RU

Üç türk cümhuriyyəti önə çıxdı, Türkiyə də qoşulacaq -TƏHLİL

Azərbaycan, Qazaxıstan, Özbəkistan yaşıl enerjinin istehsalına və ixracına dair birgə addımlar atmaqda qərarlıdırlar

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və keçidi sahəsində strateji tərəfdaşlıq üzrə hökumətlərarası saziş imzalandı. Bu saziş Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin təzahürüdür. Həmçinin, regionda "yaşıl enerji" dəhlizinin yaradılması, inteqrasiya olunmuş elektrik enerjisi bazarlarının inkişafı və bərpa olunan enerjinin digər regionlara ixracının asanlaşdırılması üçün güclü təməl yaradır. Milli enerji şirkətlərinin səhmdarlarının razılaşması, birgə müəssisənin yaradılması bu layihənin uğurla həyata keçirilməsi üçün mühüm mərhələlər olacaq. Nəzərdə tutulur ki, birgə müəssisə yaradıldıqdan sonra Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyası üzrə tədqiqat işlərinə başlanılsın. Məsləhətçi şirkət "Chessie" layihəyə cəlb olunub. Onu da deyim ki, layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanla məhdudlaşmır. Mərkəzi Asiyanın digər ölkələri, xüsusilə gələcəkdə yüksək artım resurslarına malik olan Qırğızıstan və Tacikistan da bu layihəyə uğurla qoşula bilərlər. Onlar aralıq bərpa olunan enerji mənbələrinin balanslaşdırılması üçün istifadə ediləcək hidro resursları vasitəsilə bu layihəyə əlavə dəyər qatacaqlar. Xatırladaq ki, COP29 çərçivəsində noyabrın 18-də Yaşıl Zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik 8 ölkədən olan QHT-lərin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib. Foruma Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr qatılıblar. Tədbirdə çıxış edən bildirib ki, türk dövlətlərinin birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığını gücləndirmək tədbirin əsas müzakirə mövzularından biridir. 
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil edilən "Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər” üzrə Nazirlər Sessiyasında çıxışı zamanı deyib ki, türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər. Onun sözlərinə görə, mexanizmlər iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində sinergiyaları gücləndirmək üçün müxtəlif sektorlardan siyasət və strategiyaların inteqrasiyasını asanlaşdıracaq: “Bu gün bizim dəstəklədiyimiz təşəbbüslərdən biri də Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Kəndlər Forumunun başlanılmasıdır. Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Ölkələrimizin kənd təsərrüfatı sahəsində böyük iqtisadi potensialı var. Kənd təsərrüfatı və ticarət uzun və firavan məşğulluq tarixi ilə öyünən iqtisadiyyatımızın davamlı sektorlarını təşkil edir". Nazir deyib ki, Türk Dövlətləri Təşkilatı daxilində səmərəli əməkdaşlıq və qərarlar qəbul edilən Kənd Təsərrüfatı Nazirləri platforması var: “Bu dəfə Bakıda iqlimə davamlı kəndlər üzrə forumun yaradılmasını elan edəcəyik. Əminəm ki, bu təşəbbüs bizim kənd yerlərinin inkişafı siyasətimizə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq. Hamınız bilirsiniz ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük yenidənqurma və bərpa işləri aparılır. Bu ərazilərin iqlimə uyğun, xəstəliklərdən azad və icma əsaslı kənd təsərrüfatının inkişafı təkamül siyasətimizin gündəmində birinci yerdə qalır. Biz bu ərazilərin kənd yerlərinin inkişafı üçün ağıllı şəhərlər və ağıllı kəndlər konsepsiyasından da istifadə edirik”. M.Məmmədov qeyd edib ki, Zəngilan Ağalı kəndi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bütün müasir və iqlim dostu texnologiyalarla salınmış ilk ağıllı kənddir: “Biz türk dövlətləri ilə də bu ərazilərin tikintisində, kənd yerlərinin abadlaşdırılmasında çox səmərəli əməkdaşlıq edirik. Bu tərəfdaşlığın əsas məqsədi bütün ən yaxşı təcrübələri və texnologiyaları bir-biri ilə bölüşməkdir. Təbii ki, bu işdə hökumətlə yanaşı, biznes qurumları da mühüm rol oynayır. Şübhəsiz ki, biz bu təşəbbüsləri biznes ictimaiyyəti ilə birgə həyata keçirməyi planlaşdırırıq. Ona görə də mən bütün tərəfdaş dövlət müəssisələrini Qarabağda və Şərqi Zəngəzurda investisiya perspektivlərini araşdırmaq üçün dəvət edirəm. Gözləyirik ki, biznes ictimaiyyəti güclü tərəfdaşlıqlar quracaq və ölkələrimizin nümunəvi təcrübə və texnologiyalarını işğaldan azad edilmiş ərazilərdə tətbiq edəcək".

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal "Sherg.az"a açıqlamasında deyib ki, türk ölkələri arasında əməkdaşlıq Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və digər bu kimi ortaq qurumlardan əlavə ikitərəfli, yaxud üçtərəfli formatlarda da davam etdirilir.
 Ekspertin sözlərinə görə, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin istehsalı, inkişafı və ixracı ilə bağlı məsələlər bir müddət öncə müzakirə olunmuş və razılaşdırılmışdı:

"COP29 çərçivəsində hər üç dövlətin başçısının bir araya gəlməsi ilə bu istiqamətdə müvafiq sənədlər imzalandı. Ümumiyyətlə, COP29 təkcə dünyanın qlobal problemlərini, iqlim dəyişmələrini deyil, həm də ikitərəfli, üçtərəfli və çoxtərəfli görüşlərin keçirilməsinə, yeni əməkdaşlıqların qurulmasına da zəmin oldu. Hazırda davam edən COP29 çərçivəsində də görürük ki, dünyanın ən müxtəlif ölkələrindən Azərbaycana gəlmiş onminlərlə insanlar, o cümlədən dövlət və hökumət liderləri öz aralarında da bir sıra görüşlər keçirirlər. Bu, Azərbaycanın dünyanın bir dialoq məkanı kimi qəbul olunduğunu, ekoloji və siyasi problemlərin müzakirəsi üçün çox münbit yer kimi qəbul edildiyini şərtləndirir. Türkiyə dövlət başçısı, Orta Asiya türk ölkələrinin rəhbərləri, eyni zamanda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti də Azərbaycanda oldu. Hesab edirik ki, bundan sonrakı dövrdə indiki temp davam etdiriləcək. TDT-nin ötənlərdə Bişkekdə keçirilən sammitində qəbul olunmuş qərarların icrası yönündə lazım olan addımlar atılacaq".

A.Camal əlavə edib ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan enerji istehsalı idxalı ilə məşğul olsalar da, müasir dünyanın çağırışlarına cavab verərək, yaşıl enerjinin istehsalına və ixracına dair birgə addımlar atmaqda qərarlıdırlar:
 "Hazırda bu prosesdə üç türk cümhuriyyəti iştirak edir, amma Avropaya nəqlində gələcəkdə qardaş Türkiyə də qoşulacaq. Çünki Azərbaycanın və Orta Asiya türk ölkələrinin enerji daşıyıcıları, enerji xətləri Türkiyə üzərindən Avropaya gedir. Ümid edirik ki, digər türk ölkələri də nəzərdə tutulan yaşıl enerji istehsalından yararlana biləcəklər".


Избранный
36
sherg.az

1Источники