RU

Yalvarışlara baxmayaraq evdən qovulan hamilə qadın ərini öldürdü - Məhkəmə

Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın məhkəməsi yekunlaşıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hələ ilkin istintaqın sonunda Əfsanənin ittihamı yüngülləşdirilib.

Buna səbəb isə ekspert rəyləri ilə təqsirləndirilən şəxsin əməlinin güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində törətməsinin sübuta yetirilməsi olub. İstintaq orqanının qərarı ilə Əfsanəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham eyni məcəllənin 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

İttihamın dəyişməsi ilə bağlı Əfsanənin işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Əfsanəni ərini öldürməyə nə vadar edib? Qandonduran təfərrüat...

Bundan əvvəlki yazılarımızda Əfsanənin cinayət törədərkən hamilə olması, övladını həbsdə dünyaya gətirməsi ilə bağlı məlumat vermişdik.

İş materiallarından görünür ki, elə Əfsanənin əri Ağahüseyn İmanovu öldürməsinin səbəbi də övladı ilə bağlı olub. O, kişinin ikinci həyat yoldaşıdır. Ərinin əvvəlki evlilikdən iki övladı var. Əfsanə Ağahüseynə qoşulub qaçıb, molla kəbini ilə ailə qurublar.

Evlilikdən 6 ay sonra Əfsanə hamilə qalıb. Elə münasibətlər də bundan sonra korlanıb. Əfsanə övladını dünyaya gətirmək istəsə də, əri bunun əleyhinə olub. O, dəfələrlə arvadından abort etdirməsini tələb edib. Bununla bağlı tez-tez mübahisə ediblər.

Mərhum əvvəl arvadını evdən qovmaq istəyib, əks halda uşağını məhv etməsini tələb edib. Əfsanə qarşısında diz çökərək hamilə olduğuna görə ona evdən qovmaması üçün yalvarıb. Bu vaxt əri külqabı ilə onun başına vuraraq yüngül xəsarət yetirib.

Bundan sonra cütlük arasındakı münasibətlər daha da kəskinləşib, Ağahüseyn hamiləliyini sonlandıracağı hədəsi ilə bıçaq götürərək arvadının üstünə gəlib.

Əfsanə ifadəsində deyir ki, özünü və bətnindəki körpəsini müdafiə etməsi üçün üstünə hücum çəkən ərinin əlini cırmaqlayıb, bıçağı ondan alıb. Geri çəkilsin deyə bir dəfə bıçaqla onun ayağından vurub. Amma Ağahüseyn tabe olmayıb, qadının hamiləliyini sonlandıracağı ilə bağlı qəti fikirdə olub. Həmin an keçirdiyi stresin təsirindən və situasiyanı adekvat qavramadığından əlindəki bıçaqla ərinə müxtəlif nahiyələrdən 14 dəfə zərbə vurub: "Mən ona dedim... Dəfələrlə dedim ki, bu sənin də övladındır. Sən atasısan, yad deyilsən. Polisə şikayət edəcəyimlə hədələdim, yenə qorxmadı".

"Uşaq sağ qalıb?" - son nəfəsində sualı bu olub...

Əfsanin dediyinə görə, baldızı onlarla eyni həyətdə yaşayıb. Amma hadisədən sonra onu çağırmayıb. Qorxub ki, qardaşını bu vəziyyətdə görüb ona nə isə edər. Əri isə qan içində yerdə uzanarkən son nəfəsində ondan "uşaq sağ qalıb?" deyə soruşub. Nəyə görə bu sualı verdiyini bilməyərək əvvəl başı ilə təsdiq edib, amma bir-iki dəqiqə sonra uşağı da itirdiyini deyib.

Özünü də öldürmək istəyib...

Ərinin öldüyünə əmin olduqdan sonra Əfsanə intihara cəhd edib. Evdə olan siçan dərmanını içib. Bir az sonra bətnində övlad daşıdığı üçün intihar etməsinin düzgün olmadığını düşünərək çoxlu su içməklə dərmanı qaytarıb. Son olaraq atasına zəng edib, ərini öldürdüyünü bildirib. Atası da polisə məlumat verib.

Əfsanə son sözündə məhkəmədən azyaşlı övladına görə yüngül cəza verilməsini xahiş edib.

Amma qətlə yetirilən Ağahüseynin ailəsi deyilənlərlə razı deyil. Hüquqi varis və digər yaxınlar hesab edir ki, Əfsanə ərini qısqanclıq zəminində qəsdən öldürüb. Onlar ittihamın dəyişməsinin əleyhinə olduqlarını, Əfsanənin 120.1-ci (9 ildən 14 ilə kimi) maddə ilə təqsirli bilinməsini istəyiblər.

Sonuncu iclasda hökm oxunub.

Hakim Rəşad Mustafayev istintaq orqanının elan etdiyi sonuncu ittihamı əsaslı hesab edib. Təqsirləndirilən şəxsin həqiqətən də hadisəni affekt vəziyyətində törətdiyini bəyan edib. Hökmə əsasən, Əfsanə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əvvəli 2023-cü ilin avqustun 11-dən hesablanır.

Bununla da Əfsanənin 1 il 3 ay çəkilməmiş cəzası qalıb. 

Milli.Az

Избранный
1401
8
milli.az

9Источники