RU

Faciəvi şəkildə vəfat edən gənc şairin kitabı çap olunacaq

Bu gün Ağdam Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

Kulis.az Aynur Cavidin “Ağdama astral səyahət” yazısını təqdim edir.

Xəyal şəhər, yuxu şəhər, nağıl şəhər - Ağdam.
Dağıdılmış şəkillərini, rüzgarlara sovrulmuş gülüşlərini , qeybə çəkilmiş səs-küyünü gördükdən sonra, olmuşlarlarla olacaqlar arasında qalan mən.

Çoxunuz yəqin ki, məktəbli olan vaxtlar şeir və ya qayda əzbərləyərkən bunu tez tez təkrarlayardız. Mən də Ağdamdan çıxandan bu günə qədər gecələr tanıdığım insanlardan tutmuş, keçdiyim yerlərə qədər hamını, hər şeyi bir-bir təkrarlayırdım. Səhər oyandıqda da ilk işim bu olurdu.

Nəbadə unudaram. Elə bilirdim, bilirdim yox, əlbət elədi ki, unutsam dualarım qəbul olunmazdı. Ölümümə bircə gün də qalmış olsa, son nəfəsimi o torpaqda verim deyə yalvarırdım hər gün Tanrıma.

Qaçqınlıq ağır idi. Hələ qaçqın olub, çadırda, məktəbdə yaşamaq. Qazın, suyun içindən çıxıb odun peçi qalamaq, Arazdan lilli su gətirib, durulunca 5 dəfə qab dəyişmək kimi gündəlik problemlər varsa...

Gözlərimi yumub boyutlar arası gəzişməyi sevirəm. Astral (xəyali) səyahəti tam bacarmasam da, yamsılamağa çalışıram. Özümün idarə etdiyim xəyali səyahətlərim mənə fərqli hisslər yaşadır. Ağdam işğaldaykən xatirələrdə gəzişsəm də, eyni şeyləri xatırlayırdım sadəcə.

Üzbəüzümüz Böyük Vətən Müharibəsinin qəhrəmanı Çərkəz müəllim idi. Yoldaşı Rəna xala idi. Əslən Xıdırlıdan idilər. Oğlu Elbrus dayının qırmızı maşını vardı.

Sol qonşumuz İslam müəllim idi. Barama Zavodunda məsul vəzifədə idi. Babamın necəsə qohumu idi. Həm də soyadlarımız eyni idi. Böyük qızı Əfşan həkimlik oxumuşdu və Yevlaxda yaşayırdı. Oğlanları Şəhriyar və Zaur isə uşaq dostlarım idi. İslam müəllimin böyük meyvə bağı vardı. Bir də qapı ağzında boy-boy nazik uzun qovaqları.



Qış ayları o qədər gözəl olurdu ki, qar topaları qovaqları və babamın doqqazda əkdiyi uzun küknar ağacını yolka kimi bəzəyirdi. İslam babagillə bir həyətdə represiya qurbanı olmuş qardaşının yoldaşı Suqra nənə yaşayırdı. Hamımız ona Suqa nənə deyirdik. Danışanda tez-tez “yox ee, yox ee” deyirdi və illərdi ailəmizdə hamı söz düşəndə Suqa nənə demiş, yox ee, deyirik və ruhuna rəhmər diləyirik.

Suqa nənə övladsız və tək idi. Daim köməyə gedir, evin yığışdırır, nəsə söhbətlər edirdik. Suqa nənə pambıq saçlı, ağappaq, mülaim, xoş nənəmiz - bəlkə də o, məhəllədə ən sevimli nənə idi, - bütün uşaqların nənəsi.

Digər qonşumuz Mamed baba ilə Sürəyya nənə idi. Mamed babaya Demokrat Mamed deyirdilər. Həyətinə həmişə xalçalar sərilirdi. Mamed baba köhnə xalçaları toxuyub yeni xalçaya çeviridi. Qaçqınlıq illərində həmişə düşünürdüm ki, kaş qonşu qalaydıq və mən xalçanın sirlərini Mamed babadan öyrənəydim.

