RU

Səriştəsizliyin ALTInda əzilənlər

Dünən ən çətin iş “CBC Sport”un şərhçisi olmaq idi. İstehza deyil, doğrusunu yazıram. AFFA-nın köhnə rəhbərliyini nələrəsə görə tənqid edə bilmirsən, indikləri ümid bəslədiyin üçün qınamırsan, bircə ortada Fernandu Santuş qalır, onu da elə köhnələrlə təzələr birlikdə gətirib. Başlayırsan gələcək perspektivdən, İcraiyyə Komitəsinin üzvlərinin futbol sevgisindən danışmağa, bir də görürsən hesab 0:6-dır.

***

Kiminsə ümidi, arzusu, inancı ola bilər, amma Estoniya ilə oyundakı heç-heçədən sonra yığmamızın Millətlər Liqasının D divizionuna düşəcəyinə əmin idim. Heç bir mözücə gözlənilmirdi, hamı layiq olduğu yerdə olmalıdır.

Oyunla bağlı nəsə yazmağın da yeri yoxdur. Komandalar, oyunçular arasında ciddi səviyyə fərqi var idi. Belə rəqiblərə qarşı oynayanda komanda oyunu, məşqçi bacarığı, intizam, əzmkarlıq sayəsində nəsə etmək olar. O da bizlk olmadı. İllərdir məğlubiyyətə öyrədilmiş, ruhu öldürülmüş futbolçularla bunu xəyal etmək belə mümkünsüzdür.

***

İllərdir eyni şeyləri yazırıq, deyirik. Gözünü pul örtmüş bir qrup idarəçi isə azarkeşlərin, ictimaiyyətn acığına eyni yanlışları edir, guya heç kimə qulaq asmırlar, özləri hamıdan ağıllıdırlar və nəticə…

Santuşu təqaüdçü yaşında gətirib urvatsız etməyin nə mənası var? O pul qazanır deyə tənqidlərə, təhqirlərə qarşı sinəsini irəli verib, bəs, futbolun inişafına cavabdeh olan adamlar niyə belə edir?

Hazırkı uğursuzluqların Rövnəq Abdullayev – Elşad Nəsirov – Elxan Məmmədov üçlüyünün günahlarının, səhvlərinin nəticəsi olduğunu bilirik. Lakin indikilər də heç nə etmir axı? Maliyyəçini, marketinq departamentinin rəhbərini dəyişməklə, o postlara qohumları təyin etməklə inkişaf olmur. Futbola baxış, işə münasibət, niyyət dəyişməlidir, yalançı inadla yalnız öz başına qapaz yeyə bilərsən, necə ki, dünən daha birini İsveç vurdu.

***

Heç nə dəyişməyib və dəyişməyəcək də. Rövşən Nəcəf ümidini strategiya yazanlara bağlayıb, indidən əmin olsun ki, yalnız zaman itirir. Əcnəbilərin yazdığı proqramı mətbuat illərdir car çəkir. Əcnəbilər nəyəsə görə şirin ola bilər, amma onların hələ araşdırdığını yerli kadrlar çoxdan bilir. Sadəcə, məsləhətləşmək, insanları dinləmək, güvənmək, sözə qulaq asmaq lazımdır.

Balakişi Qasımovu gözümüzdə çox böyütmüşük, zaman göstərdi ki, onun futbolda söz sahibi olmaq potensialı yoxdur. Kabinetdə oyun çevirmək, rəhbərinə qarşı oyunlar qurmaq lider adamlara yaraşmır. Ya həqiqətən ön plana çıxıb bacarığını sübut etməlisən, ya da komanda üzvlərinlə əlbir olub problemi həll etməlisən. Soyuq müharibələr bugünədək yerimizdə saymağımızın, geriləməyimizin əsas səbəbidir.

***

Elə bilirdilər ki, Rövnəq Abdullayevi devirməklə hər şey yoluna düşəcək. Öz bacarıqlarını həddini hesablamamışdılar. Başları daşa dəydi, anladılar ki, işəyaramazdılar, əsl bacarıqlı kadrların ayağına getməsələr, söyüşə immunitetlərini inkişaf etdirməli olacaqlar. Əvvəlki rəhbərlik 16 il hakimiyyətdə olubsa, bu, Nəcəfn komandasına da o qədər səbr ediləcəyi demək deyil. Sələflərinin səhvlərini təkrarlayırlar. Fundamental problemləri həll etməkdənsə, milli komandaya Santuşu gətirmək səriştəsizliyin piki idi. Və indi o yanlışın əsirinə çevriliblər.

Futbolu kim inkişaf etdirəcək? İcraiyyə Komitəsinin tərkibinə baxıb uğunmaq lazımdır. Ülvi Mansurov, Xəyal Cəfərov, Fərid Mansurov öz sahələrində as ola bilərlər, amma onlar futbol haqda hətta danışmağa cəsarət etməməlidirlər. Bir qurumda ki, karyera pilləkənlərini necə dırmaşdığı məlum olan Leyla Xəlilova söz sahibi olacaq…

***

Ayılın, cənablar. Köhnələr futbol cinayətkarları idisə, ifşa edin, buna cəarətiniz yoxdursa, sadəcə başınızı aşağı salıb ciddi işlə məşğul olun. Dünənlə yaşayacaqsınızsa, sabahınız olmayacaq. Ölkə futbolunun inkişafı üçün hər cür şərait var, əti atın, otu itin qabağına qoymamaq kifayətdir.

VÜSAL MAHMUDOV

Избранный
27
futbolinfo.az

1Источники