səy göstərir. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar  belə  düşünməyə əsas  verir ki,  iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik.  Ölkəmiz mədəniyyətlərarası dialoqda fəal rol oynayır.  BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə  iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edilir. Multikulturalizm  dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin fevralında keçirilən  prezident seçkilərində inamlı qələbəsindən sonra  andiçmə mərasimində bu çağırışı etdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir: “Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.”

Prezident İlham Əliyev xarici siyasət uğurlarımıza, bu günədək ev sahibliyi etdiyimiz tədbirlərin yüksək səviyyədə keçirilməsinə söykənərək  ilk gündən bu əminliyi ifadə etdi ki, COP29 ölkəmizin növbəti böyük uğuru olacaq. Bu çağırış da edildi ki, tədbir çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. COP29 çərçivəsində noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi də bunun təsdiqi oldu. Cənab İlham Əliyev Sammitdəki çıxışında bildirdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edən cənab İlham Əliyev qeyd etdi  ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır. Çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəmədi və bu gün də əsirgəmir.  Bu ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə bu mühüm məqam xüsusi qeyd edilmişdi ki, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq çox əhəmiyyətlidir.

Azərbaycanın prioritetləri sırasında  iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək xüsusi yer alır. Ölkəmiz  inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi.

Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik olan  Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. Yuxarıda da qeyd etdiyimiz kimi, 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Xatırladaq ki, bu məqsədlər üçün Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» və Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji» zonası üçün konseptual layihələr hazırlanıb. Müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal yaşıl enerji zonası konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.

Azərbaycan həmişə olduğu kimi, qarşıdakı illərdə də ölkəmizlə əməkdaşlıq etmək istəyənlər üçün «açıq qapı» siyasətinə sadiqdir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də  potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq. Ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunun builki iclasında da Azərbaycanın malik olduğu yaşıl enerji potensialı geniş müzakirə edildi. Azərbaycan Davosda yaşıl enerji təchizatçısına çevrilmək üçün ortamüddətli hədəflərini açıqladı. Davos İqtisadi Forumu çərçivəsində keçirilən "COP28 və Qarşıdakı Yol" sessiyasında Azərbaycanın yaşıl enerji təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin dayanıqlı enerji potensialı barədə məlumat verilmişdi. Sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsinin əhəmiyyəti vurğulanmışdı.  COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarını və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlim dəyişiklikləri üzrə çağırışlara verəcəyi töhfələr barədə ilkin gözləntilər ifadə olunur. Prezident İlham Əliyev  hələ bu ilin əvvəlində  yerli televiziya kanallarına müsahibəsində 2024-cü ildə Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi edəcəyini vurğulayaraq bildirmişdi ki, ölkəmiz  COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu,  dünyanın bir nömrəli beynəlxalq tədbiridir,  konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir.

Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza  iqtisadi və siyasi dividend gətirən «Əsrin müqaviləsi»nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan enerji layihələrini icra etməklə neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır.

Azərbaycan hazırda neft ölkəsi kimi ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan  bu istiqamətdə mühüm addımlar atır. Bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmır.  COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada görür.   COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Tədbirə 196 ölkədən 72 min iştirakçı qatılıb.  Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb.

Müstəqilliyimizin bərpasından ötən 33 ilin  təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir.  Azərbaycanın yaşıl enerjisinə bir çox ölkələr maraq göstərir. Təkcə Almaniya Azərbaycanın bərpaolunan enerji mənbələrinə təxminən 1 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır.

Ümumilikdə bütün dünyanın diqqəti ötən ilin dekabrından Azərbaycana yönəlib. COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən bu günədək təhlillərə, söylənilən rəylərə diqqət yetirəndə Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğunu görür və bundan böyük qürur hissi keçiririk. Bu uğurlarımızın hər biri düşünülmüş və məqsədyönlü siyasətimizin nəticəsidir. Azərbaycan daim yeni çağırışları həyata keçirməklə bütün sahələrdə zəngin təcrübə qazanıb. COP29 bunun  bir daha təsdiqidir. COP29-un Liderlər Sammitində “COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində belə bir çağırışı etdi ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

Yeganə Əliyeva, “İki sahil”

Избранный
72
50
ikisahil.az

10Источники