RU

Konstitusiyaya dəyişiklik etmədən sülh müqaviləsi mümkündürmü?

Təbii ki, söhbət Ermənistan Konstitusiyasından gedir. Suallar yalnız başlığa çıxarılanla bitmir, o qədər sual doğuran məsələlər var ki... Ermənistan Konstitusiyasının preambula hissəsindəki Müstəqillik Deklarasiyasında Azərbaycana ərazi iddiası yer aldığına görə, Azərbaycan bu amili sülh sənədinə əsas mane olaraq göstərir. Ermənistan isə yeni konstitusiya qəbul ediləcəyini ölkəsinin daxili işi hesab edir və belə bir referendumun keçiriləcəyinin təxminən 2027-ci ilə nəzərdə tutulduğu barədə məlumatlar verir. Buradan belə nəticə çıxır ki, Ermənistan Baş naziri 2026-cı ildə növbəti parlament seçkilərində partiyasının qalib gələcəyini hesablayır və yeni konstitusiyanın qəbul edilməsini rahat, gərginlik olmadan həyata keçirməyi planlaşdırır. Müstəqillik deklarasiyası barədə Paşinyanın son fikirləri sübut edir ki, o Konstitusiyaya dəyişiklik etməkdə maraqlıdır, deklarasiyada yer almış ərazi iddialarını əsassız hesab edir. Amma, ölkədaxili vəziyyəti nəzərə alaraq “Paşinyan Azərbaycanın tələblərini yerinə yetirir” ittihamları ilə üzləşməkdən çəkinir , daha doğrusu ona müxalif olan qüvvələr və o qüvvələrin arxasında dayanan Rusiyanın, referenduma hazırlıq müddətində ölkədə qarışıqlıq yaradıb dövlət çevrilişinə cəhd etməsindən ehtiyat edir.
  Yaranmış vəziyyəti Ermənistanın vaxt uzatması kimi dəyərləndirənlər az deyil. Vaxtın uzanması Ermənistanın maraqlarına necə xidmət edir? Azərbaycan mediasında yer alan siyasi şərhlərdə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı tezliklə referendumun keçirilməsi barədə qərarın verilməməsini - “Paşinyanın vaxt qazanmaq istəyi” məntiqi ilə izah edilməsinə tez-tez rast gəlirik. İstər-istəməz başqa bir sual yaranır: vaxt qazanmaqla Ermənistan nə əldə edə bilər? Əsas arqumentlərdən biri budur ki, dünyanın başı Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdəki savaşa qarışdığından guya qlobal və regional güclər Ermənistana hələlik diqqət yetirə bilmir və müəyyən zaman keçdikdən sonra Ermənistanın xeyrinə uyğun olan siyasət yeridəcəklər. Hesab edirəm ki, bu arqument yanlışdır. Axı, real olaraq nə edəcək bu güclər? Erməniləri Qarabağa qaytaracaqlar? O vaxta qədər Ermənistanı silahlandırıb Azərbaycana hücum etdirəcəklər? Bunların heç biri nə qlobal Qərb siyasətində, nə də Rusiya siyasətində yer almır. Zaman udmaq məsələsinin bu cür izahını səhv hesab edirəm. Zamanın uzanması əksinə, Ermənistanın da, Azərbaycanın da maraqlarına uyğun deyil. Sülh olmadan yol infrastrukturu da olmayacaq, hətta yolun açılması sülh müqaviləsindən çıxarılsa da...
 
Siyasətində əsasən Qərbyönümlü xətt seçən Paşinyan Qərbin tələblərini yerinə yetirdiyinə, Qərbin təsiri altında olduğuna görə bizim əksər siyasi şərhlərdə tənqid olunur, eyni zamanda rusiyayönümlü erməni mətbuatı da məhz bu səbəbdən onu hədəfə alır. Paşinyana müxalif olan siyasi qüvvələrin 90 faizi rusiyayönümlüdür. Onlar hakimiyyət uğrunda mübarizə aparır və belə çıxır ki, onların liderləri  Koçaryan, Sarkisyan, Ohanyan hakimiyyətə gələndə bizim maraqlarımıza cavab verən siyasət aparacaqlar? Paşinyanı konstitusiyanı dəyişməkdə ittiham edənlər hakimiyyətə gələn kimi əsas qanunun dəyişməsinə qərarmı verəcəklər və ya Azərbaycana ərazi iddialarınının olmadığını elan edəcəklər? 
 
