Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq, o cümlədən 26 milyard 472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,9 % artıb.
10 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 %-i ərzaq məhsullarının, 4,3 %-i içkilər və tütün məmulatlarının, 14,2 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,1 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,6 %, fərdi sahibkarlar üzrə 0,7 %, bazar və yarmarkalarda 3 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 473,9 manatlıq, o cümlədən 259,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 214,4 manatlıq qeyri-ərzaq malları alıb.