RU

AFFA-nı da kölgədə qoyan “Qarabağ”

AFFA-nın yarıtmaz siyasəti mənzərəsində son illərdə Azərbaycan futbolunun əsl simasına çevrilmiş “Qarabağ” növbəti uğuruna imza atdı.

Arena.az xatırladır ki, Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) Ağdam klubu xüsusi töhfəsi ilə diqqət çəkdi.

İqlim dəyişikliyi bu gün qlobal miqyasda cəmiyyətlərin qarşılaşdığı ən böyük problemlərdən biridir. Azərbaycan bu istiqamətdə öz öhdəliklərini icra etməklə yanaşı, beynəlxalq səviyyədə də təşəbbüslərlə çıxış edir. Bu baxımdan, Bakıda keçirilən COP29 çərçivəsində yaranan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı diqqətəlayiqdir. Alyansın məhz “Qarabağ”ın təşəbbüsü ilə, COP29 sədrliyi, UN FCCC və Avropa Klublar Assosiasiyasının (ECA) dəstəyi ilə yaradılması həm ölkəmiz, həm də Azərbaycan futbolu üçün bir sıra mühüm əhəmiyyət daşıyır.

Futbol, dünyada ən çox izlənən və kütləvi təsir gücünə malik idman növlərindən biridir. Bu səbəbdən, futbol klublarının iqlim dəyişikliyi kimi qlobal problemə qarşı birləşməsi unikal bir nümunədir. Bu təşəbbüs, futbol vasitəsilə cəmiyyətlərdə ekoloji problemlərə qarşı daha yüksək şüur yaratmaq məqsədini güdür. “Qarabağ”ın təşəbbüsü ilə formalaşan bu alyans, futbol klublarını həm öz fəaliyyətlərində ekoloji standartlara riayət etməyə, həm də azarkeşləri ekoloji məsuliyyətə təşviq etməyə çağırır.

COP29 kimi beynəlxalq tədbirlərin çərçivəsində belə bir alyansın yaradılması, Azərbaycanın qlobal ekoloji gündəmə inteqrasiya olunmaq istəyini əyani şəkildə göstərdi.

Azərbaycan və “Qarabağ”ın öncüllük niyyəti

Azərbaycan uzun illərdir ekoloji davamlılıq istiqamətində bir sıra təşəbbüslər həyata keçirir. Qarabağın işğaldan azad edilməsindən sonra bu bölgədə həyata keçirilən “yaşıl enerji” layihələri və yenilənə bilən enerji mənbələrinin geniş tətbiqi ölkənin ekoloji strategiyasının nümunələridir. “Qarabağ”ın belə bir alyansın qurulmasında əsas rol oynaması, Azərbaycanın futbolda yalnız idman nəticələri ilə deyil, həm də sosial məsuliyyət sahəsində öncüllük etmək niyyətində olduğunu göstərir.

“Qarabağ”ın təşəbbüsü, Azərbaycan futbolunun beynəlxalq səviyyədə müsbət imicinin formalaşdırılmasına mühüm töhfə verir. Avropa Klublar Assosiasiyası ilə əməkdaşlıq, Azərbaycan futbolunun beynəlxalq idman ailəsində daha yaxından tanınmasına və daha geniş əlaqələr qurmasına imkan yaradacaq.

Yeni iqlim alyansının təsis olunması, futbol klubları arasında qlobal miqyasda daha geniş birgə əməkdaşlıq üçün təməl rolunu oynaya bilər. Belə alyanslar vasitəsilə həm idman dünyasında, həm də cəmiyyətlərdə ekoloji problemlərə qarşı ortaq həllər tapmaq mümkün olacaq. Azərbaycan üçün isə bu alyans, COP29 çərçivəsində ölkənin qlobal liderlik ambisiyalarını və ekoloji problemlərə qarşı mübarizədə beynəlxalq ictimaiyyətlə həmrəyliyini vurğulayan strateji addımdır.

“Qarabağ”ın təşəbbüsü ilə yaradılan bu iqlim alyansı, idman və ekoloji problemlərin həlli istiqamətində sinerjinin mükəmməl bir nümunəsidir. Bu təşəbbüs, həm Azərbaycan futbolunun beynəlxalq səviyyədə tanınmasına, həm də iqlim dəyişikliyi ilə mübarizə sahəsində yeni yanaşmaların tətbiqinə töhfə verəcək. Azərbaycanın qlobal iqlim liderliyinə iddialı olduğunu göstərən bu addım, həm də gələcək nəsillər üçün daha yaşıl və davamlı bir dünya üçün atılan vacib bir addımdır.

