Beynəlxalq maliyyə bazarlarında bitkoinin qiyməti artmağa davam edir. Aparıcı kriptovalyuta birjası "Binance"ın məlumatlarına əsasən, kriptovalyutanın dəyəri tarixində ilk dəfə ən yüksək səviyyəyə çataraq 93 min ABŞ dollarını keçib. Bitkoinin bahalaşmasının manata təsirini Demokrat.az-a şərh edən iqtisadçı Elnur Quliyev deyib ki, milli valyutanı heç bir təhlükə gözləmir:
“Bahalaşma birbaşa ABŞ dolları ilə bağlıdır. Çünki ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsini endirməsi bitkoinin balaşmasına təsir edən əsas fundamental faktorlardan biridir. Nəzərə almaq lazımdır ki, investisiya axınının paylanmasında FRS-in faiz dərəcəsi ilə bağlı qərarları əsas rol oynayır. Uçot faiz dərəcəsi azaldıqca, istiqrazlar və bank depozitləri kimi ənənəvi alətlər daha az cəlbedici olur və investorları alternativ aktivlər, o cümlədən bitkoin və texnologiya şirkətlərinin səhmlərinə investisiya etməyə sövq edir. Odur ki, dollar indeksi (DXY) dəyər itirdikcə bitkon daha çox dəyər qazanır”.
Ekspert onu da qeyd edib ki, uçot faiz dərəcəsi – kommersiya banklarının Mərkəzi Bankdan borc götürmə faizidir:
“Onun artımı insanları qənaət etməyə sövq edir, çünki uçot dərəcəsinin artması kreditlər və depozitlər üzrə faiz dərəcələrinin artmasına səbəb olur. Uçot dərəcəsinin yüksəlməsi fonunda kriptovalyutalar kimi yüksək riskli aktivlər investisiya cəlbediciliyini itirir. Faizlərin azaldılması, əksinə, investorların kriptovalyutaya marağını artırır”.