Arxa qonşumuz Sulduz müəllim idi. Geniş həyətləri vardı. Bizim qoz ağacının bir budağı onların həyətinə düşürdü. O budağın məhsulunun hamısı mənim idi. Taxtadan yer eləmişdilər ki, keç yığ. Və həmin tərəfdə tığınnı alma dediyimiz bir alma növü var idi. Dibindən başına kimi alma gətirirdi. Və o almalar da mənim idi.

Küçəmizdəki bütün ailələri adı, üzvləri və peşələri ilə xatırlayıram. Xosrov dayı taksi sürürdü. Qardaşı Cahid əminin bazarda parça dükanı var idi. Qızı İlahə ilə yaşıd idik. Bağçaya bir gedirdik. Dükana yeni parça gələn kimi İlahə mamamla nənəmə xəbər gətirirdi ki, atam deyir təzə parçalar gəlib. Evin qadınları yeni parça gələn həftə rəngarəng allı güllü ipəklərdən, trikatindən dərziyə paltar tikdirib, axşam kinoya geyinirdilər.

Mən də Ağdamda tanrı bəxtəvəri idim. Nənə, ana və 3 xala kim parça alsa 1 metr artıq alıb mənə də tikdirirdi. Az qala hamı ilə dəst paltarım vardı. Kim toya getsə, onunla dəst paltarımı geyib gedərdim. Ağdamın “paltarbişdi” deyilən qız toyları çox maraqlı və zəngin süfrəli olurdu. Hər pul yazdırana balaca nəmər verirdilər. İçində peçenye, noğul, şokolad və konfet olan, bəzəkli şəffaf torbalar.

Ağdam kinosu da Ağdamın olmazsa olmazı idi. Xalamın qaynatası Məhərrəm baba, yoldaşı Tahir əmi və dayım Aydın kinoda işləyirdi. Az qala hər axşam ya həyətlərdə, ya Seyidli klubunda, ya da “Dostluq”da kinoya gedirdik.
Müharibə də bizi mədəni həyatımızdan ayıra bilməmişdi. Sonuncu xatırladığım tamaşa “Gülüstanda qətl”, sonuncu konsert Vüqarın konsertidi.

Xəyali səyahətim davam edir…

Əliş babanın evinə asta-asta gəlirəm. Əliş babanın nəvəsi Sevinclə 3 il sinif yoldaşı olmuşduq. Sonanın aptekini keçirəm. Baxşeyişin göy ət dükanını keçib, babamın “S.Sani Axundov 170” ünvanında 12 il yaşadığım, böyüdüyüm evinə çatıram. Babalı-nənəli, analı günlərim…

Kamal babam vəzifəli adam deyildi. İşıq idarəsində “montyor” idi. Həm müharibə, həm əmək veteranı idi. Yaxası medallı gəzərdi həmişə. Kök, ağır çəkili olmasına baxmayaraq, çox işgüzar idi. Atadan keçmə gözəl bağbanlığı vardı. Gecə-gündüz işıq çəkməklə, elektriklə oynasa da, vaxt tapan kimi həyətdə işləyirdi. Qapının girəcəyindən 2 metr yerə qədər xanıməli sarmaşığı idi. Limonla mixəyin qarışıq qoxusu gəlirdi. Yasəmən ardınca bütün küçə barısını bürümüş qızılgül. Sonra böyük bir əncir ağacı vardı.

Xıdırlıdan başında ləyən olan qadınlar bazara qaymaq satmağa gedərdi və əlləri ilə ləyəni tutmazdı. Bu, mənə möcüzə kimi gələrdi. Bazara gedən-gələn əncirin kölgəsində otururdu və yetişən vaxtı hamı ordan əncir yeyirdi.

Qara əncirimiz - biz incil deyirik - o qədər böyük idi, ikisi bir nəlbəkini doldururdu.

