RU

Sülh İrəvanın yeganə qurtuluş qapısıdır

Hindistan kimi ölkələr Ermənistanı daha böyük bəlalara və təhlükələrə atır

"İrəvanın sülh prosesindən yayınması və cürətlənməsinin arxasında bəzi xarici dövlətlərin durması hamıya məlumdur"



  Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə silahlanmaya üstünlük verir. İşğalçı ölkəni Azərbaycana qarşı növbəti müharibəyə hazırlayan ABŞ və Fransa Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyil. Əksinə, bu münaqişəni yenidən alovlandırmağa çalışırlar. Şübhəsiz, bu, Ermənistan üçün çox təhlükəli tendensiyadır. Son günlərdə Ermənistanı davamlı silahlandıran ölkələrdən biri də Hindistandır. Hindistan "Akaş" (Akash) zenit raket kompleksinin ilk batareyasını artıq Ermənistana göndərib. "Akaş" sistemləri yer-hava tipli raketlərə sahibdir. O, təyyarələr, raketlər, hava-torpaq tipli raketləri, eləcə də PUA-ları 25 kilometrə qədər məsafədə məhv etmək gücündədir. Xatırladaq ki, Ermənistan Rusiyadan "Su-30SM" qırıcısı sifariş etsə də, bu təyyarələr beş ildir İrəvana təhvil verilməyib. Rusiyadan əli üzülən İrəvan Hindistana üz tutub. Ermənistanı silahlandıran ölkələr unutmamalıdırlar ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasında 29-cu pillədə qərarlaşıb. Yəni Ermənistanın silahlanması mövcud reallıqlara təsir edəcək amil deyil. Əksinə, bu silahlanma Ermənistana baha başa gələcək. Ən əsası isə Ermənistanın özünü “Sülh göyərçini” kimi təqdim etməsi, digər tərəfdən isə Azərbaycana qarşı silahlanması regionda sabitliyi və təhlükəsizliyi poza bilər. 
  AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Azərbaycanla sülh prosesindən yayınması və cürətlənməsinin arxasında bəzi xarici dövlətlərin durması hamıya məlumdur. Həmin dövlətlərdən biri də Hindistandır. Ekspert bildirib ki, rəsmi Dehli Ermənistanla bütün sahələrdə, xüsusən də hərbi-texniki sahədə geniş əməkdaşlıq edir:

"Hindistan Ermənistana ən müasir silahlar tədarük edir. Erməni ordusunun döyüş hazırlığının və döyüş qabiliyyətinin gücləndirilməsində Hindistan böyük canfəşanlıq edir. Ermənistan özünü "sülh göyərçini" kimi beynəlxalq aləmə təqdim etməyə calışdığından Hindistanla etdiyi silah bazarlığının ictimailəşməsini istəmir. Həmçinin yaxşı anlayır ki, bu hal Azərbaycanı adekvat addımlar atmağa vadar edəcək. Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına, diplomatik əlaqələrin yaranmasına və sülhün əldə edilməsinə həvəs göstərmir. Sadəcə, prosesi bu və ya digər bəhanələrlə ləngidərək əlverişli məqam gözləyir və paralel olaraq ordusunu gücləndirməklə məşğul olur. Əgər Ermənistan sülh istəyirsə, o zaman hücum silahlarını niyə alır və büdcədən müdafiə xərclərini niyə iki dəfədən çox artırır?".
  Analitik vurğulayıb ki, Hindistan kimi ölkələr Ermənistanı daha böyük bəlalara və təhlükələrə atır: "Hindistan Azərbaycana münasibətini Çinlə və Pakistanla olan strateji əlaqələrinin əks konturlarına bağlayır. Lakonik ifadə etsək, Hindistanı Azərbaycanın əzəli düşməni və rəqibi hesab etdiyi Çinlə və Pakistanla strateji müttəfiqliyi ciddi şəkildə qıcıqlandırır. Odur ki, "düşmənimin düşməni" prinsipi əsasında Ermənistana hər cür dəstək göstərir. Lakin onu birdəfəlik anlamalıdırlar ki, dünya hərb və döyüş sənəti hər il dəyişir, yenilənir. Eyni zamanda ordunun gücü təkcə onun müasir silah-sursatından deyil, həm də döyüş və hərbi vətənpərvərliyindən, mənəvi ruhundan bilavasitə asılıdır. İllərlə silahlanan Ermənistan 44 gün ərzində duruş gətirə bildi və generalları da başda olmaqla 10 min fərari döyüş meydanını silah-sursatı, texnikanı qoyaraq qaçdı. Bu dəfə də belə olacaq". 

Избранный
10
sherg.az

1Источники