Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) kosmik texnologiyalardan istifadə etməklə iqlimlə bağlı boşluqların aradan qaldırılması üçün üç əsas istiqamət təklif edir.
Redaktor.az xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən Dünyanın Kosmik Liderlər Zirvəsində Agentliyin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, bunlardan birincisi kosmik agentliklər və təşkilatlar arasında ümumi iqlim strategiyalarının hazırlanması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsidir:
"İkincisi, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Space2030 Agenda” hədəflərinə fəal töhfə verməkdir ki, bu məqsədlərə kosmik iqtisadiyyatın inkişafı, kosmik cəmiyyət, kosmosa çıxış və kosmik diplomatiya daxildir. Üçüncüsü isə kosmosa əsaslanan praktik həllərin müəyyən edilməsi və həyata keçirilməsi, tərəqqinin monitorinqi və hesabat mexanizminin yaradılması və şəffaflığın təmin edilməsidir".
Saməddin Əsədov qeyd edib ki, dünya davamlı gələcəyə doğru irəlilədikcə, kosmik texnologiya planetin monitorinqi və onun resurslarının məsuliyyətli idarə edilməsi üçün əvəzsiz alətə çevrilib:
“Azərkosmos” olaraq kosmik texnologiyalardan istifadə və beynəlxalq əməkdaşlığı təşviq etməklə iqlim dəyişikliyi ilə bağlı qlobal səviyyədə boşluqları müəyyən etməyə sadiqik. Biz başa düşürük ki, qlobal kosmos birliyi davamlı təcrübələri qəbul etmək və dövrümüzün aktual çağırışlarının həlli yollarını tapmaq üçün birləşməlidir".