RU

“Kişilərin bir banka qatıqdan fərqi yoxdur!”

Kulis.az Fəridənin yeni yazısını təqdim edir.

Dünya alimləri, “İsviç bilim adamları”, araşdırma mərkəzləri, yazıçılar, psixoloqlar, fəlsəfəçilər – bütün dünya illərdir əlbir olub “qadınlar nə istəyir?” sualına cavab axtarır. Azərbaycanlı qadınlar olaraq biz isə “kişilər nə istəyir?” sualının həndəvərində girinc qalmışıq.

İndi sizə deyəcəklərimi heç bir psixoloq, ağsaqqal, müdrik quru belə deməyəcək. Niyə – çünki dünyada elə mətləblər var ki, kişilər onlardan əsla xəbərdar olmamalıdır.

Elə həqiqətlər var ki, kişi onları bilsə, çökər. Səhralara üz tutar, meşələrə çəkilər, mağaraya geri dönər.

Bəs nə? Eqosu zədələnən kişi dünyanın ən köməksiz, ən aciz canlısıdır axı.

Kişi zəif, mıy-mıy, aciz olsa, onda qadının yaşamağa stimulu qalmır axı.

Ona görə də, tarix boyu ağıllı cinsdaşlarım hər əzaba dözüb, sinə gəriblər ki, “kişi” obrazı əzəmətini itirməsin.

Davamıza, müharibəmizə, mübarizəmizə məna qazandırmaq naminədir bütün bu məşəqqət.

Nədən danışdığım aydın olsun deyə konkret problemi göstərmək istəyirəm indi sizə.

Bilirsiniz ki, boş vaxt tapan kimi sosial şəbəkələrdə qadın qruplarına girib qızların statuslarını, şərhlərini oxuyur, problemləriylə tanış olur, bildiyim, bilmədiyim mövzularda fikir bildirir, dəstək olmağa çalışıram.

Bu qruplarda günün mənzərəsi çox aydın görünür. Əvvəllər daha çox alış-veriş, plastik əməliyyat həkimləri, qayınana-gəlin, gəlin-baldız problemləri kimi mövzulara toxunulurdusa, son dövrlərin bircə aktual problemi var: kişilər.

Hər gün mütləq bu mövzuda status görmək olur.

Problem nədir?

Kişilərin nə istədiklərini tapa bilmirik.

Bizi sevgisizlik, maddiyyatçılıq, fürsətçillik, sədaqətsizlikdə ittiham edən kişilər özləri nə istəyir bəs?

Həyatında onu sevən, dəyər verən bir qadın olduğu halda niyə “doymurlar”?

Biriylə evlənirlər, biriylə sevgili olurlar, biriylə dost, biriylə tanış və s.

Orta statistik hər kişinin başında bir topa qadın dəstəsi var, ay qardaş.

Həyat yoldaşı (sevgilisi) də bilmir kimlə döyüşsün, dərdini kimə desin.

Hamıya maraqlıdır ki, niyə kişilər ətraflarına bu qədər qadın yığır? Bir qadında tapmayıb beş qadında axtardığı nədir? Bunun nə olduğunu bilsək, bəlkə, bir az ürəyimiz dincələr.

Əmin olun ki, nə axtardıqlarını özləri də bilmir, amma məsələ bu deyil.

Niyə belə olur?

Evli və ya sevgilisi olan kişilərin ətrafına niyə çox qadın yığılır?

Bu kişi o qadınlardan, yaxud da o qadınlar bu kişidən nə istəyir?

Bu halda ən məntiqli çıxış yolu nədir?

Darıxmayın, bütün cavablar məndədir. Özü də, bu cavabları havadan üfürmürəm ha, oxuduğum, araşdırdığım mənbələr, yarım-yamalaq tərcümələrim, avtobusda, qatarda daldığım düşüncələrim nəticəsində ümumiləşdirib ortaya çıxardığım mətləblərdir.

