RU

Xudavəng – Qafqaz Albaniyasının məbədi

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra məğlub ölkədə və ona havadarlıq edən siyasi dairələrdə yeni qızışdırıcı şüarlar səslənir, saxta böhtan kampaniyaları təşkil edilir. Qarabağ və onun ətrafında yerləşən dini və mədəni irsin ermənilərə məxsus olduğu iddia edilir. Bu iddiaların isə heç bir tarixi və memarlıq əsası yoxdur. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva deyir ki, Xudəvəng monastır kompleksinin ərazisi Qafqaz Albaniyasının “Rostok” adlı bölgəsinə aid olub. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edib: “Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər. Abidə də onlardan yadigar qalıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Alizadə də monastır kompleksinin Qafqaz Albaniyasının yadigarı olduğunu bildirir. Onun sözlərinə görə, abidənin alban–qıpcaq türkləri ilə sıx bağlılığı var. O, V–VI əsrlərə aid qədim tapınağın qalıqları üzərində xristian memarlığına uyğun şəkildə inşa olunub. Xudavəng monastır kompleksinə 10-dan çox dini xarakterli tikili daxildir. Burada ən qədim tikili olan Xudavəng bazilikası VI əsrdə inşa edilib. Baş kilsəni 1214-cü ildə Alban–Xaçın knyazı Vaxtanqın həyat yoldaşı Arzu xatun tikdirib. Arzu xatun kilsəsinin kitabəsində belə qeyd olunur: “Hər şeyə qadir Tanrı Ata və onun yeganə Oğlu İsa Məsihin rızası, ən Müqəddəs ruhun bəxşişi ilə mən, İsa Məsihin itaətkar qulluqçusu, knyazlar knyazı böyük Kurdun qızı, Aterk və bütün Yuxarı Xaçının hakimi çar Vaxtanqın həyat yoldaşı, böyük ümid ilə həyat yoldaşım və övladlarım – ilk övladım Həsən və körpə ikən bizi tərk edərək Tanrıya qovuşmuş Qriqorun məzarları üzərində bu kafedral kilsəni inşa etdirdim...”

Bu kilsədən başqa Xudavəng monastır kompleksinə daxil olan dini abidələr içərisində Müqəddəs Məryəm Ana kilsəsini, Müqəddəs Qriqor və Həsən Cəlal kilsələrini də qeyd etmək olar. Kompleksin bərpa olunması və əlavə binaların inşa edilməsi isə Alban–Xaçın knyazı Həsən Cəlalın adı ilə bağlıdır. Abidə Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir. Hər kəs bilməlidir ki, bu monastır Qafqaz Albaniyasının tarixi mirasıdır”.

Arzu xatun Kəlbəcərin digər ərazilərində də kilsə inşa edib. Məsələn, Qamışlı kəndi ərazisində aşkar edilən kilsə fasadındakı daş üzərində belə bir maraqlı yazı öz əksini tapıb: “Dualarda xatırla ki, mən, Vaxtanqın həyat yoldaşı Arzu xatun və mənim bacım Mama xatun bu kilsəni inşa etdi”. Adlardan göründüyü kimi, hər 2 qadın türk mənşəlidir.

Alizadə daha sonra deyir: “XII-XIII əsrlərdə Alban–Xaçın knyazlığında xristianlığın möhkəmlənməsində Arzu xatundan başqa, Dopu xatun, Qönçə xatun, Hurişah xatun kimi qıpçaq əsilli qadınların da böyük rolu olub. Qeyd edim ki, xatun türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş addır. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Yuxarıda adları qeyd olunan xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynayıblar. Erməni qadınlarında isə belə titul olmayıb.

Bundan başqa, Qarabağın qıpçaq tarixinə nəzər salarkən alban məlikləri ilə bağlı da maraqlı məqamlar ortaya çıxır: “1723-cü ilin martında Qarabağ məliklərinin I Pyotra etdikləri müraciət məktubunda alban türkü ifadəsi öz əksini tapıb. Maraqlıdır ki, mənbənin ermənicəsində bu ifadə alban türkü, rus dilinə tərcüməsində müsəlman alban kimi təqdim olunur. Göründüyü kimi, onların ermənilərin Xudavəngin monastır kompleksi ilə heç bir bağlılığı yoxdur”.

Monastırda erməni vandalizmi: onlar öz sərsəm iddiaları üçün tədricən “tarixi əsaslar” hazırlayırlar

Monastırda yağlı boya ilə çəkilmiş şəkil və yazılar olub. 1952-ci ildə yerli icra nümayəndəsi Məhərrəm İsmayılov Kəlbəcər rayon rəhbərliyinə müraciət edərək, qonaq qismində kəndə gələn ermənilərin fürsət tapdıqca balta və digər kənd təsərrüfatı alətləri ilə abidə üzərindəki qiymətli alban epiqrafik yazılarını yonub məhv etdiyini bildirmişdi. Lakin rayon rəhbərliyi susmağa üstünlük vermişdi. Nəticədə Ağdərədən və Basarkeçərdən gələn ermənilər xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Sonrakı dövrdə də abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Məsələn, Ağdərə RPK katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar.

