RU

COP29-a...

Xaricdə yaşayan alimlərimiz hansı töhfəni verə bilər?

Ölkəmizin ev sahibliyi etdiyi COP29 ərəfəsində təbliğatın aparılması istiqamətində xaricdəki Azərbaycan diasporunun üzərinə mühüm vəzifə düşdüyü danılmazdır. Məlumdur ki, bəzi hallarda xaricdəki müəyyən qüvvələr, təşkilatlar Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinə verəcəyi töhfələrə qara yaxmağa çalışırlar. Bu mənada, ölkəmizin məqsəd və məramlarının, COP29 ərəfəsində gördüyü işlərin, göstərdiyi fəaliyyətlərin dünyaya çatdırılması işində diasporumuz aktivlik göstərməlidir.

Nəzərə alsaq ki, bu tədbirə dünya ölkələrinin rəhbərləri, siyasətçilər, ictimai xadimlər, elm adamları, mütəxəssİslər qatılırlar. Bu baxımdan diaspor alimlərimizin də bu prosesdə yaxından iştirak etməsi vacibdir. COP29 zamanı dünyada təbliğatın gücləndirilməsində diaspor təşkilatları, diaspor alimləri mühüm rol oynamalıdır. Bu həm də milli həmrəylik göstəricisi sayılır. Xaricdə yaşayan, fəaliyyət göstərən çox nüfuzlu azərbaycanlı alimlər var.  Onlar beynəlxalq səviyyədə tanınırlar, böyük nüfuza malikdirlər. Ekologiya, ətraf mühitin qorunması, müdafiəsi təbii ki, qlobal mövzudur. Amma Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə təbii ki, elm adamları, tədqiqatçılar və diaspor alimlərin prosesdə iştirakı mühüm amildir.

Azərbaycan diasporu xüsusi rol oynamalıdır

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, COP29 prosesinin təbliğində, təşviqində Azərbaycan diasporu xüsusi rol oynamalıdır. O, qeyd edib ki, bu, həm də milli həmrəylik göstəricisi olardı: “COP29 qlobal iqlim dəyişikləri ilə bağlı dünyada həm əhatə dairəsinə, həm iştirakçı sayına görə böyük miqyaslı tədbirdir. Eyni zamanda, bu, iqlim dəyişikliyinə qarşı mübarizə aparan bütün maraqlı tərəflərin, siyasi xadimlərin, dövlət başçılarının, alimlərin, vətəndaş cəmiyyəti institutlarının, jurnalistlərin, ekologiya üzrə mütəxəssislərin ekologiyanın qorunmasına töhfə verəcəyi qlobal bir tədbirdir. COP29-un əhatə dairəsi ilə bərabər həm də bu tədbirin əhatə etdiyi insan resursları kifayət qədər geniş və çox vektorludur. Mən çoxvektorlu sözünü təsadüfən işlətmədim. Çünki bu tədbir fərqli sahələrdən olan və eyni zamanda, iqlim dəyişikliklərinə müsbət mənada təsir göstərə bilən, töhfə verəcək maraqlı tərəfləri birləşdirir. Nəzərə alsaq ki, ekologiyanın, biomüxtəlifliyin qorunması, iqlim dəyişiklikəri mübarizə birbaşa həm də elmi yanaşma və elmi düşüncə tələb edir. Bu, həm də birbaşa tədqiqatçıların fəaliyyət sahəsinə daxildir. Bu baxımdan, əlbəttə, bu mötəbər tədbirdə elm adamlarının, alimlərin, tədqiqatçıların iştirakı bir mənalı olaraq təmin edilməlidir. Digər tərəfdən bu tədbirlə bağlı dünyanın fərqli ölkələrində yaşayan azərbaycanlı alim və tədqiqatçıların da fəaliyyətinə yer verilməli və onların da burada yer alması çox vacibdir”.

İ.Orucov qeyd edib ki, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti diaspor alimlərinin təşkilatlanması və fərqli qlobal həllər naminə səfərlər edilməsi təşəbbüsünü irəli sürüb: “Təbii ki, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ortadadır. Komitə dünyanın fərqli ölkələrində yaşayan alimləri həm milli, həm də qlobal mövzularda səfərbər edir, onları birləşdirir, bunlar müsbət hallardır”.

Cəmiyyət sədirinin sözlərinə görə, bütövlükdə diaspor alimlərinin COP29-a müsbət töhfələri ola bilər: “Ona görə də COP29 proseslərinə, keçiriləcək tədbirlərə dəstək vermələri baxımından  diaspor alimlərinin bu işə  cəlb edilməsi vacibdir. Bildiyim qədər bununla əlaqədar Dövlət Komitəsinin tədbirlər planı var, onların reallaşdıracağı tədbirlər var.  Çox istərdim ki, diaspor alimlərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürən təşkilat olan bu sırada bizim təşkilatımız da yer alsın. Nəzərə alsaq ki, dünya alimlərinin ən böyük tədbirlərinin təşkilatçılığını məhz bizim təşkilat edib. Hesab edirəm ki, bu işlərə də töhfə verə biləcəyik”.

İ.Orucov hesab edir ki, xaricdə yaşayan alimlərimiz, ekoloqlar, bioloqlar, riyaziyyatla, biomüxtəlifliklə, təbiət elmləri və fundamnetal elmlərlə məşğul olan alimlər mütləq şəkildə bu tədbirdə yer almalıdırlar: “Onlar həm ölkəmiz, həm də bütün bəşəriyyət üçün çox böyük aktuallıq kəsb edən məsələlərin, insan yaşayışının, sağlamlığının, kainatın gələcək taleyinin müzakirə olunacağı bu platformada öz fikir və ideyaları ilə böyük töhfələr verə bilərlər”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Избранный
31
yeniazerbaycan.com

1Источники