Bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə 20 Noyabr “Ağdam Şəhər Günü” ilə bağlı Moderator.az-a danışarkən qeyd edib. Bildirib ki, həmin gün yaddaşlara tarixi Qələbəmizin əbədiləşdirilməsi günü kimi həkk olunub.
Ç.Qənizadə Ermənistan ordusunun işğal etdikləri ərazilərdə, o cümlədən Ağdam rayonunda tötərdiyi vəhşiliklərdən söhbət açarkən dövlətimizin başçısının sözlərini xatırladıb: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Komitə sədri hazırda Ağdamda sürətlə həyata keçirilən yenidənqurma, tikinti-bərpa işlərindən danışarkən deyib ki, ölkəyə rəhbərlik etdiyi 21 ərzində bütün vədlərini yerinə yetirən Prezident İlham Əliyev Ağdam rayonun da əvvəlki şöhrətinin qaytarılması istiqamətində bütün imkanlardan istifadə edir.
Hüquq müdafiəçisi Ermənistanın barbarlığından da söhbət açıb. Deyib ki, 42 gün davam edən döyüş 1993-cü il iyulun 23- də Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Arxeoloqlar apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ermənilər həmin ərazilərdə faşistlərdən də betər dağıntılar aparmış və Ağdamı xarabalığa çevirmişlər. İndi həmin xarabalıqlar cənnətə çevrilir.
Ç.Qənizadə deyib ki, 2021-ci il mayın 28- də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Artıq ağdamlılar da doğma el-obalarına qayıdırlar. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.