RU

Adəm İsmayıl Bakuvi: "Yeni Azərbaycan Partiyası bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir"



“1990-cı illərin əvvəllərində öz müstəqilliyini yeni bərpa etmiş gənc Azərbaycan Respublikası bəlkə də bütün tarixi boyunca ən çətin və mürəkkəb günlərini yaşayırdı. Ölkəmizin üzləşdiyi hərbi məğlubiyyət bir tərəfdən də daxili siyasi böhranla tamamlanırdı. Ölkədə gedən neqativ proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu. Məhz o zaman dövlət müstəqilliyinin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə yalnız Ulu Öndər Heydər Əliyev fenomeninə etibar edə bilərdi. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Elə həmin vaxtlar öz xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabında deyilir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət kimi qeyd olunmalıdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib.

Politoloq öz fikirlərini davam etdirərək bildirib ki, həmin vaxt Ümummilli Liderimizin Bakıya gəlişinə müəyyən qüvvələr tərəfindən ciddi maneələr törədilirdi. Məhz buna görə də Ulu Öndər ziyalıların müraciətini qəbul etdikdən sonra partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək YAP-ın təsis konfransını orada keçirməyə nail oldular: “2022-ci il noyabrın 21-də YAP-ın yaradılmasının 30-cu ildönümünü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə çıxış edən Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev son dərəcə dəqiqliklə qeyd etmişdir ki, əgər biz həmin illərdə təkcə senzuranın ölkədə tətbiq edilməsini yada salsaq, aydın görərik ki, o vaxt demokratik mühitdən ümumiyyətlə söhbət gedə bilməzdi. Partiyamızın təsis konfransının məhz Naxçıvanda keçirilməsi də bununla izah olunurdu. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını qısa müddət ərzində inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ötən illər ərzində YAP ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun.”

Həmçinin Adəm İsmayıl Bakuvi Heydər Əliyev siyasi kursunun bu gün də ölkəmizdə uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu bu gün ölkəmizdə uğurla davam etdirilir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayı partiyanın qarşısında duran yeni vəzifələri müəyyən edib. Həmin qurultayda etdiyi çıxışında cənab Prezident İlham Əliyev demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.”

Daha sonra politoloq YAP-ın müasir beynəlxalq tendensiyaları nəzərə almaqla adekvat inkişaf yolu ilə getdiyini qeyd edərək bunları deyib: “Müasir dünyamızda güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat şəkildə qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe, həyata keçirilən uğurlu siyasət və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaşlar qazandırıb. Eyni zamanda da YAP öz təşəbbüsləri sayəsində ölkə daxilində partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ümummilli inkişaf strategiyası sayəsində bu gün ölkəmiz Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısına, Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsinə çevrilib. Ən əsası da bu gün Azərbaycan artıq özünü dünyaya öz torpaqlarını işğaldan azad etmiş qalib ölkə olaraq tanıdıb. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin hərtərəfli inkişafı üçün Ümummilli Liderimizin hazırladığı və cənab Prezident İlham Əliyev tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər bu gün də müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Избранный
13
aia.az

1Источники