RU

COP29-un ilk həftəsində imzalanan enerji layihələri – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

İqlim dəyişməsi bu həftə Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinin əsas mövzusu olub. Tam adı ilə desək, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası. 10 sözün birləşməsindən əmələ gəlmiş bu tədbirə dünya miqyasında 194 ölkə və ayrıca Avropa İttifaqı da qoşulub.

BMT iqlim dəyişmələrini nə zaman hiss edib?

BMT daxilində iqlim dəyişikliyi ideyası ötən əsrin 80-ci illərinin sonlarında yaranıb. 1988-ci ildə BMT-nin qərarı ilə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel yaradılır. Ekspertlər qlobal iqlim dəyişikliyinin antropogen xarakterini sübuta yetirib və bunun qarşısını almaq üçün qətiyyətli addımlar atmağa çağırış ediblər.

1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul edilir. Bu konvensiya iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa doğru ilk addım hesab edilir.

Konvensiya ölkələri istixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə üçün birgə tədbirlər görməyə çağırır.

COP-lar

BMT çərçivəsində Qlobal İqlim Dəyişiklikləri üzrə Tərəflərin ilk Konfransı - COP1 1995-ci ildə Berlində baş tutdu və o vaxtdan bəri hər il iştirakçı ölkələrin nümayəndələri istixana qazları emissiyalarını azaltmaq və dəyişən iqlimə uyğunlaşmaq üçün yeni həll yollarını hazırlamaq üçün bir araya gəlməyə başlayılar.

COP1-in mühüm aspekti şəffaf məlumat mübadiləsi və qabaqcıl təcrübə mexanizmlərinin yaradılması, eləcə də emissiyaların azaldılması üzrə milli strategiyaların hazırlanması yönümündə atılan addımlar olub. Bu konfrans iqlim dəyişikliyi üzrə qlobal dialoq və əməkdaşlığın başlanğıc nöqtəsinə çevrilərək bütün sonrakı COP-ların əsasını qoydu

İqlim dəyişmələri üzrə BMT müstəvisində Berlindəki ilk konfransdan 2015-ci ildə COP21-də qəbul edilmiş tarixi Paris Sazişinə qədər mühüm inkişaf yolu keçilib. Bu dövr bir sıra mühüm hadisələrlə, o cümlədən 1997-ci ildə inkişaf etmiş ölkələr üçün ilk dəfə olaraq qanuni olaraq məcburi olan istixana qazı emissiyalarının azaldılması hədəflərini müəyyən edən COP3-də Kioto Protokolunun qəbulu ilə də yadda qalıb.

Yəni iqlim dəyişmələri BMT divarları arasında artıq 36 ildir ki, müzakirəsi davam edən uzun bir prosesdir və sözün düzü nə zaman bitəcək və bitəcəkmi indidən demək çətindir.

Dubayda ötən il keçirilən COP28 onunla yekunlaşmışdı ki, ölkələr yekdilliklə bu qərara gəldillər ki, əgər 2015-ci ildə imzalanmış və 2016-cı ilin noyabrında hüquqi qüvvəyə minmiş Paris sazişinin, yəni planetin temperaturunun qızmasının 1,5 dərəcədən çox həddən yuxarı olmaması üçün kömür, neft və qazın çıxarılmasına xitam vermək lazımdır. Qeyd edim ki, COP28-ə hazırlıq ərəfəsində artıq Avropa İttifaqı qalıq yanacağından 2050-ci ildən tam imtina edəcəyini elan etmişdi.

İqlim dəyişmələri və kapital

Amma əsas məsələ kimin nə zaman Yerin altındakı enerjidən imtina eləməsinə bağlı deyil. Onun Yerin üstündə olan enerji ilə tam əvəzlənməsinə keçidi üçün lazım olan kapitaldır. Məsələ burasındadır ki, ənənəvi enerji ehtiyatları Yer kürəsində çox qeyri-bərabər paylanıb. Dünyanın təqribən 65%-nin o ehtiyatlara çıxışı yoxdu, özünü tam olaraq enerji resursları ilə təmin edən ölkələrin sayı isə xeyli azdır. Amma hesab edilir ki, əgər lazımi vəsait olarsa günəş, külək, dəniz dalğalarının və geotermal enerjinin hesabına və texnoloji tərəqqininin əlçatanlığı nəticəsində 2050-ci ilə 140-a yaxın ölkə özünü enerji ilə təmin edə bilər.

Demək Qlobal iqlim dəyişmələrinin fəsadlarını azaltmaq və gələcəkdə ondan yaxa qurtarmaq üçün həm iqtisadiyyatları ənənəvi enerjidən asılı olan ölkələrin “enerji keçidi” üçün, həm də kasıb ölkələrin inkişafını təmin etmək üçün vəsait tapılmalıdır.

İnkişaf etmiş ölkələrin əksəriyyəti yeraltı sərvətlərə malik deyil, amma kifayət qədər varlıdırlar. Ona görə də ümidlər onların həm kapitalından, həm də əllərində olan innovativ “yaşıl” texnologiyaların planetdəki digər kateqoriya ölkələrlə bölüşməsinədir. Amma kapitalizmdə varlı ona görə varlıdır ki, əlində olanı bazarda digərlərinə satmaq hesabına daha da varlanır. Bunun mexanizmi aydın olsaydı, məsələnin çarəsi 30 ilə yaxın uzanmazdı.

