RU

ASAN könüllüləri COP29 çərçivəsində ekoloji layihə reallaşdırırlar

Lənkəranda “Könüllülərin ekoloji düşərgəsi” layihəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə “ASAN Könüllüləri” Təşkilatının, Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılır.

Otuzdan çox Azərbaycan və Özbəkistan könüllüsünü əhatə edən sosial təşəbbüs ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində təşkil olunur.

Məqsəd gənclərin diqqətini iqlim dəyişikliyinin təsirlərinə və həllinə cəlb etmək, bilik və bacarıqların gücləndirilməsinə təşviq etməkdir. Eləcə də könüllülük sahəsi üzrə ölkələrarası əməkdaşlığı daha da inkişaf etdirmək, ətraf mühitin qorunması istiqamətində atılan addımlarda gənclərin iştirakçılığını artırmaq əsas hədəflərdir.

Layihə çərçivəsində iştirakçılar iqlim dəyişikliyi ilə mübarizə istiqamətində müxtəlif ekoloji həll yolları hazırlayacaq və peşəkarlar tərəfindən keçiriləcək təlimlərdə iştirak edəcəklər. Müzakirə panelləri, ekoloji aksiyalar və ideya yarışmaları ilə zənginləşdirilmiş proqram iki ölkənin mədəni irsini əks etdirən tədbirlərlə davam edəcək.

Düşərgənin ilk iki günü “Türk dünyasının gənclər paytaxtı” Lənkəran şəhərində, sonuncu günü isə COP29 ərazisində, Yaşıl Zonada olacaq.

Xatırladaq ki, ASAN könüllüləri ictimaiyyətin diqqətini ekoloji tarazlığın bərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasına yönəltmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə “Yaşıl ASAN” ekoloji proqramı vasitəsilə bu günədək 400 layihə, 100-dən çox ağacəkmə və təmizlik aksiyası həyata keçirilib.

Избранный
79
10
yeniazerbaycan.com

10Источники