RU

Ağdamı gülləsiz xilas edən Zəfər

“Azərbaycan xalqının tarixində müqəddəs və əziz günlər çoxdur. 

Hamı razılaşar ki, rayonlarımızın işğaldan azad olması günləri bayrama xüsusi əlavədir. Dövlət başçımız cənab İlham Əliyevin sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü elan olunub və bu, bizim hamımızı həm sevindirir, həm də duyğulandırır. İnanıram ki, yaxın gələcəkdə, cəmi bir neçə il ərzində Ağdam tanınmaz dərəcədə dəyişəcək. Ağdam nəinki Azərbaycanın, Cənubi Qafqazın, bütün regionumuzun ən çiçəklənən şəhərlərindən birinə çevriləcək”. 

Bu sözləri “Cebheİnfo.az”a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, əslən ağdamlı Fazil Baxşəliyev deyib. Fazil Baxşəliyev qeyd edib ki, ağdamlıların çoxuna doğma el-obasına qayıtmaq yuxu kimi gəlirdi.

Amma milli ordumuz və Cənab Ali Baş Komandan bu yuxunu həqiqətə çevirdi. Onlar Azərbaycan tarixinin yeni və şanlı bir səhifəsini yazdı: 

“Birinci Qarabağ müharibəsində Ağdam bir möhküm bir özül idi ki, ermənilər və onların havadarları nə qədər çalışsa da, orada heç bir dəyişiklik edə bilmirdilər. 1988-ci ildən 1993-cü ilin iyulun 23-nə qədər  Ağdam və bütün xalqımızın qeyrətli oğullarının köməyi ilə ermənilərin və rusların hücumlarına dözdülər. Amma elə ki, iyunda dövlət çevrilişə cəhd oldu. 

Surət Hüseynovun qiyamçı hərəkətləri bir boşluq yaratdı və bu, Ağdamın işğalında öz rolunu oynadı. Amma işğal günlərində, 27 il Ağdamın əsarətdə qaldığı hər gün heç bir ağdamlı öz yurdunu unutmadı və Ağdamın azad olunacağına inandı”.

Onun sözlərinə görə, Ağdamın azad olunması Azərbaycan diplomatiyasının mühüm uğuru idi:

“Allahdan Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan oğullarımıza rəhmət diləyirəm. 

Allah hamısının ruhunu şad eləsin! Milli ordumuzun və Müzəffər Ali Baş Komandanımızın səyi nəticəsində digər rayonlar kimi Ağdam da azad olundu. Bu, Azərbaycan diplomatiyasının uğuru idi ki, bir güllə atmadan belə 20 noyabrda Ağdam azadlığına qovuşdu.

Azad olunandan sonra evimizi, yurd-yuvamızı gördük. Ağdamda yeni bərpa işləri gedəndə bir az duyğulandıq ki, daha Ağdamı əvvəlki kimi görməyəcəyik. Amma bu gün çox qürur duyuruq ki, məhz Azərbaycan dövlətinin, onun başçısının Qarabağda apardığı quruculuq işlərinin mühüm bir cəbhəsi Ağdamdır. 

Ağdam bu gün tanınmaz halda dəyişib. Yollar, küçələr, baş plan, sənaye şəhərinin salınması hər bir ağdamlıda qürur doğurur. Mən hər bir ağdamlını qarşıdan gələn Ağdam Şəhəri Günü münasibətilə təbrik edirəm. İnşallah, növbəti 20 noyabrı Ağdamda birlikdə qarşılamağı arzu edirəm”. 

Xalq artisti Mənsum İbrahimov bildirib ki, Qarabağdan artıq güllə səsi yox, muğam səsi gələcək: 

“Ağdam ölkəmiz üçün çox önəmli bölgədir. 30 il biz Qarabağın, Ağdamın həsrətini çəkmişdik. Şükür olsun Allaha, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuz 44 gün ərzində “Dəmir Yumruq”la düşmənin başını əzərək torpaqlarımızı geri qaytardı. “Dəmir Yumruq” sayəsində Ağdam bir güllə atılmadan 2020-ci il noyabrın 20-də geri qaytarıldı. Cənab Prezident Ağdama gedəndən 5 gün sonra mən öz yetirməm, Əməkdar artist Təyyar Bayramovla birlikdə Ağdama getdim. 

