RU

Azər Bağırov referidən yox, VAR otağında əyləşəndən narazılıq etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

5 oyuna 15 sarı vərəqə 13-cü turun yetərincə səliqəli mübarizə şəraitində keçdiyinə dəlalət edir. Turda heç bir futbolçusu cəzalanmayan komanda “Araz-Naxçıvan” oldu. İdarəçiliklə bağlı fikirlərə gəlincə, “Kəpəz”in baş məşqçisi Azər Bağırov “Sabah”la oyunu idarə edən Əliyar Ağayevdən yox, VAR otağında əyləşən Rəşad Əhmədovdan narazılığını gizlətmədi.

Sabah – Kəpəz, ƏLİYAR AĞAYEV
Qarşılaşma gərgin mübarizə şəraitində keçdi. Hər iki komanda oyunun sonlarında mübarizə əzmini prtaya qoysa da, hansısa aqressivliyin şahidi olmadıq. Yetərincə maraqlı keçən oyunun 53-cü dəqiqəsində Azər Bağırov hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı. Hakimin çiynindəki “yük”də yüngül oldu. Oun qərarları və mövqe seçimi doğru idi. Əliyar bəy hər komandadan bir futbolçuya “sarı” göstərdi ki, bunlar da haqlı qərar idi.

Araz-Naxçıvan – Sumqayıt, KAMAL UMUDLU
54-cü dəqiqədə Silvanus Nimeli bir rəqibdən sıyrılıb qapı qarşısına ötürmə versə də, İqor Ribeyro topu küncə çıxarmağı bacardı. Həmin anda top Kamran İsmayıllıya dəyib meydanı tərk etsə də, matçın referisi heç bir toxunuşun olmadığını və qonaqların kündən zərbə vuracağını söylədi. Sumqayıtlı azarkeşlər tez-tez referini təhqir edirdi. Gərgin keçməyən mübarizədə Kamal bəy cəmi iki dəfə əlini cibinə atmalı oldu.

Səbail – Turan Tovuz, İNQİLAB MƏMMƏDOV
İnqilab bəy 42-ci dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin etdiyinə görə tənqid olundu. Mərt Çəlik topa zərbədən sonra istəmədən İsmayıl Zülfüqarlının ayağına zərbə endirsə də, hakim “nöqtə”ni göstərdi. AFFA Hakimlər Komitəsinin rəhbəri Frank De Blekere də referinin qərarına haqq qazandırdı. Amma 11-ci turda “Turan Tovuz”la “Kəpəz” arasında Tovuzdakı matçda oxşar epizodla bağlı danışarkən De Blekere “əslində futbolçunun elə niyyəti yoxdu və buna penalti təyin edilmir” demişdi. Kristian da Silvanın qapı tipindən dönən penalti zərbəsini Ayxan Quseynov təkrar zərbə ilə qola çevirsə də və Məmmədov qolu qeydə alsa da, VAR-dan gələn müdaxilə ilə qərarını dəyişdi. De Blekerenin qərarı izah edərkən “qolu vuran 11 nömrəli oyunçunun (Ayxan Quseynov – red.) zərbə anında təyin olunmuş məsafəyə riayət etməyərək üstünlük qazanmışdı” izahı hardasa anlaşılandı. Nəticə etibarilə Məmmədovun müəmmalı penaltisi və yalnız VAR-dan gələn müdaxilədən sonra qolu qeydə almaması söz-söhbət doğurdu.

Neftçi – Şamaxı, RƏVAN HƏMZƏZADƏ
“Neftçi”nin ilk dəqiqələrdə vurduğu qollar matçın tempinə xeyli təsir etdi desək, yanılmarıq. Başqa sözlə, “ağ-qaralar” arxayınlaşdısa, “şirlər” var gücüylə hərəkətə keçdi. Təbii ki, hadisələrin axarı kobud qayda pozuntularını özüylə gətirdi. Həm meydan sahibləri, həm də qonaqlar tez-tez qaydaları pozur, istədiyi nəticəni bu yolla təmin etməyə çalışırdı. Belədə Həmzəzadənin məsuliyyəti artdı ki, təcrübəli ədalət təmsilçisi vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkdi. “Fit sahibi” hər iki tərəfə xeyli güzəşt etdi. Yalnız şifahi xəbərdarlıqla kifayətləndiyi hallar da oldu, futbolçuların qəsdən vaxt aparmasına göz yumduğu anlar da. Ümumiyyətlə, Rəvan bəy bu dəfə ortabab idarəçiliklə yadda qaldı.

Qarabağ – Zirə, FƏRİD HACIYEV
Bu matçda “köhlən atlar”ın “qartallar”ı asanlıqla məğlub etdiyini bilirsiz. Yəqin Rəşad Sadıqovun komandası bu sözlərə görə bizdən inciməz. Amma ağdamlıların hər iki hissədə üstün oynayaraq, dörd qolla qələbə qazanması reallıqdı. Belədə hakimin işi nə dərəcədə çətin ola bilər ki?! Bəli, Hacıyev, sadəcə, matça köklənməklə məşğul oldu. Lazım olanda yüngül qayda pozuntularını qeydə aldısa, sərt oyun tərzinə görə futbolçuları cəzalandırmaqdan çəkinmədi. Karyerasının uğurlu matçlarından birini keçirən ədalət təmsilçisinə irad tutmaq mümkün deyil. O, nə göstərdiyi sarı vərəqələrdə, nə də təyin etdiyi penaltidə səhvə yol verdi.

Избранный
32
football-plus.az

1Источники