1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra Xudavəng monastırının tarixində ən faciəli dövr başlandı. Erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görüldü. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində əlavələr edildi. Arzu xatun məbədin divarlarında yağlı boya ilə çəkilmiş şəkilləri və yazı nümunələri, Alban–Qıpçaq xaç daşları balta ilə məhv edildi. Burada saxta erməni xaçdaşları yerləşdirilib. Hələ XX əsrin 70-ci illərində L.A.Durnova Arzu xatun kilsəsində müqəddəs Nikolasın freskasını araşdıraraq erməni–qriqoryan kilsələrində müqəddəs Nikolas inancının qəbul edilmədiyini qeyd edib. Ermənilər Arzu xatun kilsəsində müqəddəs Nikolasın freskası üzərində sonradan ermənicə qısa mətnlər yazmaqla bu abidənin gerçək tarixini saxtalaşdırmağa cəhd ediblər

Binaların üzərindəki kitabələr ya tamamilə silinib, ya da müdaxilə edilərək istifadəsiz hala gətirilib. Ermənilərə məxsus yazılar əlavə edilib. Təmir zamanı Alban memarlığının bütün elementləri itirilib, onlar öz orijinal formasından məhrum ediliblər. Təmir zamanı kilsələrin günbəzlərinin üst hissəsi bir neçə metr hündürləşdirilib, qırmızı kirəmitlə örtülüb. Zəng qü lləsində yanaş ı qoyulmuş bir-birinin ü stü ndə iki dairəvi xonç a və həyat ağ acı ş əklində xaç kompozisiyalı xaç daş lar, zənglər və kitabələr də işğ al dö vrü ndə sökülərək talan edilib. Monastır kompleksinin giriş qapısı və giriş qapısının sağ tərəfindəki tikilinin bir hissəsi öz görkəmlərinə uyğun olmayan bir formada, “erməni memarlığı üslubunda” təmir edilib. Əlavə tikililər sökülərək dağıdılıb. Ümumiyyətlə, onlar sonradan bərpa olunmayıb. Monastırın mənsubiyyətini saxtalaşdırmağa xidmət edən qeyri-qanuni “arxeoloji tədqiqatlar” və “bərpa–konservasiya” işləri aparıblar.

Torpaqlarımız işğaldan azad ediləndən sonra isə monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar. Bundan başqa, zınqırov və xaç daşları da Ermənistana aparılıb. Beləliklə, monastır kompleksi öz görkəmlərinə uyğun olmayan bir formada, “erməni memarlığı üslubunda” təmir edilib”.

Bütün bunlar ermənilərin 1954-cü il Haaqa Konvensiyasının hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında tələblərinə məhəl qoymayaraq törətmiş olduqları vandalizm aktlarının bariz göstəricisidir.

Ermənilər də, onların havadarları da bilməlidirlər ki...

Ermənilər Alban dövrü tarix və mədəniyyət abidələrini mənimsəmək üçün bu cür hiyləgər metodlardan istifadə edərək, Azərbaycanın mədəni irsi üzərinə öz mülkiyyət hüquqlarını tətbiq etməyə çalışırlar: “Maraqlıdır ki, 2021-ci il dekabrın 16-da ermənilər İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində “Dadivəngdən İrəvana” adlı satış-sərgi keçiriblər. Sərgidə Xudavəng monastır kompleksindən gətirilmiş “Bibliya”, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar satışa çıxarıblar. Belə bir sual yaranır: əgər monastır kompleksi ermənilərə məxsus idisə, niyə onun zəngin irsi satışa çıxarılıb. Təbii ki, bu hadisəni daha bir erməni həyasızlığı kimi dəyərləndirmək olar. Tanınmış gürcü ermənişünas–alimi, professor Bondo Arveladze erməni iddiaları ilə bağlı çox gözəl deyib: “Saxtakar ermənilər bu şərəfsiz işlə onilliklərdir məşğul olurlar. Onlar öz sərsəm iddiaları üçün tədricən “tarixi əsaslar” hazırlayırlar”.

Bir sözlə, onlar artıq 200 ilə yaxındır ki, ən çirkin vasitə və üsullardan istifadə etməklə qədim Azərbaycan dövləti olan Albaniyaya aid xristian irsini yox etmək, yaxud da özününküləşdirmək istiqamətində davamlı olaraq fəaliyyətdədirlər. Erməni kilsəsi, erməni siyasi dairələri, diasporu və nəhayət elm, sənət adamları və ziyalıları hamılıqla bu yoldadırlar. Amma ermənilər də, onların havadarları da bilməlidirlər ki, Qarabağ da, indiki Ermənistan ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. O yerlərdəki bütün tarixi-mədəni dəyərlər, o cümlədən alban xristian mədəni irs nümunələri də Azərbaycan xalqına məxsusdur. Və onun mədəni irsinə aiddir.

P.ŞÖVKƏTOĞLU
XQ

Избранный
2
1
xalqqazeti.az

2Источники