İlk dəfə  Ağdam Cümə məscidində azan verdim. Həmin günün hissini mən heç vaxt unuda bilmərəm. Ona görə ki, həmin vaxt o möhtəşəm Ağdam Xirosima, ruhlar şəhəri idi, xarabalığa dönmüşdü. Təkcə məscidin skeleti qalmışdı. Ama şükür Allaha, bu gün Ağdamda kütləvi quruculuq işləri gedir. Tezliklə  Ağdam əvvəlki şöhrətini özünə qaytaracaq. 100 minlik müasir və ağıllı bir şəhər tikilir, abadlıq işləri görülür. “İmarət” bərpa olunub. 

Orda möhtəşəm  Muğam Mərkəzi tikilir. İnşallah, tezliklə ordan yeni muğam səslərimiz ucalacaq”. 

Xalq artisti vurğulayıb ki, bu gün dünyanın gözü Azərbaycandadır: 

“İşğaldan azad olunmuş torpaqlarda quruculuq işləri tamamlanmaq üzrədir. Artıq Sənaye Parkı işə başlayıb. Allah Ali Baş Komandanımızı qorusun, şəhidlərmizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Mən özüm həm də “YAŞAT” Fondunda qazi və şəhid ailələrinin problemləri ilə məşğul oluram. Biz onlara borcluyuq. Çünki bu zəfəri onlar bizə yaşadıb. Buna görə də biz onları yaşatmalıyıq. 

Azərbaycan bu gün böyük tədbirlərə ev sahibliyi edir. COP29 ilə bu gün dünyanın gözü Azərbaycandadır və Qarabağda gedən işlər dünyanın diqqət mərkəzindədir. Bütün xalqımızı təbrik edirəm. 

Artıq biz o işğal günlərini xatırlamaqdan yorulmuşduq. Bu gün Azərbaycanın xəritəsi bütövdür. Bayrağımız Qarabağın hər guşəsində dalğalanır. Biz orda əbədi yaşayacağıq”. 

Tarixçi alim Boran Əziz isə vurğulayıb ki, bu bayram münasibətilə xalq, dövlət və ordu arasında birlik yaradan, beynəlxalq şəraiti bu məsələyə hazırlayan Ali Baş Komandana təşəkkürümüz sonsuzdur:

“Əvvəllər biz ürəyimizə daş basaraq şəhərimizin işğal olunduğu günü xatırlayırdıqsa, indi qürur hissi ilə qalib xalqın bir övladı kimi Ağdam Şəhəri Gününü qeyd etmək tamamilə başqa bir hissdir. 

Bu hissi bizdə oyadan, qalib bir millətin övladı olmaq kimi şərəfli bir adı bizə miras qoyan şəhidlərimizi minnətdarlıq ilə xatırlayır, onlara Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq. Bayram günlərindən istifadə edərək növbəti dəfə Ağdam, Şuşa və doğulub boya-başa çatdığım Məclə kəndinə getmək qərarına gəldim. 

Budəfəki gedişim əvvəlki gedişlərdən xeyli fərqli idi. İstər 44 günlük Vətən müharibəsindən, istərsə də 2023-cü ildəki antiterror əməliyyatından sonra bu torpaqlara getmək insanda böyük qürur hissi oyadır. Bu səfərlər şəhidlərimizin qanının yerdə qalmadığı fikrinin çox doğru olduğunun göstəricisidir. Bu dəfə Ağdam Şəhəri Günündə burada çox böyük quruculuq işlərinin aparıldığını gördüm. Miqyasca o qədər böyük idi ki, uşaqlıq illərindən tanıdığım bu ərazilərdə yeni prospektlər salınırdı.

Nəticədə mən az qala 6 ay bundan əvvəl getdiyim şəhəri tanımadım. Bütün bunlar hamısı yeni yaşayış və iş yerlərinin tikilməsi ilə bağlıdır. Həm də bu yeni şəhər prospektlərin genişliyi və müasirliyi diqqəti cəlb edir. Ağdamla bərabər onun ətrafında bir neçə kənddə də yaşayış məntəqəsi olduqca sürətlə tikilir. Tikinti başa çatdıqda sonra orada tamamilə yeni bir Ağdam, yeni bir həyat canlanacaq”. 

Избранный
15
cebheinfo.az

1Источники