RU

İqlim dəyişmələri mədəni irsə necə təsir edir?

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Dünya liderlərinin iştirak etdiyi konfransda iqlim dəyişikliyinin müxtəlif sahələrə göstərdiyi mənfi təsirlər COP29 samiti daxilində müzakirə edilir.  


Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, müzakirə ediləcək məsələlərdən biri də iqlim dəyişikliyinin mədəni irsə mənfi təsirləri olacaq. 


Bəs iqlim problemləri mədəni irsə nə kimi təsirləri ola bilər?


Modern.az bildirir ki, iqlim dəyişikliyi mədəni irsə həm fiziki, həm də sosial-siyasi aspektlərdə mənfi təsir göstərə bilər. Ümumiləşdirsək mənfi təsirləri aşağıdakı kimi qruplaşdırmaq olar:


Fiziki Zərər və Deqradasiya - İqlim dəyişikliyi, xüsusilə qlobal istiləşmə, qasırğalar, sel, quraqlıq və digər ekstremal hava şəraitii mədəni irsin qorunmasını təhdid edir. Belə ki, artan istilik və nəm dəyişiklikləri, daş, taxta, metal və digər materiallardan hazırlanan tarixi strukturların zamanla aşınmasına və zədələnməsinə səbəb olur. Dünyanın 7 möcüzəsindən biri hesab olunan və dövrümüzə qədər gəlib çıxmış Misirdəki piramidalar və digər qədim abidələr, səhraların nəmli iqlimə çevrilməsi və sahildəki təbii mühitin dəyişməsi nəticəsində ciddi təhlükə altındadır. Qlobal istiləşmə və artan nəm, daşların aşınmasına və abidələrin zamanla deqradasiyasına səbəb olur. Eyni zamanda, Nil çayının səviyyəsinin dəyişməsi yerli mədəniyyəti təhdid edir. Quraqlıq, suyun səviyyəsinin dəyişməsi  arxeoloji tapıntıları təhlükə altına alır. Bəzi ərazilərdə torpaqların eroziyası arxeoloji tapıntıların aşkar edilməsini çətinləşdirir, hətta mümkünsüz hala gətirib çıxarır. 


Dəniz səviyyəsinin yüksəlməsi nəticəsində yox olan qədim şəhərlər - Dəniz səviyyəsinin yüksəlməsi, xüsusi ilə sahilboyu ərazidə yerləşən mədəni irs obyektlərini təhdid edir. Məsələn UNESCO Dünya Mədəniyyət İrs Siyahısına daxil olan Venesiya  suyun səviyyəsinin yüksəlməsi səbəbi ilə ciddi şəkildə təhdid altındadır. Suyun səviyyəsinin artmasına görə gələcək 10 ildə şəhərdə yaşayışın minumuma enəcəyi, hətta mümkün olmayacağı bildirilir. 


Ekosistemə bağlı olan mədəniyyət nümunələrinin məhvi - Bir çox mədəniyyət, ətraf mühitlə sıx əlaqədardır. Bura Cənubi Amerika ərazisində yayılan Maya mədəniyyətinin misal göstərmək olar. Qədim Maya sivilizasiyasının şəhərləri, arxeoloji sahələr və mədəni abidələri quraqlıq və yağışların qeyri-sabitliyi səbəbindən bu ərazilərin torpaqlarının keyfiyyəti pisləşir və Maya mədəniyyətinə aid bəzi tarixi izlərin itməsinə səbəb olur. Maya şəhərlərinin qalıqları, təbii eroziya və sel kimi təbiət hadisələr nəticəsində zərər görür və artefakt kimi məhv olmasına səbəb olur. 


Sosial və iqtisadi təsirlərin yaratdığı problemlər - İqlim dəyişikliyi, mədəni irsin qorunması və inkişafını sosial və iqtisadi baxımdan da təsir edə bilər. Bəzi turistik yerlər, mədəni və tarixi əhəmiyyət kəsb edən abidələr və şəhərlər, iqlim dəyişikliyi səbəbindən spesifikliyini itirir, beləliklə turizm gəlirləri azalır. Bu, iqtisadi itkilər və yerli mədəniyyətlərin mühafizəsi üçün zəruri olan maliyyə dəstəyi problemlərini də yaradır.


Sosial ədalət və mədəni bərabərsizlik - İqlim dəyişikliyi, həmçinin sosial və mədəniyyətlər arası bərabərsizlik yaradır.  Belə ki, zəif və kasıb ölkələr iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox məruz qalır, nəticədə mədəniyyətlər arası bərabərsizlik yaranır. Bu,  mədəni irsin qorunmasına zərbə vura bilər, çünki bu ölkələrin resursları mədəni irsə sərmayə qoymağa kifayət etmir. İqlim dəyişikliyi nəticəsində, bəzən mədəni mülkiyyətin qorunması da sosial və hüquqi baxımdan çətinləşir. Yerli icmalar, mədəni mülkiyyətlərini və irsini qorumaq üçün məhdud resurslara sahib olur və bu da ətraf mühitin qorunmasına dair mübarizəni çətinləşdirir.

 

Mədəni irsin qorunması üçün təcili tədbirlər alınması, həm ölkələrin, həm də beynəlxalq təşkilatların birgə çalışmasını tələb edir. Bu baxımdan ölkəmizdə keçirilən COP29 beynəlxalq tədbiri çərçivəsində iqlim problemləri səbəbi ilə mədəni irsə dəymiş və dəyə biləcək zərərlərin araşdırılması və həlli istiqamətində işlərin görülməsi təkcə tarixi və mədəni abidələrin qorunmasını deyil, həm də mədəni ənənələrin və yerli biliklərin davamlılığını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Избранный
55
1
modern.az

2Источники