RU

COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib

Bakı, TurkicWorld

COP29 prezidenti Muxtar Babayev 2024-cü il noyabrın 16-da Azərbaycan Milli QHT Forumunun Yaşıl Zonada yerləşən pavilyonuna baş çəkib.

TurkicWorld xəbər verir ki, COP29 Təşkilat Komitəsinin üzvü, AMQF-nin İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva pavilyonda yaradılan şərait barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan QHT-ləri COP29-da yüksək fəallıq nümayiş etdirir, mühüm təqdimatlar keçirir, xarici tərəfdaşları ilə birgə beynəlxalq tədbirlər təşkil edir. Artıq Azərbaycan tərəfinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin, COP28, COP29, COP30 ölkələrinin üçlük formatında vətəndaş cəmiyyəti təsisatlarının birgə konfransları təşkil olunub.

O da diqqətə çatdırılıb ki, qarşıdakı günlərdə Xəzər dənizinin ekologiyası mövzusunda Xəzəryanı ölkələrinin QHT-lərinin ayrıca beynəlxalq konfransı keçiriləcək. COP29 çərçivəsində həmçinin türk dövlətlərinin QHT-lərinin təşkilatlanması prosesi gedir, ortaq tədbirin keçirilməsi planlaşdırılır.

M.Babayevə məlumat verilib ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasına artıq 100-ə yaxın ölkədən 410-dan çox QHT qoşulub.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı Agentliyin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə elan etdiyi "COP29: beynəlxalq təşəbbüslər" qrant müsabiqəsinin bütün qalib QHT-lərinin layihələr çərçivəsində Milli QHT Forumu Pavilyonunda xarici tərəfdaşları ilə birgə tədbirləri olduğunu, bu tədbirlərin uğurla keçirildiyini bildirib.

COP29 prezidenti Muxtar Babayev Azərbaycan QHT-lərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Избранный
1
8
turkic.world

9Источники