Qərb Ermənistana təzyiq edir. Bəli, Qərb deyir ki, tezliklə sülh müqaviləsini imzalayın. Avropa da, ABŞ -da sülh üçün daha çox təşəbbüslər göstərir. ABŞ prezidenti tərəflərə bunun üçün məktub və təkliflər göndərir. Rusiya tərəfdən bu cür təşəbbüslər demək olar ki, yoxdur.Nə Putin səviyyəsində, nə də RF XİN səviyyəsində. Hərdən Zəngəzur dəhlizinə münasibət bildirəndə 10 noyabr 2020 bəyanatını əsas gətiririb yolun təhlükəsizliyinə nəzarət edəcəklərini xatırladırlar. Rusiyanın Qərbdən üstün və Azərbaycanın maraqlarına cavab verən sülh təşəbbüsü varmı? Əlbəttə ki, Rusiyanın 2023-cü il antiterror əməliyyatında tərəfsiz qalması və vaxtından əvvəl Azərbaycanı tərk etməsi müsbət hadisədir və Azərbaycanın maraqlarına uyğundur. Amma, sülh müqaviləsinin zaman məsafəsinin uzanması məhz Rusiyanın maraqlarına xidmət edir. Ukraynada müharibənin getdiyi bir vaxtda, Rusiya sülh müqaviləsinin onun vasitəçiliyindən kənar imzalanmasını istəmir və buna görə də tərəflərə qarşı müxtəlif təzyiq formalarından istifadə edir. 
 
Ermənistan konstitusiyanı dəyişdirməyi 2027-ci ilədək uzadarsa və sülh müqaviləsi imzalanmasa hansı problemlər yaşana bilər? Və yaxud bu günədək razılaşdırılmış müddəalar əsasında sülh müqaviləsi imzalanarsa Azərbaycan üçün perspektiv təhlükə yarana bilərmi? Ən azı 2027-ci ilə kimi.  Ermənistan və ya havadarları-konkret olaraq Fransa razılaşdırılmamış müddəanı əsas gətirib hansı addımı ata bilər və bu addım nə dərəcədə Azərbaycan üçün təhlükəlidir? Onu da qeyd edək ki, 2027-ci ilin aprelində Fransada prezident seçkiləri olacaq və Makron qanuna görə bir daha seçkilərdə iştirak etməyəcək. Yeni Fransa prezidenti Azərbaycana qucaq açası olmasa da, Makron kimi qərəzli siyasət aparacağı az ehtimal olunan məsələdir. 2027-ci ilə kimi isə dünyada vəziyyət mütləq dəyişəcək və bu dəyişiklik Azərbaycan üçün təhlükə yaradası deyil. Əksinə, sülh müqaviləsi imzalanmadığı halda qlobal və regional güclər Cənubi Qafqazda təsir uğrunda mübarizəsini davam etdirəcək və hər iki ölkəyə öz maraqları çərçivəsində təzyiqlər göstərəcək. Bu təzyiqlər təhlükəli olmasa da, Azərbaycanın imicinə xələl gətirə bilər.Necə ki, son aylarda Ermənistanın sülh göyərçini, Azərbaycanın isə aqressiv obrazını yaratmaq istiqamətində təbliğat aparılır. 
 
 Rəsmilərimizin verdiyi son məlumatlara görə sülh layihəsinin müddəaları üzərində iş davam edir. Deməli, əgər bu şəkildə danışıqlar davam edirsə, zaman aparacaq konstitusiya dəyişikliyi müzakirə olunmur və gələn ilin ilk üç ayı ərzində sülh sənədi imzalana bilər. Mümkündür ki, ABŞ prezidenti Tramp da səlahiyyətlərinin icrasına başlayanda tərəflərə məktubla müraciət etsin və yaxud Azərbaycandan razılaşdırılmış müddəalar əsasında sülh memorandumunun imzalanmasını xahiş etsin. Yeri gəlmişkən, sülh imzalanarsa ABŞ-nin “cəsarətli addımları” ola bilər. Bu cəsarətli addımlar ilk növbədə 907-ci düzəlişin və Minsk Qrupunun ləğv edilməsi ilə nəticələnə bilər. O müddətə qədər delimitasiya və demarkasiya işlərinin davam etdirilməsi gözlənilir və bu proses sülh sənədinin imzalanması üçün tərəflərdə etimad amilini gücləndirə bilər. Zəngəzur dəhlizinin açılmasının və şərtlərinin razılaşdırılmasınn isə uzaq perspektivə həll olunacağı daha çox ehtimal edilir.
 
  Yekun olaraq bir daha qeyd etmək istərdim ki, ( bu şəxsi qənaətimdir və təbliğat xarakteri daşımır) konstitusiya dəyişikliyi olmadan sülh sənədinin imzalanması və Ermənistanın bu dəyişikliyi edəcəyi barədə öhdəlik götürməsi, sülh müqaviləsinin imzalanmamasından daha yaxşıdır və bütövlükdə bölgədə sabitlik və iqtisadi inkişafa xidmət etmiş olar. 
 
P.S. Əgər Ermənistanda hansısa bir səbəbdən – hakimiyyət dəyişikliyi, konstitusiya dəyişikliyi barədə götürdüyü öhdəliyə əməl etməmək kimi boyun qaçırma və sairə halları baş verərsə, Azərbaycan məsuliyyəti Ermənistanın üzərinə qoyaraq birtərəfli qaydada həmin razılaşmanı poza bilər və bu Ermənistan üçün daha pis perspektivlər vəd edir.
 
 İlham İsmayıl
Избранный
10
moderator.az

1Источники