RU

Ağdam iki dəfə böyüyəcək...

20 noyabr - Ağdam Şəhəri Günüdür

İlham Əliyev: Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır

Böyük zəfərlərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra müstəqil Azərbaycanın həyatına yeni əlamətdar günlər daxil olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bu sırada yer alır.

Bu gün ölkəmizin hər yerində Ağdam Şəhəri Günü kimi qeyd olunur. Azərbaycanın qədim yaşayış məntəqəsi olan Ağdam məhz 20 noyabr 2020-ci il tarixində işğaldan azad olunub - üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq döyüşsüz Azərbaycana təhvil verilib.

İşğala qədərki çal-çağırlı Ağdam

Ağdam Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu ərazidə özü üçün ağ daşdan imarət tikdirir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mayak rolunu oynayıb.  Bu mənada “Ağdam” həm də “ağ ev”, “ağ şəhər” anlamına gəlir. 1930-cu ildə Ağdam rayonu yaradılıb. Rayonun sahəsi 1150 kvadratkilometrə bərabər idi.

İşğaldan əvvəlki dövrdə  Ağdam ağ günlərini yaşayıb. Şəhər bütün bölgənin ticarət mərkəzi sayılırdı. Ətraf yaşayış məntəqələrinin sakinləri həftəlik və yaxud qışlıq azuqələrini toplamaq üçün bura üz tutardılar. Bu da onunla bağlı idi ki, Ağdam bazarında hər nə desən tapmaq mümkün idi. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi var idi. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz- furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.

Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir. Dünyada ikinci, keçmiş İttifaq məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri sayılan xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi-eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi nəticəsində Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoyuldu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

Ağdam deyəndə həm də buradakı məşhur çay evi yada düşürdü. Burada akademik Xudu Məmmədovun ideyası əsasında inşa olunan və 1986-cı ildən fəaliyyət göstərən Ağdam çay evinin  şöhrəti respublikanın dörd bir tərəfinə yayılmışdı.

İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş edib.

Amansız işğal tarixi

Ağdamın süqutu 23 iyul 1993-cü il tarixində baş verib. Bununla da rayonun ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçib. Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. Zamanında aran və dağlıq  Qarabağın incisi  sayılan Ağdam indi xarabalıqları xatırladır. Şəhərdən əsər-əlamət yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkündür. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlayıb. Hesablamalara görə,  işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.

Ağdamın ağ günləri geri qayıdır

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş Ağdamın ağ günləri geri qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva postmüharibə dövründə bir neçə dəfə Ağdama səfər edərək burada reallaşdırlan layihələrlə tanış olublar və özlərinin dəyərli tövsiyələrini veriblər. 2021-ci il mayın 28-də-Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik Günündə isə Ağdam tarixi anlara şahidlik etdi. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Qeyd edək ki, Baş Plan üzərində mütəxəssislərin iştirakı ilə bir müddət iş aparılıb. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Əlbəttə, Ağdam şəhərinin Baş Planının dövlət başçısına təqdim olunması üçün başqa bir vaxt da seçilə bilərdi. Ancaq belə bir əlamətdar tədbirin dövlət bayramımız olan Müstəqillik Günündə keçirilməsi böyük rəmzi məna daşıyır.

Dövlətimizin başçısına təqdim olunan Baş Plana istinadən deyə bilərik ki, yaxın perspektivdə ermənilərin miras qoyub getdikləri indiki dağıntıların, xarabalıqların yerində müasir infrastruktura, istirahət guşələrinə, turistyerləşdirmə obyektlərinə, rahat yaşayış evlərinə malik olan bir şəhər salınacaq. Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında əminliyini ifadə edərək bildirib ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Əvvəllər Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda bu rəqəm 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərin 1700 hektar ərazidə salınması nəzərdə tutulub. Beləliklə, Ağdam iki dəfə böyüyəcək - əvvəllər şəhərin ərazisi 700-800 hektar təşkil edirdi. Ağdamda 1750 fərdi ev, 23 min mənzil inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Mərkəzi hissə şəhərin  ən sıx yerini təşkil edəcək. Şəhərin ətrafı intensiv bağlarla əhatə olunacaq.

Ümumiyyətlə, postmüharibə dövründə Ağdamda icrasına başlanan layihələrin sayı kifayət qədər çoxdur. İndiyədək burada Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 1 saylı məktəbin, Sənaye Parkının və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilib. Eyni zamanda, dövlətimizin başçısının iştirakı ilə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutub. Bundan başqa, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin və digər mühüm obyektlərin təməlqoyma mərasimlərinə qatılıblar. Dövlətimizin başçısı və birinci xanım həmçinin Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak ediblər. Prezident İlham Əliyevin cari ilin sentyabrında Ağdama növbəti səfərinin proqramı da kifayət qədər zəngin olub. Belə ki, səfər çərçivəsində aşağıdakı tədbirlər baş tutub:

-Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimi;

-Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq;

-Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni zavodların açılışları;

-Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı;

-“Aghdam City Hotel”in açılışı;

-Ağdam şəhərində “İmarət” stadionunun təməlqoyma mərasimi;

-Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanışlıq;

-Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq.

Bir sözlə, Ağdam sürətlə dirçəlir. Şəhərə ilk sakinlərin köçürülməsi isə 2025-ci ildə nəzərdə tutulub.

Mübariz FEYİZLİ

Избранный
49
yeniazerbaycan.com

1Источники