RU

Azərbaycanın yaşıl enerjiyə keçid siyasəti obyektiv reallıqlara əsaslanır

Yeni çağırışların müzakirə olunduğu qlobal COP29 konfransına uğurla ev sahibliyi edən Azərbaycanın dünyanın enerji təhlükəsizliyində artan rolu beynəlxalq miqyasda açıq etiraf edilir. BMT-nin ali tədbiri bu baxımdan unikal platforma olaraq, respublikamızın yeni enerjiyə keçid strategiyasının beynəlxalq miqyasda artan əhəmiyyətinin müzakirəsi, sektor üzrə yeni əməkdaşlıq təmayüllərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Keçmiş postsovet məkanında ilk dəfə məhz Azərbaycanda keçirilən bu nəhəng tədbir fonunda bir daha təsdiqlənir ki, respublikamızın regiondakı və Avropadakı tərəfdaşları ilə birgə reallaşdırdığı mühüm enerji layihələri Azərbaycanın dünya enerji təchizatında sabitləşdirici rol oynamasına zəmin yaradıb. Respublikamız yeni neft diplomatiyasının məntiqi davamı olaraq təbii qazın Qərb bazarlarına nəqli strategiyasını uğurla reallaşdırmaqla yanaşı, alternativ və bərpa olunan enerjiyə keçidi nəzərdə tutan qlobal layihələrə, yaşıl enerji dəhlizlərinə də müəlliflik edir. Başqa sözlə, son onilliyədək daha çox neft-qaz ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycanın enerji siyasəti son 10 ildə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Ekoloji təmiz mənbələr hesabına elektrik enerjisinin istehsalının məqsədi bir tərəfdən atmosferə atılan qaz emissiyalarının həcminin azaldılması yolu ilə ölkəmizin iqlim öhdəliklərinin yerinə yetirilməsi, digər tərəfdən Avropa İttifaqı və digər region dövlətlərinə yaşıl enerji ixracının genişləndirilməsi, yaşıl ixrac dəhlizlərinin yaradılmasıdır.

Bu kontekstdə anti-Azərbaycan şəbəkənin Azərbaycanın neft-qaz ölkəsi olduğunu əsas gətirərək, COP29-un Bakıda keçirilməsinə qarşı çıxması, tədbiri "boykot çağırışı" reallıqdan uzaq, qərəzli yanaşma kimi iflasa uğrayıb. Neft və qazla zəngin olması və digər təbii üstünlükləri ölkəmizə qarşı gülünc və absurd ittihamların səsləndirilməsinə qətiyyən əsas vermir. Üstəlik, belə qeyri-məntiqi iddiaların qlobal təchizatda rolu ölkəmizdən onlarla qat çox olan dövlətlər tərəfindən səsləndirilməsi cılız siyasi maraqlardan qaynaqlanır. Ölkəmiz qlobal neft hasilatında 0,7, qlobal qaz hasilatında 0,9, qlobal qaz emissiyalarında cəmi 0,1 faiz paya malikdir.

Prezident İlham Əliyev COP29 çərçivəsində çıxışları zamanı bu mövzuya xüsusi toxunub və ölkəmizin neft-qaz ölkəsi olmasında günahlandırılmasının absurd olduğunu vurğulayıb: "Hər bir təbii sərvət - istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis - bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq".

Azərbaycan müasir dünyanın yeni trendlərini əsas tutaraq, malik olduğu alternativ enerji mənbələrindən istifadə istiqamətində kompleks davamlı tədbirlər həyata keçirir və COP29 çərçivəsində imzalanan çoxsaylı sazişlər bunu bir daha təsdiqləyir. Bu razılaşmalar Azərbaycanın qlobal iqlim öhdəliklərini yerinə yetirməsinə - 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faizədək azaldılmasına, ölkəmizin ümumi enerji balansında bərpa olunan enerjinin payının 30 faizə çatdırılmasına imkan yaradacaq.

Rəsmi Bakı COP29 çərçivəsində dövlətlərin yaşıl enerjiyə keçidinin vacibliyini təşviq etməklə yanaşı, məsələyə daha realist və praqmatik yanaşır, qalıq enerjidən yaxın onilliklərdə istifadənin tamamilə məhdudlaşdırılmasını qeyri-mümkün sayır. Müasir dövrdə alternativ enerjiyə keçid nə qədər zəruri olsa da, dünya ölkələrinin qalıq enerji asılılığı hələ onilliklər boyu davam edəcək. Bu gün dünya iqtisadiyyatı və sənayesində mühüm rolu olan dövlətlər və transmilli şirkətlər böyük həcmdə neft-qaz idxal etməyə məhkumdurlar. Bu asılılığın alternativ mənbələr hesabına tam təmin edilməsi və qısa zamanda aradan qaldırılması qeyri-mümkündür. Çünki bu gün qalıq yanacağından sənayenin neft-kimya və digər sahələrində geniş istifadə olunur. Bu səbəbdən nə Avropa, nə də ABŞ-ın yaxın onilliklərdə qalıq yanacaqsız keçinməsi mümkün olmayacaq. Bu və digər ölkələrin neft və qaz istehsalına hər il milyardlarla dollar sərmayə qoyuluşları da nəzərə alınmalıdır.

 

COP29 əleyhinə qərəzli kampaniyalar aparan qüvvələr sırasında yer alan Avropa İttifaqı bu gün Azərbaycan nefti və təbii qazına ciddi ehtiyac duyur. Bu geosiyasi arealda yerləşən dövlətlərə hasil olunan təbii qazın həcminin ilbəil artımı da alternativ enerjiyə keçidin kifayət qədər uzunmüddətli proses olduğunu deməyə əsas verir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4 milyard kubmetr təbii qaz ixrac edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 milyard kubmetr, yaxud 9,3 faiz çoxdur.

Müqayisə üçün onu da bildirək ki, Ukraynadakı müharibəyə rəğmən, Rusiya Avropaya boru kəməri ilə qaz ixracını 2024-cü ilin yanvar-oktyabr aylarında 15 faizdən çox artıraraq, 26,52 milyard kubmetrə çatdırıb. Avstriya, Macarıstan və Slovakiya kimi ölkələrə qaz tədarükünün 80 faizə qədəri hələ də Rusiyadan asılıdır.

Bütün bunlar, eləcə də COP29 çərçivəsində aparılan müzakirələr, əldə olunan razılaşmalar Azərbaycanın neft-qaz ölkəsi kimi günahlandırılmasının nə qədər məntiqsiz, absurd olduğunu bir daha göstərir. Rəsmi Bakının yaşıl enerjiyə keçiddə səmimi olduğu etiraf edilir, tərəfdaşları ilə birgə bu sahədəki zəngin potensialından səmərəli istifadə yönümündə reallaşdırdığı müştərək layihələr razılıqla qarşılanır. Təsadüfi deyil ki, COP29 çərçivəsində Almaniya kansleri Olaf Şolts yüksək ambisiya koalisiyasının liderləri tərəfindən dəstəklənən qalıq yanacaqların hərtərəfli ləğvi ilə bağlı bəyanatı imzalayıb. Xatırladaq ki, Dubayda keçirilən COP28-də rəsmi Berlin bu sənədi imzalamaqdan imtina etmişdi.

Bütün bunlar göstərir ki, dünyada enerji keçidi uzunmüddətli prosesdir. Ölkəmizə qarşı qərəzli iddialar səsləndirən bəzi Qərb dairələrindən fərqli olaraq, Azərbaycan bu məsələdə daha realist, daha səmimi yanaşma nümayiş etdirir.

MTM Analitik Qrup

Избранный
18
1
day.az

2Источники