RU

Azərbaycan kiçik ada dövlətlərinə hər zaman dəstək verib


İnkişaf etmiş bütün ölkələr, xüsusilə də əvvəllər müstəmləkə həyatı yaşamış olan bir sıra ölkələr kiçik ada dövlətlərinə həm maddi, həm də texniki dəstək göstərməlidir. Belə ki, bu kiçik dövlətlərə dəstək lazımdır ki, onlar öz ölkələrini iqlim dəyişmələrinin fəsadlarından müdafiə və mühafizə edə bilsinlər. Məlum olduğu kimi, iqlim dəyişmələri bütün ölkələrə, o cümlədən Azərbaycana öz təsiririni göstərir. Bu təsir ölkəmizdə xüsusilə Xəzər dənizinin geri çəkilməsində, çaylarımızda suların azalmasında və başqa bir çox təbii hadisələrdə özünü göstərir. Təəssüflər olsun ki, əvvəllər heç zaman görünməyən daşqınlar və kəskin yağışlar bu gün mövcuddur. Dünyanın hər bir ölkəsi bu təsirlərə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Azərbaycan dəfələrlə təbii fəlakətlər qarşısında zəif qalan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardımlar göstərmişdir. Ölkəmiz həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə də öz dəstəyini əsirgəmir. Ondan artıq kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə dövlətimiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir.

Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri cari ilin may ayında COP-la bağlı planlarını müzakirə etmək üçün Azərbaycana səfər etmişdir. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi nailiyyətlər əldə edilmişdir. Hazırda ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün proses tamamlanmalıdır. Həmçinin, bu ilin yayında Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzalamışdır. Eyni zamanda, ölkəmiz Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi məqsədilə “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Bundan başqa, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

Fransa bəzi kiçik ada dövlətlərində torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını da nəzərə alsaq, həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görməmək mümkün deyil. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısına həmçinin rejim tərəfindən bu yaxınlarda insan hüquqlarının pozulmalarının da əlavə edilməsi də yerinə düşər. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların bu ilki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır, 1700 insan isə həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənilməmişdir. Siyasi riyakarlıq və siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə hər zaman dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə də dost ölkələri dəstəkləməkdə davam edəcəkdir.

Pərvanə Vəliyeva, Milli Məclisin deputatı
Избранный
52
8
newscenter.az

10Источники