RU

Abad olur yurd yerlərimiz:Ağdam, Kəlbəcər...

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Müqəddəs Vətən torpaqlarımızın azadlığı uğrunda apardığımız 44 günlük şanlı savaş Azərbaycan Silahlı Qüvvələrinin reallaşdırdığı uğurlu hərbi əməliyyatlar, qazandığı qələbələr, işğalçı düşməni təslim olmağa məcbur etdi. “Dəmir yumruq” düşmənə elə güclü, elə sarsıdıcı zərbələr endirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi əməliyyatların davam etdirilməsinin lüzumsuzluğunu anladı və 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını imzalayaraq təslim oldu. Xalqımızın ordumuza möhtəşəm dəstəyi və qələbəyə sonsuz inamı tarixi Zəfərimizin reallaşmasına mühüm töhfələr verdi. Ermənistanın kapitulyasiya aktına imza atması ilə 30 illik işğala və ölkəmizə qarşı tarixi ədalətsizliyə son qoymuş oldu. Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın həm siyasi, diplomatik uğurlarının əsası qoyulmuş oldu, həm də Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin döyüşsüz Azərbaycana qaytarılması öhdəliyini Ermənistan rəsmi olaraq öz üzərinə götürdü. Hərbi müstəvidə ölkəmizin qazandığı uğurlar diplomatik uğurlarımızla tamamlanmış oldu. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində  Ağdam, Laçın və Kəlbəcər rayonlarının bir güllə atılmadan düşmən tapdağından azad olundu. 2020-ci il noyabrın 20-də işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub. Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Son 4 il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri sürətlə davam edir. Postmüharibə dövründə Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə Ağdam yenidən qurulur. 2021-ci  ilin 28 may tarixində Ağdamın Baş planı təsdiq olundu və şəhər  bu plana uyğun  bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda ikinci məhəllədə 66 binanın tikinti işləri davam edir. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bu ilin  aprelin 25 –də isə ölkəmizin  başçısı  və Qırğızıstanın dövlət rəhbəri Sadir Japarov Ağdam səfərində Xıdırlı kəndinin təməlqoyma və Ağdam Cümə məscidinin bərpadan sonra açılışı  mərasimlərində iştirak ediblər.

Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə  Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.  2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında,  Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər. “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Kəlbəcərin “İstisu” mineral suyunun rəsmi qəbul və görüşlərdə yer alması da Vətən müharibəsində qazanılan qələbəni tərənnüm edən rəmzlərdən biridir.

Zamin Məmmədov, “İki sahil”

Избранный
23
ikisahil.az

1Источники