RU

COP29-da azı 300 milyard dollar maliyyə həddi qəbul olunmasa, bunun məsuliyyətini məlum ölkələr daşıyacaq, Azərbaycan yox...

Image

Dəhşətdir. Buna nə deyəsən? COP29-da dünyanın və gələcəyimizin asılı olduğu "mərkəzi problemin" həllinə böyük çabalar sərf edənlərlə bərabər, elə ölkələr də var ki, buna hər vəchlə mane olurlar. Mane olurlar ki, iqlim dəyişmələri ilə mübarizə xatirinə güclü öhdəliklər qəbul olunmasın, iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün samballı maliyyə fondu yaradılmasın. 

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Guya Azərbaycan belə maliyyə fondunu öz şəxsi ehtiyaclarının həlli naminə yaradırmış. Guya iqlimin ziyanlı dəyişməsinə görə hamıdan çox məsuliyyəti Azərbaycan daşıyırmış. Azərbaycan çalışır ki, iqlim dəyişmələrinə qarşı maliyyənin yeni kollektiv kəmiyyət hədləri müəyyən olunsun. Sonuncu dəfə 2015-ci ildə bu yöndə 100 milyard dollarlıq kollektiv hədd müəyyən olunmuşdu. Azərbaycan çox haqlı olaraq hesab edir ki, bu çox "mizer" rəqəmdir. Azı 300-500 milyard dollarlıq hədd qoyulmalıdır. Bir faktı deyim. ABŞ hər il iqlim dəyişmələri ilə mübarizəyə 500 milyard, yəni yarım trilyon pul qoyursa, bütün dünya üçün 500 milyard dollarlıq fond da əslində azdır. Ancaq Azərbaycanın gücü ancaq ona çatır ki, COP29-da bu rəqəmin qəbul olunmasını təşviq etsin. Baxın görün kimlər və necə müqavimət göstərir...

Əvvəlcə COP-un Azərbaycanda keçirilməsinə mane olmaq istədilər, alınmadı.

Sonra bəzi dünya dövlətlərini COP29-a gəlməkdən çəkindirmək istədilər. Yenə alınmadı.

Ardınca COP29-u Azərbaycan əleyhinə siyasi hücum müstəvisinə çevirmək istədilər, separatçıları azad edin, erməniləri Qarabağa qaytarın kimi tələblər qoydular. Bu da alınmadı.

İndi də COP29-da Azərbaycanın təşəbbüsü olan məsələlər üzrə qərarların qəbul olunmasını sabotaj etmək istəyirlər. Həm də bunu o ölkələr edir ki, Azərbaycandan yüz dəfələrlə çox neft-qaz hasil edir və yüz dəfələrlə çox iqlimi korlayır.

ABŞ, Avropa Birliyi COP29-da öz üzərlərinə ciddi maliyyə öhdəliyi götürmək istəmirlər. Aydındır. Onlar yükü başqa ölkələrin üstünə ataraq öz neft-qaz istehsalatlarını qorumaq istəyirlər. Hətta Çin, Səudiyyə Ərəbistanı, Küveyt kimi böyük neft istehsalçısı və istehlakçısı sayılan ölkələr də maliyyə öhdəliyindən yayınmaq istəyirlər. Dəhşətlidir ki, Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və sair kimi ölkələr hətta neftdən tədricən imtina ilə bağlı qərar qəbul olunması məsələsinin müzakirə olunmasının əleyhinə çıxırlar.

Halbuki Azərbaycan iqlimə görə, ən az məsuliyyət daşıyan ölkədir. Neft hasilatına görə dünyada 25-ci, qaz hasilatına görə 23-cü yerdəyik. Atmosferə qaz emissiyasının cəmi 0,01 faizi bizim payımıza düşür. Azərbaycan ildə 34 milyard kub metr qaz, ABŞ 1 trilyon kubdan, Kanada 190 milyard kubdan, Səudiyyə 120 milyard kubdan çox qaz hasil edir. Bu rəqəmlər iqlimə qarşı kimin nə qədər pul qoymalı olduğunu dəqiq ifadə edir.

Əgər COP29-da azı 300-500 milyard dollarlıq kollektiv maliyyə həddi müəyyən olunmasa, bəşəriyyətin gələcəyi naminə buraxılmış bu şansın 100 faiz məsuliyyətini ABŞ, Avropa Birliyi, Çin, Səudiyyə, Küveyt, Qətər, Boliviya və digərləri daşıyacaq. Azərbaycana bu sırada heç mində bir faiz də məsuliyyət düşməyəcək. Çünki Azərbaycan öz üzərinə düşəni edir - dünyanın xilası naminə müzakirə platformasını yüksək səviyyədə təqdim edir... Vəssalam...

Tahir TAĞIYEV





Избранный
31
1
baki-xeber.com

2Источники