Əvvəlcə, kişilər üçün bir həqiqət:

Ətrafınızda, həyatınızda çoxlu qadınlar varsa, bunun sizinlə heç bir əlaqəsi yoxdur.

Başa düşmədiniz, hə?

Yəni, ətrafınızda qadın çoxdursa, səbəb sizin mükəmməlliyiniz, təkrarolunmazlığınız, ələdüşməzliyiniz deyil.

Sizinlə uzun-uzadı danışmaq fikrim yoxdur, mənim məqsədim qadınları maarifləndirməkdir, istəsəniz, burdan o yana heç oxumayın, oxuduqlarınız xoşunuza gəlməyəcək çünki.

Nə isə.

Bacılarım, təsəvvür edin ki, bir dükana girmisiniz. Ortada bir geyim asılıb və bütün alıcılar o geyimin ətrafına toplaşıb. Hərə bir tərəfdən əlləşdirir, qaldırıb-qoyur, etiketinə, materialına baxır.

Qeyri-ixtiyari olaraq ayaqlarınız sizi ora çəkəcək. Siz də izdihamı yarıb o paltara baxmaq istəyəcəksiniz. Ən azı.

Ya da, bazara girmisiniz, səs-küy, balıq qoxusu, pendir iyini yara-yara göyərti “otdel”-inə tərəf gedirsiniz, birdən görürsünüz ki, piştaxtanın birində adamlar topalaşıb. Ortada da bir banka qatıq.

Adama maraqlı gəlir axı. O qədər adam bir banka qatığın başına yığılıbsa, demək, adi qatıq deyil. Nəsə var. Yenə, ən azı, maraq naminə yaxınlaşıb baxacaqsınız.

Hələ bir qadın da “ay xanım, çəkil, biz də baxaq” desə, vəssalam. Qırğın düşəcək. Sırf o qadının acığına o qatıq bankasını almağa çalışacaqsan. Heç dadına baxmayacaqsan, ehtiyacın olub-olmadığını düşünməyəcəksən də.

Bəli, cənablar, bu vəziyyətdə sizin də bir banka qatıqdan heç bir fərqiniz yoxdur. Yəni, qadınlar sizin uğrunuzda mübarizə aparırsa burda sizlik bir şey yoxdur.

Qızlar, əgər sevdiyiniz adamın ətrafında sizdən başqa da qadınlar varsa, qətiyyən sevgi naminə, kişi uğrunda o qadınlarla mübarizə aparmaq kimi bir səhvə yol verməyin.

Siz digər qadınlarla mübarizə aparıb, bir yandan da kişini nəzarətdə saxlamağa cəhd etdikcə əvvəlcə kişi özü, sonra da o böyür-başdakı xanımlar elə bilirlər ki, bu adam çox dəyərli, ələdüşməz, bənzərsiz biridir.

Qadınlar da qızışır, hamı bu dəyərli tikəni qazanmağa çalışır. Kişi o yandan eqo tavan, məndən yoxdu havaları filan. Sizi saymır hətta daha.

Ətrafda pərvanələr çoxdu axı.

Bu vəziyyətlərdə ən strateji addım sakitcə geri çəkilməkdi.

Sakitcə bir addım geri çəkilin və kişinin quzu balası kimi, tıpış-tıpış gəlməyini gözləyin.

İstisnasız belə olur.

Pərvanələr də görür sən mübarizə aparmırsan, deyirlər, bu kişi matah bir şey olsa o qadın əlini çəkib getməzdi, dağılışıb gedirlər başqa dəyərli obyekt tapmağa.

Unutmayın, bazar iqtisadiyyatında bir qanun da var: tələb yoxdursa, mal dəyərini itirir. Ucuzlaşır.

Çəkilin ki, ucuzlaşsınlar. Ya da, əsl dəyərləri bilinsin.

Kişilər, sizsə önəmli bir nüansı gözardı etməyin: İstisnasız bütün qadınlar həyatındakı qadına sadiq kişilərə xüsusi rəğbət, simpatiya bəsləyirlər.

Избранный
34
1
millitv.net

2Источники