RU

Gürcüstanda vəziyyət gərginləşir: Zurabişvili məhkəməyə müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvilinin nümayəndəsi Eka Beselia oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı konfidensiallığın və ümumi səsvermə hüququnun pozulmasından şikayət edərək Konstitusiya Məhkəməsinə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Qeyd edək ki, noyabrın 16-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu dərc edib və ona əsasən, hakim “Gürcü arzusu” partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb.

Gürcüstan prezidenti bütün seçkiqabağı dövr ərzində Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri də daxil olmaqla, seçki məntəqələrinin açılmasını tələb edib. Gürcü müxalifəti və yerli müşahidə təşkilatları səsvermə zamanı gizli səsvermə prinsipinin kütləvi şəkildə pozulduğunu bildiriblər.

Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell deyib ki, Aİ parlament seçkilərindəki pozuntuları araşdırmaq üçün Gürcüstana texniki missiya göndərəcək. Onun sözlərinə görə, seçkilərin nəticələri Avropada böyük narahatlıq yaradıb.

Borrell bu barədə Avropa İttifaqının xarici işlər nazirlərinin oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri və ondan sonrakı hadisələrin müzakirə olunduğu görüşdən sonra bildirib.

Bundan əvvəl gürcü müxalifəti Cozep Borrellə və digər görüş iştirakçılarına məktub göndərərək, Gürcüstan hakimiyyətinə qarşı sərt davranmağa çağırıb.

Şahanə Rəhimli
Musavat.com

Избранный
12
musavat.com

1Источники