Və Bakıda keçirilən COP29-un əsas mövzusu da elə bu maliyyənin başındadır. Verilən mesajlara görə, noyabrın 22-dək onun ən azından hansı mənbələr hesabına toplanması həllini tapmalıdır ki, sonrakı COP-larda istifadəsi haqda da ortaq məxrəcə gəlmək mümkün olsun.

Mənim gümanım isə belədir ki, lazım olan vəsait lap 100% tapılsa belə... “enerji keçidi”nin reallaşması heç də asan olmayacaq. Niyə? Onun əsas cavabı siyasətə bağlıdır.

İqlim məsələsi siyasiləşdiriləndə

COP29-a Qərb dövlətlərinin bir çox rəhbərləri gəlmədilər, bəziləri bilərəkdən, bəziləri isə bəhanələrlə. Yəni ortada səmimiyyət yoxdur. Və bunu COP29 çərçivəsində Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Azərbaycanın dövlət başçısı İlham Əliyev çox tutarlı faktlarla izah etdi.

“Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır”, deyə İlham Əliyev bəyan edib.

Cənab Əliyev ABŞ-ın adını çəkməsə də, ancaq dünyanın istər neft hasilatında, istərsə də qaz hasilatında şəksiz lideri son beşillikdə artıq ABŞ-dır. 2014-ci ildə, yəni Paris Sazişini imzalayandan öncə ABŞ ildə 524,7 mln ton neft hasil edirdi, 5 il sonra bu həcmləri 751,2 mln tona, 2023-cü ildə isə 827 mln ton həddinə çatdırıb.

Bunun fonunda Azərbaycanda 2014-cü ildə 41,9 mln ton neft hasil edildiyi halda, 2019-cu ildə hasilat həcmləri 37,5 mln tona qədər azalmış və 2023-cü ildə isə 30,1 mln ton təşkil edib. Yəni son 10 ildə ABŞ özünün neft hasilatını 57,6% artırdığı halda, Azərbaycanda neft hasilatı 28,1% azalıb.

Buna müvafiq olaraq Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın atmosferə karbon tullantılarında payı cəmi 0,1 faizdir.

Qaz məsələsində də Qərb Azərbaycana qarşı ədalətsiz davranışını nümayiş etdirib və bunu COP29 öncəsi daha da qabardıb. Necə deyərlər, Avropa bir tərəfdən Azərbaycandan aldığı qaz həcmlərini iki dəfə artırmaq haqda sənədə imza atıb, amma o biri tərəfdən “Azərbaycan karbohidrogen hasilatını artırmaqla iqlim dəyişmələrinə zərbə vurur” bağırtısını işə salıb.

Əslində isə bu cür yanaşmanın kökündə fikrimcə Azərbaycan qazının daha ucuz əldə edilməsi arzusu durur.

Biz isə COP29-un ilk həftəsindəcə göstərdik ki, əlimizdə olan və yaratmaq istədiyimiz enerjimizi həm bölüşməyə, həm də yaşıllaşdırmağa çalışırıq. 

COP29 çərçivəsində imzalanan layihələr

Belə ki, COP29 çərçivəsində Şimali Makedoniya qış mövsümü öncəsi enerji təhlükəsizliyi məsələlərinin artırılması məqsədi ilə Azərbaycandan qaz idxal etmək məsələsini gündəmə gətirib və bununla bağlı SOCAR müvafiq sənəd imzalayıb. SOCAR-ın yaydığı məlumata görə, Şimali Makedoniya Azərbaycan qazını alacaq 11-ci ölkə olacaq.

Həmçinin COP29 çərçivəsində SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “IntelliGrid” arasında “Azəriqaz” İstehsalat Birliyinin bütün xidmət zonasında müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalanıb. Sənəd qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti üçün süni intellekt imkanlarından istifadə hesabına qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə imkan verəcək.

Bundan əlavə SOCAR İtaliyanın “İtalgas” şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb. Sənəd qabaqcıl texnologiyalardan istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, qaz paylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

COP29 çərçivəsində Cəbrayıl rayonunda inşa ediləcək 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi” imzalanıb. Bu layihənin icrası nəticəsində ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması gözlənilir.

Həmçinin COP29 tədbirləri zamanı “AzərEnerji” ilə “GE Vernova” şirkəti arasında sənəd imzalanıb. Bu saziş Amerika şirkəti şirkəti tərəfindən “Azərenerji”nin Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100 % hidrogen yanacağı ilə işləməyə keçidinin təmin edilməsini nəzərdə tutur. Hidrogeni isə özümüz istehsal edəcəyik.

Bu həftə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt gücündə günəş elektrik stansiyasının işlənib hazırlanması, tikintisi və istismarı üçün 95 milyon dolları məbləğində uzunmüddətli kredit ayırdığını rəsmən elan etdi. Bankın məlumatında bildirilir ki, layihənin ümumi dəyəri 383 milyon dollar təşkil edir.

Bank həmçinin Neftçala rayonunda 315 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üçün də 66 milyon  dollar həcmində uzunmüddətli kreditin ayrılmasını təsdiqləyib. Layihənin ümumi dəyəri 283 milyon dolları təşkil edir. Hər iki layihəni Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti həyata keçirəcək.

Bir sözlə, Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, kiçik ölkə olmasına baxmayaraq qlobal əhəmiyyət kəsb edən  problemlərin həllinə nəinki özünün töhfəsini verməyə, həmçinin təşkilati məsələləri ən yüksək səviyyədə həyata keçirməyə qadir ölkələrdəndir.  

Bizim.Media

Избранный
62
bizim.media

1Источники