RU

Bakının siyasəti açıq və aydındır  - RƏY 

Ermənistanın sülh sazişində iki hədəfi baş tutmadı

Paşinyanın “strateji saziş” açıqlaması sülh müqaviləsindən sonrakı dövrdə “zəmanət qazanmaq” məqsədi daşıyır


  Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan "strateji sövdələşmə" məsələsini gündəmə gətirib. Baş nazir bəyan edib ki, sülh şəraitində yaşamaq üçün Ermənistan və Azərbaycan arasında təkcə müqavilənin deyil, həm də gələcək əsrlərdə müstəqil dövlətlər kimi yaşamağın formuluna dair strateji sövdələşmənin bağlanması zəruridir. Paşinyan "strateji sövdələşmə" ilə bağlı müəyyən fikirlərinin olduğunu demişdi. Azərbaycan Xarici İşlər Nazirliyindən isə vurğulanıb ki, danışıqlar prosesinin iki komponenti var. Biri fiziki görüşlər, digəri isə sənədlər üzərində işləməkdir. Hazırda Azərbaycan tərəfi COP29-la məşğul olduğu üçün dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. Lakin sənəd üzərində iş davam edir və proses dayanmayıb. 
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, N.Paşinyanın “strateji saziş” açıqlaması sülh müqaviləsindən sonrakı dövrdə “zəmanət qazanmaq” məqsədi daşıyır. Analitikin fikrincə, bu, sülh müqaviləsinin Ermənistanın maraqlarını və istəklərini tam ifadə etmədiyindən xəbər verir:

"İrəvanın Bakı ilə münasibətlərin qurulmasında iki strateji hədəfi var. Birincisi, kommunikasiyanın “suveren prinsiplərə” uyğun açılması – Zəngəzur dəhlizinin verilməməsi, ikincisi isə sərhədi SSRİ dağılanda mövcud olan xətlərə - hazırkı Ermənistanın sərhədləri çərçivəsində müəyyənləşdirməkdir. Ermənistanın sülh sazişində hər iki hədəfə nail olmaq cəhdləri baş tutmadı. Hər iki məsələ sazişin imzalanmasından sonrakı dövrə saxlanılıb. Birinci məsələdə - kommunikasiyanın açılmasında “ortaq məxrəcə” gəlmək mümkünsüz deyil. Məsələn, Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməklə müəyyən nəticə əldə edilə bilər. İstisna deyil ki, İrəvanın Bakıya göndərdiyi təkliflər arasında bu da möcuddur. İkinci məsələ Ermənistan üçün “mövcudluq” prinsipi daşıyır. Qərbi Azərbaycan məsələsi Bakının gündəliyinə daxildir və sərhəd müəyyən edilmədiyi müddətdə ermənilərin Paşinyanın dediyi kimi, “kadastrı” olmayacaq. Paşinyan qoşunların “güzgü prinsipi” üzrə geri çəkilməsinə, sərhəddə “nəzarət mexanizmi” yaradılmasına, “qarşılıqlı hücum etməmək paktının” imzalanmasına nail ola bilməyib. Görünür, bu məsələlər müzakirə edilən sülh müqaviləsində İrəvanın istədiyi formada əksini tapmır".
  Ekspertin qənaətincə, Ermənistan təklif etdiyi “strateji saziş”də bu məsələlərin yer almasını – mövcud sərhədlərinin saxlanılmasını istəyir: "Hərçənd, texniki olaraq iki dövlət arasında hansısa strateji sazişin imzalanması üçün öncə sülh sazişi imzalanması, münasibətlər normallaşmalıdır. Paşinyan erməni ictimaiyyətinə sülh sazişi ilə bağlı atılacaq addımların və niyə bu addımları atacaqlarının anonsunu verir. Çünki tərəflərin dekabrda sülh müüqaviləsi mətninin müzakirəsinə qayıdacağı gözləntisi var. Paşinyanın danışıqlar öncəsi “real Ermənistan” konsepsiyasını yenidən önə sürməsi də buna hesablanıb. Bu konsepsiya özündə qonşu ölkələrə qarşı ərazi iddialarından və bunun əks olunduğu normativ-hüquqi aktlarından imtina edilməsini ehtiva edir. Baş verənlər fonunda Bakı və İrəvan arasında münasibətlərin normallaşması motivi üzrə gedən danışıqların dərinliyində Ermənistanın gələcək mövcudluğu, yaxud hansı sərhədlər çərçivəsində mövcudluğu yatır".

Избранный
16
sherg.az

1Источники