RU

Paşinyan komandasında “yarpaq tökümü”

Bu, Hayastan liderinin 6 ildə apardığı ilk köklü kadr islahatıdır

Ərazi idarəetmə və infrastruktur naziri, Dövlət gəlirləri komitəsinin rəhbəri Nikol Paşinyanla təcili iclasa çağırılandan sonra, onların ardınca Daxili işlər naziri, İstintaq komitəsinin rəhbəri, Ali Məhkəmə Şurasının, Antikorrupsiya komitəsinin sədrləri tutduqları postlarından istefa verdiklərini açıqlayıblar.

Hələlik səs-küylü istefaların qəbul edilməsinin rəsmi təsdiqi yoxdur. Bununla bağlı baş nazirin tezliklə qərar verəcəyi gözlənilir. İqtidar komandasında qəfil “yarpaq tökümü”nün Paşinyanın nazirlər kabinetinin iclasında təhlükəsizlik qüvvələrinin rəhbərlərinə verdiyi son töhmətin ardınca başladığı diqqətdən yayınmayıb.

Nikol Paşinyan hakimiyyətə gəlməsindən 6 il sonra komandasında apardığı kadr dəyişiklikləri ilə bağlı xalqa müraciətində bunun səbəbini açıqlayıb: “Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən geniş müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələrdən getmələrini xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə söylədiyim sistem xarakterlidir. Eyni zamanda, adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm və hər kəsə töhfələrinə və xahişimi başa düşdüklərinə görə təşəkkür edirəm”.

İqtidar partiyasından istefalarla bağlı reaksiyaların hamısı bir məntiqə köklənib: hüquq-mühafizə və məhkəmələrin rəhbərlərinin genişmiqyaslı istefaları baş nazir tərəfindən onların ünvanına səslənən son tənqidlərin məntiqi davamı kimi qəbul edilməlidir. Bu barədə dünən Ermənistan Milli Assambleyasında keçirilən ənənəvi brifinqdə hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan danışıb. Bu məqamda oxuculara xatırladaq ki, iki gün əvvəl parlament iclasında iqtidar partiyasından olan deputat Ovik Ağazəryanla Ermənistan istintaq komitəsinin keçmiş sədri Argişti Kərəmyan arasında ciddi münaqişə baş verib. Bu zaman tərəflər bir-birini hətta küçə söyüşləri ilə təhqir ediblər. İnsidentlə bağlı H.Koncoryan bildirib ki, cəmiyyətdə birmənalı şəkildə qayda-qanun yaradılmalıdır: “Bu, parlamentin iclas zalında da müzakirə mövzusuna çevrilib”.

Ermənistanın ədliyyə sistemində problemlərin 30 ildir yığıldığını və onların köklü xarakter daşıdığını xatırladan deputat buna seçki yolu ilə və ya başqa üsulla deyil, kadr siyasəti nöqteyi-nəzərindən baxmaq lazımdır. Az sonra isə parlament çoxluğunun rəhbəri etiraf edib ki, ayrı-ayrı adamları dəyişdirməklə hər hansı sistem dəyişikliyinə nail olmaq qeyri-mümkündür.

“Siz hər şeyə görə cavab verməli olacaqsınız!”. Bu sözləri Ermənistan siyasi sistemində başlamış kadr dəyişikliyi və geniş miqyaslı ixtisarlarla bağlı danışarkən müxalifətdən olan deputat, Respublika partiyasının üzvü Tiqran Abramyan bildirib. “Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu 6 il ərzində bir çox vədlər verib. O cümlədən müstəqil məhkəmə sisteminin formalaşdırılması, həmçinin korrupsiya ilə mübarizə sahəsində islahatla bağlı. Amma heş bir vədini yerinə yetirməyib”– deyən T.Abramyan bu barədə Milli Assambleyada təşkil olunan ənənəvi brifinqdə danışıb.

“Ancaq illər boyu hakimiyyətin maraqlarına xidmət edənlər indi rüsvayçılıq içində yaşayırlar. İntəhası, işdən çıxmaq onları vəzifədə olarkən törətdikləri əməllərə görə məsuliyyətdən azad etmir. Amma vaxt gələcək və onlar indiki hərəkətlərinə görə cavab verməli olacaqlar”.

Ermənistan hökumətində köklü kadr dəyişikliklərinin maraqlı hadisələrin fonunda baş verməsi də nəzərdən yayınmır. Söhbət bir neçə gün əvvəl baş nazir Nikol Paşinyanın imicini qəfil dəyişməsi – saqqalını qırxmasından gedir. Sosial şəbəkələrin erməni seqmentlərində baş nazirin yeni sima görünüşü ilə komandasında başladığı kadr islahatları arasında qəribə paralellər aparılmaqdadır. Hay siyasi təhlilçiləri, eksspertləri Paşinyanın yeni imic jesti ilə “komandasının simasını təzələmək” addımları arasında birbaşa bağlılıq axtarırlar.

Yəni, sosial mediada belə bir fikir geniş yayılmaqdadır ki, Nikol Paşinyan saqqalını qırxmaqla Ermənistan hakimiyyətində yeni mərhələnin başlandığı mesajını verir və o, hökumətdə başladığı kadr islahatını daha qətiyyət və sürətlə həyata keçirmək niyyətindədir.

Əslində, erməni blogerlərin “saqqal və kadr dəyişikliyi” arasında apardıqları paralellərdə baş nazirin həm daxili, həm də xarisi siyasət strategiyasında ciddi korrektələr edəcəyi kimi xarakterizə olunur. Yaxın vaxtlarda Hayastan iqtidarında qəfil “yarpaq tökümü”nün arxasında daha nələrin gizləndiyinin şahidi olacağıq.

İ.HƏSƏNQALA
XQ

Избранный
37
xalqqazeti.az

1Источники