RU

 Azərbaycanın qlobal iqlim böhranının həllinə verdiyi töhfələr hər bir dövlətə nümunədir  

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında müzakirə olunan məsələlər, səslənən fikirlər dünya mediasının, beyin mərkəzlərinin əsas müzakirə mövzusuna çevrilib. Bu günə qədər keçirilmiş COP sammitlərinin ən möhtəşəmi kimi qiymətləndirilən Bakı sammiti iştirak edən siyasi liderlər də etiraf edirlər ki, Azərbaycan bu tədbirə həm texniki-təşkilatı baxımından, həm də irəli sürülən təkliflərin fundamentallığı baxımından ciddi hazırlaşıb.   Dünya ölkələrinin siyasi liderlərinin COP29 sammitində iştirakı Azərbaycana və onun yaşıl enerji sahəsindəki fəaliyyətinə etimad və dəstəyindən irəli gəlir: 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi sammitin mötəbərliyindən xəbər verir.  Sözsüz ki, dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Həmçinin ölkəmiz artıq mötəbər konfranslara ev sahibliyi etmək kimi böyük təcrübəyə malikdir. Hətta opponentləri də etiraf edirlər ki, Azərbaycan lideri özünün siyasi təcrübəsi, uzaqgörən yanaşmaları ilə təkcə beynəlxalq proseslərdə aktiv iştirak etməklə kifayətlənmir, həmçinin bu proseslərin istiqamətləndirmək gücünə malikdir.  Qlobal iqlim böhranını yaradan ölkələrin problemin həllinə töhfə vermək əvəzinə, irəli sürülən nəcib təşəbbüsləri beşikdəcə boğmağa çalışmaları sadəcə təəssüf doğurur. Prezident İlham Əliyev COP29 sammitinin açılışındakı çıxışı ilə həm konfransın qarşıya qoyduğu hədəflərə, qlobal iqlim problemi və onun həlli yollarına aydınlıq gətirdi, həm də bəzi ölkələrin qısqanc, qərəzli münasibətlərini tənqid atəşinə tutdu. Ölkəmizin başçısı haqlı olaraq vurğuladı ki, bəzi xarici media resursları,  beynəlxalq təşkilatlar, vətəndaş birlikləri bəzi qüvvələrin əlində siyasi alətə çevrilib. Onların anti-Azərbaycan fəaliyyəti heç bir halda Bakıda keçirilən COP29 sammitinə kölgə salmaq gücündə deyil. Biz bu cür kampaniyaları çox görmüşük. Avroviziya-2012 və Birinci Avropa Oyunlarında, eləcə də digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində bizə qarşı həyata keçirilən iyrənc siyasətləri ifşa etmişik, cavablarını vermişik. Bütün fəaliyyətini beynəlxalq hüququn normalarına uyğun quran, beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olan, demokratiya və insan haqlarının müdafiəsinə önəm verən Azərbaycana qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Fransa, Hollandiya, Almaniya kimi ölkələrdən fərqli olaraq Azərbaycan tarixin heç bir dönəmində etnik təmizləmə siyasəti həyata keçirməyib, işğalçılıq siyasəti həyata keçirməyib. Beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Eyni zamanda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjinin inkişafı, Günəş və külək enerjisi layihələri ilə bağlı fəal işlər gedir. Bütövlükdə, yaşıl enerji istehsalı ölkəmizin enerji strategiyasının əsas istiqamətlərindən biridir. Prezident neft-qazla zəngin olan Azərbaycanın COP29 sammitinə evsahibliyi etməsinə ağız büzənlərə tutarlı cavab verdi. Qeyd etdi ki, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməməlidir. Təbii sərvətlərin insanlara lazım olduğunu vurğulayan Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq. Qlobal təşəbbüslərlə çıxış edən ölkəmizin uğurlarını həzm edə bilməyən Qərbin yalan xəbərlərini tirajlayanlar, boykotçular bir daha məğlub və məyus oldular. Son baş verənlər göstərir ki, dünya təkcə iqlim böhranından deyil, bu böhranı yaradan dövlətlərin ikili standartlarından, riyakar siyasətlərindən əziyyət çəkir”.   Bütün bunlara baxmayaraq Azərbaycan dövləti milli maraqlarından heç vaxt hansısa dövlətin təzyiqləri qarşısında imtina etməyib. Biz həm daxili, həm də xarici siyasətimizi milli maraqlar və beynəlxalq hüququn normaları əsasında qururuq. İqtisadi layihələrimiz də dünyanın aparıcı dövlətləri tərəfindən bəyənilir. Başlatdığımız meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Ölkəmiz həmçinin digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirir. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Azərbaycan Prezidenti tərəfindən işğaldan azad edilmiş bölgələrin dirçəldilməsi üçün innovativ konsepsiyalar ortaya qoyulub. Yaşayış məntəqələrinin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri üzrə yenidən qurulması, təbiət ərazilərinin sürətli və ən yüksək səviyyədə bərpa olunması, eləcə də getdikcə artan enerji tələbatının daha çox “yaşıl enerji” mənbələrindən istifadə olunaraq təmin edilməsi qlobal iqlim dəyişikliyinə verilən ən böyük töhfədir. Təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumilikdə ölkənin digər regionlarında oxşar layihələr həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvan Muxtar Respublikasının da “yaşıl enerji” zonası elan edilməsi bunun sübutudur.   Hesab edirəm ki, bütün qarayaxma kampaniyalarına baxmayaraq COP29 sammiti yüksək səviyyədə həyata keçirilməkdədir və qəbul ediləcək qərarlar qlobal iqlim böhranının həllində mühüm rol oynayacaq. Bakı sammiti tarixə düşəcək bir hadisədir. Azərbaycan dövlətinin iqlim problemlərinin həllinə verdiyi töhfələr, bu istiqamətdə yürüdülən siyasət hər bir dövlət üçün nümunə olmalıdır. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Избранный
26
4
sabahinfo.az

5Источники