RU

"COP28-in boşluqlarını Bakıda doldurmalıyıq" - ŞƏRH EDİLDİ

"COP29-dakı çıxışlarda qırmızı xətlə keçən fikirlər ondan ibarətdir ki, bu konfransın meydanı sərt qarşıdurma meydanı deyil. Əməkdaşlıq, anlaşma meydanıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, burada bütün insanlar gələcəyin üzərində işləməlidirlər ki, planetimizdə iqlim şəraiti bir qədər canlansın, digər tərəfdən də gələcək nəsillərə normal, sağlam irs ötürə bilək: "Bütün beynəlxalq meydanların hamısında rəqabət məqamları var. Ancaq elə bir məsələlər ortaya çıxır ki, orada konsensus axtarışı əsas tələbə çevrilir və digər tərəfdən də iştirakçı ölkələr, nümayəndələr gərək bir-birini eşitməyi öyrənsinlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan paytaxtında COP29-la əlaqədar çox mühüm atmosfer formalaşıb. Təşkilatçılıq yüksək səviyyədədir. Ona görə də, çıxışların hamısında Azərbaycanın mövqeyini iştirakçılar birmənalı dəstəkləyirlər. Bildirirlər ki, işgüzarlıq üçün maksimal dərəcədə imkanlar istifadə olunub. Əsas fikirlərdən biri odur ki, əgər biz gələcəyi düşünürüksə, gərək bu günə investisiyalar edək. Çünki gələcək artıq başlayıb. Bu gün isə onun həlledici məqamlarını həll edə bilərik. Bu baxımdan da Azərbaycan tərəfinin ev sahibi kimi iştirakı faydalılıq göstəriciləri həddindən artıq yüksəkdir. Birincisi, biz 14 təşəbbüslə irəli çıxırıq. Bunlar həm insan faktorlarını, ətraf mühitin tələblərini nəzərə alır, resurs bazasının vəziyyətini, əsas göstəricilərin hamısını diqqətə alır. Hətta kadr siyasətində hazırlıqların görülməsini də Azərbaycan tərəfinin təşəbbüslərində sezirik. Ona görə də çıxışlarda birmənalı vurğulanır ki, burada sadəcə iştirak edib müşahidəçi qismində nümunələr göstərmək kifayət etmir, əksinə proseslərə ikiəlli yapışmaq lazımdır.

Proseslərə yaradıcı münasibət göstərmək lazımdır ki, həqiqətən də, o risklər və çağırışlar müvafiq tərzdə qarşılansın. Əlbəttə ki, burada diqqəti çəkən BMT baş katibi Antoni Quterreşin çıxışı idi. Orada o, çox vacib mesajları ötürdü. Bildirdi ki, Bakı sammitindən heç bir iştirakçı əliboş qayıtmalı deyil. Yəni, biz əgər müzakirələrə qatılırıqsa, gərək aydın fikirlər və ideyalar irəli sürək.

Prezident İlham Əliyevin çıxışı son dərəcə praqmatik və aktual göründü, eşidildi, səsləndi və dövlət başçısı bildirdi ki, baykot siyasətini həyata keçirmək istəyənlər sadəcə keçmişin qalığı kimi özlərini nümayiş etdirirlər".

"Bütün fəal iştirakçılar həm sağlam düşüncə, həm praqmatik və rasional yanaşma göstərməyə hazırdırlar. Bu baxımdan da Azərbaycanın mövqeyini dövlət başçısı xüsusilə vurğuladı ki, biz yaşıl gündəliyi artıq tərtib etmişik. 2015-ci ildən bəri ölkəmiz proqram şəklində bu işlərin hamısını həm nəzərdən keçirib, həm fəaliyyət planlarını hazırlayıb, beləcə də biz artıq Avropanın həm də yaşıl enerji təminatçısına çevrilirik.

Azərbaycan burada həm qətliyyətlə mövqeyini bildirir, digər tərəfdən də göstərir ki, realistik yanaşma və iştirak nədən ibarət olmalıdır. Digər dövlət rəhbərlərinin, hökumət başçılarının da bütün bu çağırış ruhlu fikirləri səsləndi və birmənalı fikir ondan ibarətdir ki, biz həlledici məqamdayıq. Əgər COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilərkən orada bir çox məsələlərə aydınlıq gətirə bilmədisə, artıq biz o boşluqları Bakıda doldurmalıyıq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Избранный
14
sia.az

1Источники