RU

Artıq beynəlxalq hüquq işləmir, gücün hüququ işləyir  - RƏY

Azərbaycanda 2025-ci ilin büdcəsində müdafiə doktrinasının və təhlükəsizlik konsepsiyamızın gücləndirilməsi əsas amil sayılır
 


  Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirləri çərçivəsində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır. Dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib. Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Prezident İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək. 2025-ci ilin xərclərin strukturuna müdafiə qüvvələri üçün 2 milyard 665, 2 milyon, milli təhlükəsizlik üçün 467 milyon 917 min, sərhəd xidməti üçün 540 milyon 314 min manat daxildir. Həmçinin müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub. 
  Hərbi ekspert Elxan Şıxalıyev "Sherg.az"a açıqlamasında deyib ki, müdafiə və təhlükəsizlik xərclərinin artırılması gözlənilən idi. Ekspertin sözlərinə görə, adətən müdafiə və təhlükəsizlik xərcləri müdafiə doktrini və təhlükəsizlik konsepsiyasını təhdid edən risklərin yaranması səbəbindən artırılır:

"Azərbaycan və Ermənistan arasında hələlik sülh sazişinin imzalanmaması müdafiə və təhlükəsizlik xərclərinin artmasına səbəb olan əsas faktorlardandır. Müharibə riski, Ermənistanın davranışları nəzərə alınır. Xüsusən, bizim coğrafiyamızda üçüncü müharibənin başlanmasında maraqlı olan ABŞ, Avropa İttifaqı kimi güclər var. Qərb ölkələrinin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmasını, Ermənistanı özlərinin təhlükəsizlik çətiri altına alması faktlarını görürük. Ermənistan sürətlə silahlanır və 2025-ci ildə müdafiə xərclərinin 20 faiz artacağı gözlənilir. Sülh imzalanmadığı təqdirdə Ermənistanın silahlanması Azərbaycana qarşı mümkün təhdiddir. Buna görə Azərbaycanda 2025-ci ilin büdcəsində müdafiə doktrinasının və təhlükəsizlik konsepsiyamızın gücləndirilməsi əsas amil sayılır". 
Hərbi ekspert qeyd edib ki, hərbi gücün artırılması həm də çəkindirici güc kimi qiymətləndirilir: "Ermənistanı cəsarətləndirən qüvvələr Azərbaycanın hərbi gücünü qiymətləndirərək münasibətləri əsaslandıracaqlar. Ermənistanla yanaşı, digər ölkələrin də Cənubi Qafqazda mümkün münaqişələrdə təhdid yaratması ehtimalı var. O səbəbdən çox doğru qərardır. Artıq beynəlxalq hüquq işləmir, gücün hüququ işləyir. Hansı dövlət güclüdürsə, öz təhlükəsizliklərini təmin edə bilirlər. Konfliktlərin artdığı bir dövrdə müharibə istəməyən ölkələr güclü ordulara malik olmalıdırlar". 

Избранный
46
sherg.az

1Источники