“Qarabağ”ın COP29 çərçivəsində bu təşəbbüsü irəli sürməsi təsadüfi deyil. Klub artıq uzun müddətdir ki, Azərbaycanın beynəlxalq səviyyədə idman simvolu olaraq qəbul edilir. Qarabağın işğaldan azad edilməsi və klubun bu bölgəyə mənəvi bağlılığı onun fəaliyyətinə sosial və milli məsuliyyət əlavə edir. İqlim dəyişikliyi alyansının yaradılması isə klubun yalnız idmanla deyil, həm də cəmiyyətin qlobal problemlərinə həssas yanaşdığını göstərir.

Avropa Klublar Assosiasiyası (ECA) ilə əməkdaşlıq və COP29 çərçivəsində təşkil edilən bu təşəbbüs, Ağdam təmsilçisinin Azərbaycanı beynəlxalq arenada müsbət şəkildə təmsil etmək üçün strateji addımlarından biridir.

AFFA-nı utandıran “Qarabağ”

Lakin “Qarabağ”ın göstərdiyi diqqət və liderlik fonunda AFFA-nın və digər klublarımızın bu təşəbbüsə eyni səviyyədə dəstək verməməsi diqqətdən yayınmadı. Məhz bu məqam Azərbaycanın futbol sektorunda strateji baxışın çatışmazlığını bir daha ortaya qoydu. Əslində AFFA bu kimi təşəbbüslərin əsas dəstəkçisi və koordinatoru olmalı idi. Lakin təşkilat COP29-un Azərbaycan üçün əhəmiyyətini, xüsusən də futbolun ekoloji problemlərin həllində oynaya biləcəyi rolu tam dəyərləndirməmiş kimi görünür.

Digər futbol klublarımız, xüsusən də paytaxt komandaları, bu tədbirə simvolik dəstək belə göstərmədilər. Bu isə həm klubların ekoloji problemlərə olan maraqsızlığını, həm də “Qarabağ”ın sosial məsuliyyət sahəsindəki liderliyini daha da qabartmış oldu.

AFFA-nın və digər klubların bu sahədə fəaliyyətsizliyi yalnız “Qarabağ”ın səylərini ön plana çıxarmır, həm də Azərbaycan futbolunun kollektiv gücündən tam istifadə edilmədiyini göstərir. Halbuki, digər klublar da bu təşəbbüslərə qoşularaq həm beynəlxalq səviyyədə müsbət imic qazana, həm də azarkeşlər arasında sosial məsuliyyət hissini təşviq edə bilərdilər. Axı futbol yalnız idman deyil, həm də qlobal dəyişikliklərin lokomotivi ola biləcək bir gücdür. Digər klublarımızın da “Qarabağ”ın təşəbbüsündən dərs alaraq öz strategiyalarını yenidən nəzərdən keçirməsi vacibdir. Bu boşluq, Azərbaycan futbolunun sosial məsuliyyət sahəsində daha çox irəliləmək üçün ciddi bir fürsət kimi qiymətləndirilməlidir.

AFFA prezidenti Rövşən Nəcəf bu tədbirdə yalnız braziliyalı veteran futbolçu Ronaldinyo ilə çəkdirdiyi şəkillə diqqət çəkdi. Halbuki, eyni zamanda SOCAR kimi qurumun prezidenti olan futbol təsərrüfatımızın rəhbəri COP29-a daha ciddi töhfə verə bilərdi. Məsələn, “Qarabağ”ın türkiyəli futbol mütəxəssisi Fatih Terimi, 10-dan çox tanınmış klubu Bakıya gətirdiyi günlərdə AFFA da dünya futbolunun tanınmış simalarını ölkəmizə dəvət edə bilərdi. Düzdür, FİFA prezidenti Canni İnfantino, Ronaldinyo, İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta da COP29-la bağlı ölkəmizdə səfərdə oldu. Amma onların səfərlərini AFFA-nın indiki rəhbərliyi yox, vaxtilə bu qurumda çalışmış, hazırda FİFA-da vəzifə sahibi olan Elxan Məmmədov və onun yaxın dostları təşkil etmişdilər. Bu işdə xüsusilə Adnan Əhmədzadənin fəaliyyətini qeyd etmək olar. AFFA-nın indiki rəhbərliyi isə çox böyük şansı qaçırmış oldu…

PƏRVİZ AĞAYEV

Избранный
31
arena.az

1Источники