RU

Vüqar Qurbanov: İqlim dəyişiklikləri xəstəliklərin növlərinə də təsir göstərir

İqlim dəyişiklikləri insanlar arasında yayılan xəstəliklərin növlərinə və rastgəlmə tezliyinə də təsir göstərir.

"Far.Az" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov COP29 çərçivəsində keçirilən "Vahid Sağlamlıq Yanaşması: İnsan İnkişafı üçün Sektorlararası Əməkdaşlığın Maksimallaşdırılması" mövzusunda tədbirdə deyib.

O qeyd edib ki, buna misal olaraq, zoonoz xəstəlikləri, yəni heyvanlardan insanlara keçən infeksiyaları xüsusilə bildirmək lazımdır:

"Son illərdə baş verən pandemiyalar bizə insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlılığını göstərir. Bu da bizi "Vahid Sağlamlıq" konsepsiyasına yönəldir.

Vahid sağlamlıq yanaşması insan, heyvan və ətraf mühit sağlamlığı arasında əlaqələri tanıyan və bu üç sektorun əməkdaşlığını gücləndirməyi hədəfləyən bir yanaşmadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son illərdə baş verən yeni infeksiyaların 70%-dən çoxu zoonoz mənşəlidir. Bu vəziyyət insan fəaliyyətinin ekosistemlərə müdaxiləsi, biomüxtəlifliyin azalması və vəhşi heyvanlarla artan təmasın nəticəsidir".

TƏBİB rəhbərinin fikrincə, pandemiyaların qarşısını almaq üçün yalnız tibbi tədbirlər kifayət etmir:

"Biz həm də təbiətin qorunması, kənd təsərrüfatının davamlı inkişafı və ekoloji mühitin bərpasına yönəlmiş işləri həyata keçirməliyik. “Vahid Sağlamlıq” konsepsiyası bizə geniş bir baxış təklif edir. Biz insan sağlamlığını heyvanlar və ətraf mühitdən ayırmadan bütün sektorların birgə çalışması ilə daha güclü səhiyyə sistemi qurmalıyıq.
Bu gün burada təqdim olunan strategiya qeyd olunan fəaliyyətləri özündə əks etdirir. TƏBİB strategiyanın müzakirə mərhələsində aktiv iştirak etdiyi kimi, gələcəkdə də üzərinə düşən öhdəlikləri davamlı şəkildə yerinə yetirməyə çalışacaq".

Избранный
10
1
far.az

2Источники