RU

Dirçəlişin və birliyin rəmzi

Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixlərimizi əbədiləşdirmək məqsədi ilə 2023 – cü ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günüdür. Ağdam digər iki rayonumuz - Laçın və Kəlbəcər ilə birlikdə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən işğaldan azad olunub. Bu üç rayonun Bəyanata əsasən, bir güllə belə atılmadan azad olunması ölkəmizin möhtəşəm Qarabağ Zəfərinin təkcə hərb meydanında qazanılmadağının, bu zəfərin Azərbaycanın tarixindəki ən böyük siyasi qələbə olduğunun da sübutudur. Bu həm də cənab Prezidentin böyük diplomatik məharəti və qətiyyətinin təzahürüdür.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını daşıyır. Bu ad, uzaq keçmişdə bölgədə yaşayan türkdilli qəbilələrin özlərini qorumaq üçün tikdikləri kiçik qalalardan irəli gəlir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın bu ərazidə ağ daşdan tikdirdiyi imarət də bu adın yayılmasına səbəb olub. İmarət ətraf kəndlərin sakinləri üçün bir oriyentirə çevrilib və beləliklə, “Ağdam” işıqlı, ağ ev mənasını qazanıb.
Sahəsi 1094 km² olan Ağdam rayonunun əsası 1930 – cu ildə qoyulub. Relyefi əsasən düzənlikdən ibarət olan rayon, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşir. Bu coğrafi mövqe, Ağdamın tarixi və iqtisadi baxımdan strateji bir mərkəzə çevrilməsinə səbəb olub.
Ağdam ərazisi insanlığın qədim yaşayış məskənlərindən biridir. XX əsrin 50-ci illərindən aparılan arxeoloji qazıntılar zamanı altı – səkkiz min il bundan əvvələ, yəni Eneolit dövrünə aid yaşayış izləri aşkar olunub. Buradan tapılan taxıl və üzüm dənələri yerli əhalinin oturaq həyat keçirdiyini və yüksək əkinçilik mədəniyyətinə sahib olduğunu sübut edir. Üzərriktəpədəki qazıntılar isə Ağdamın Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri, Zaqafqaziyada isə ən zəngin abidələri olan yerlərdən biri olduğunu sübut edir.
Qədim tarixə və əlverişli coğrafi mövqeyə malik doğma şəhərimiz Ağdam işğalçı Ermənistanın da diqqətini cəlb etmişdir. Rayonun qəhrəman sakinlərinin böyük həcmdə silah-sursat və canlı qüvvəyə qarşı 42 gün davam edən mübarizəsi 1993-cü ilin 23 iyulunda Ağdamın 73 faizinin Ermənistan tərəfindən işğal olunması ilə sonlanmışdır. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur olmuş, rayonun iqtisadi və mədəni infrastrukturu tamamilə məhv edilmişdir. Ağdam uğrunda gedən döyüşlər nəticəsində 6 mindən çox vətəndaşımız şəhidlik zirvəsinə yüksəlmişdir.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək Ermənistanın işğalçı qüvvələrinin Ağdamdan və digər ərazilərdən dərhal çıxarılmasını tələb etmiş, ATƏT –in Minsk qrupunun 9 ölkəsi adından hücum qətiyyətlə pislənərək işğal olunmuş ərazilərdən qoşunun çıxarılmasına çağırış edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq qərarları nəzərə almamış və işğal rejimini davam etdirmişdir.
Ermənistanın Ağdama qarşı işğalçılıq siyasəti bununla da kifayətlənməmişdir. İşğalçı dövlət Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdir. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən nəinki Ağdama, o cümlədən, işğal olunmuş digər rayonlarımızda da azərbaycanlı sakinlərə qarşı etnik təmizləmə törədilməsi bu dövlətin əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının tarixi Zəfəri nəticəsində imzalanan üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 20 noyabrında doğma Ağdam şəhəri işğaldan azad edilmiş və Zəfər təqvimimizə yeni bir qürurverici tarix əlavə edilmişdir.
2020 – ci ilin 26 noyabr tarixində “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəcamları ilə Ağdam azad olunması uğrunda böyük şücaət göstərən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medal ilə təltif olundu.
Dövlət başçısı İlham Əliyev Ağdam şəhəri azad olunduqdan sonra bölgəyə 9 dəfə səfər etmişdir. Bu gün Ağdamın yenidənqurma və bərpa işləri ən yüksək səviyyədə və sürətlə davam etdirilir. 2021-ci ildə Ağdam şəhərinin Baş Planı ictimaiyyətə təqdim olundu. Plan çərçivəsində şəhər müasir standartlara uyğun şəkildə yenidən qurulur. Kəndlərdə və şəhərin digər hissələrində də bərpa işləri sürətlə davam edir. Prezident İlham Əliyevin iştirakı ilə 28 may 2021 – ci ildə, Bərdə - Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının və Ağdam Zəfər və İşğal muzeylərinin təməlqoyma mərasimi keçirildi. Bölgədə aparılan bərpa və quruculuq işləri çərçivəsində “İmarət” Kompleksi, Qarabağ xanlarının türbələri, Cümə məscidi və digər tarixi məkanlar orijinal vəziyyətinə qaytarılır. Bununla yanaşı, yeni yollar, mehmanxanalar, məktəblər, xəstəxanalar və mədəni abidələrin bərpası diqqət mərkəzindədir. Ağdam şəhərinə ilk köç isə gələn ilin payızına planlaşdırılıb.
Bu əlamətdar gün, şəhərin mədəniyyətini, tarixini və əzmkarlığını qeyd edərək, hər kəsin Ağdam üçün qurulacaq daha gözəl sabaha töhfə verməyə çağırışıdır. Şübhəsiz ki, Ağdam, həm tarixi mədəniyyəti, həm də yenidənqurma işləri ilə Cənubi Qafqazın inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Bu proses Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, köçkünlərin Ağdama qayıdışını da sürətləndirəcəkdir. Azərbaycanın bu qədim torpağı yenidən öz əvvəlki abadlığına qovuşacaq və ölkənin inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.

Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Избранный
15
1
sesqazeti.az

2Источники