RU

Joao Palinya “Bayern”in düşərgəsinə zədəli qayıtdı

Futbol üzrə Portuqaliya yığmasının və “Bayern”in dayaq yarımmüdafiəçisi Joao Palinya bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi Portuqaliya millisinin məşqində zədələnib. 29 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. Palinya bu səbəbdən bir neçə həftə komandasına kömək edə bilməyəcək.

Palinya zədə səbəbindən Portuqaliya yığmasının ötən gecə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirdiyi oyunda (1:1) da iştirak edə bilməyib.

Xatırladaq ki, Palinya “Bayern”ə 2024-cü ilin iyul ayında İngiltərənin “Fulhem” klubundan keçib. Münhen klubu bu transfer üçün “Fulhem”ə 51 milyon avro ödəyib. 29 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Palinya Almaniya nəhənginin heyətində bütövlükdə 13 oyuna çıxıb. O, bu görüşlərdə fərqlənə bilməyib.

Joao Palinya Lissabon “Sportinq”inin yetirməsidir. O, vaxtilə icarə əsasında ölkəsinin “Moreyrense”, “Belenenseş” və “Braqa” klublarında da forma geyinib.

Palinya “Fulhem”ə 2022-ci ilin iyul ayında “Sportinq”dən 22 milyon avro qarşılığında keçmişdi. Futbolçu İngiltərə klubunun heyətində 79 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarında da oynamış Joao, 2021-ci ilin mart ayında debüt etdiyi əsas millidə indiyə qədər 33 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, 1 assist edib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Избранный
29
arena.az

1Источники