Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu Birinci Liqa təmsilçisi MOİK-lə yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən baş məşqçi Ayxan Abbasov yetirmələrini aşağı liqa təmsilçisi ilə görüşdə sınaqdan keçirib.
Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma darmadağınla yekunlaşıb. Meydan sahibləri 7:0 hesablı qələbəyə seviniblər. Belaydi Pusinin het-trikə imza atdığı bu oyunda digər qolları Georgi Kantariya, Brahim Konate, Səbayıl Bağırov və Emin Zamanov vurublar.
Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə keçirdiyi 12 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Əyalət klubu 13 xalla turnir cədvəlinin 6-cı pilləsindədir.