Bir azdan bunların AFFA rəhbərliyində bir ili tamam olacaq, lakin nəinki bir iş görüblər, futbolumuzu əvvəlkindən də bərbad günə salmağı bacarıblar. Əvvəllər millimiz birtəhər, bəxti xuda da olsa, qələbələr qazana bilirdi, indi ona da həsrət qalmışıq. Aşağı yaş qrupları üzrə yığmalarımız da hərdənbir elit-raund üzü görürdü, amma indi böyüklərdən ibrət götürən balacalar da aşkar qapazaltı günə düşüblər.
Bunlar guya inqilab eləyib Elxan Məmmədovu devirmişdilər ki, futbolumuzu ağ günə çıxaracaqlar. Hərçənd, hələ İcraiyyə Komitəsinə zavod direktoru, bankir, təhsil işçisi, televiziya rəhbəri, güləş ustası və başqalarının təyinatları gerçəkləşəndə başadüşülən idi ki, bunların davası vəzifə üstədir, futbolun inkişafı heç kimə maraqlı deyil.
Səfərdə Estoniyaya məğlub olub, evdə bərabərə qalandan sonra yolumuzun ən aşağı liqaya doğru olduğuna heç bir şübhə qalmadı. Santuş hər uğursuz nəticədən sonra düz yolda olmağımızı desə də, özü də yaxşı başa düşür ki, onun dediyi düz yol ilə səhv istiqamətə gedirik. Amma neynəsin... Məşqçilik karyerasının qürub çağında olan portuqaliyalı mütəxəssis milyonlar əldən çıxmasın deyə, gələcək barədə yalançı vədlərlə vaxt qazanmalıdır.
AFFA-nın sabiq idarəçisi Elxan Məmmədov da baş verənlərə kənardan baxıb gülməkdədir. Hər uğursuzluq, hər məğlubiyyət göstərir ki, AFFA-da dəyişən heç nə yoxdur. Əvvəllər vəzifələr Elxan Məmmədovun yaxınları arasında paylaşılırdısa, indi də təzə dəstə hər şeyi ələ keçirib heç kimi yaxın buraxmır. Əllərindən də bir iş gəlmir. Ortaya strategiya oyununu atıb günü-günə calamaqla məşğuldular.
Azərbaycan futbolu vəzifə hərisliyinin güdazına gedir. Ən dəhşətlisi odur ki, tapşırıqla İcraiyyə Komitəsində oturanlar əvvəllər milliyə tapşırıqla oyunçu çağırılmasını qınayırlar. Adama deyərlər ki, sizin əvvəlkilərdən fərqiniz nədir ki... Burada deyiblər, kor kora kor deməsə, bağrı çatlayar.
İki ildir ki, AFFA-nın əsas idarəçisi funksiyasını daşıyan Sərxan Hacıyevdən də səs-səmir yoxdur. Gənc dostumuz elə bilirdi ki, Elxan Məmmədova qarşı çıxmaqla qəhrəmanlıq eləyir. Lakin bununla bəlkə də özü bilmədən futbola yox, AFFA-nı ələ keçirmək üçün hər yola əl atan dəstəyə xidmət etmiş oldu. Nəticədə futbol düzəlmədi, birilərinin işi düzəldi.
Böyük ehtimalla, Elxan Məmmədov həm də Sərxan Hacıyevin düşdüyü duruma gülür. Yəqin ki, acı təbəssümlə. Dünənə qədər köməkçisi olan şəxsin əliylə vurulmaq hər adama təsir eləyər. Bu da Məmmədov üçün bir həyat təcrübəsi sayıla bilər.
Elxan Məmmədov gülür, biz isə ağlayırıq. Futbolumuzun gününə ağlayırıq, ölən ümidlərimizdən dolayı ağlayarıq. Təəssüf, biz dərdimizdən ağlayırıq, AFFA rəhbərliyi isə dost-tanışa gün ağlayır!
Həmid
saytlarin hazirlanmasi