Babam çox mərhəmətli və qayğıkeş biri idi. Gülə, çiçəyə, ağaca, itə, pişiyə, hər seyə qayğı göstərirdi. Bəlkə bu üzdən insanlar onu çox sevirdi. Əla usta idi, tikiş maşını düzəldirdi və sahibinə bir də xarab olduqda nə etmək lazımdı, öyrədirdi. Babamın balaca bir əl damı vardı. Bütün işlənmiş, yeni materialları ayrı-ayrı qutulara yığırdı, divarlardan asırdı. Motosikleti var idi və uzaq kəndlərə çağırışlara onunla gedirdi. Çox vaxt zəhmət haqqı əvəzinə ev yiyəsi nə versə, onu da alıb gəlirdi. Məsələn, bir vedrə gavalı. Nənəm deyəndə, ay kişi, qapıda 6 qavalı ağacı var, deyirdi, ay arvad, olanı budur də, almasam utanacaq, kasıblıqdan pulu yoxdu deyə işıqsızmı qalsın!?

Babam gördüyü, bildiyi və oxuduğu hər seyi öyrədirdi. Uşaqları balaca olanda hind filmlərinə baxıb, gəlib evdə nağıl əvəzi danışarmış. Harada yeni növ ağac, gül görürdü, gətirib qapıya əkirdi. Hər payız gülləri böyük bir yerə çilikləyir, küçədə kimin evinin qabağı gəldi aparıb əkirdi.

Ağac, gül əkməkdə babam bütün Ağdamı öz həyəti hesab edirdi. 1986-cı ildə yeni torpaqlar satışa çıxanda ailədə dayım, iki xalam və anam torpaq aldı və ev tikməyə başladı. Babam indi də nə tapırdı aparıb yeni məhlələrə əkirdi. 2006-cı ildə hökumət Nərimankənddə bizə yeni ev verdi. Qəribə də olsa, evi alandan sonra babamı itirdim. Əkə bilmədi babam orada ağac, gül-çiçək…

Yaz vaxtı ağac əkənlərə baxıb babamı xatırlayırdım. Gecə gördüm əlində bir əncir ağacı və gül çiliyi ilə gəldi, həyətimə əkdi, getdi. Həmin yerdən bənövşəyi saçaqlı bir sarmaşıq və əncir ağacı bitmişdi. Sel gələndə bütün ağaclar qurudu, amma onlar qurumadı
.
Hürü nənənin şaqraq gülüşünü eşidirəm sanki.

Hürü nənə Şahmalı Kürdoğlunun bacısı idi. Fərrux baba ilə Hürü nənə qapının ağzındakı tut ağacının altında otururdular. Çox vaxt Hürü nənə uçalana-uçalana padnosda çay gətirir, elə ordaca içir, yoldan keçənləri də qonaq edirdilər.

Tut mövsümünü onların tut ağacının altında keçirirdim. Anam tutu çox sevirdi. Amma küçədə ağacdan tut yeməyə utanardı. Fərrux baba çəliyini ilişdirib budağı əyərdi, mənsə tutu ovuclarıma yığır, evə qaçıb, anamın ovcuna boşaldır, qayıdırdım. Adətən tutu karxana ilə çırpırdılar. Amma karxanada əzilirdi deyə, dənə-dənə tut yeməyin ləzzəti ayrı idi.

Səliqəli küçəmizlə irəliləyirəm. Sağda Həsən baba ilə Sumaya nənənin evidi. Oğlu Fazil 1993-cü ildə şəhid oldu. Həsən babaının qulağının yarısını faşist qəlpəsi aparmışdı. Çox vaxt böyük bir daşın üstündə oturardı. Solda “obşi məhlə” dediliyimiz dalan var idi.

Zəminə xala, sinif yoldaşım Sevincgil, onun əmisi uşaqları və Xasay müəllimlə Dilşad müəllim də bu dalandakı evlərdə yaşayırdı. Bir addım qabaqda Həcər nənəgil idi. İtləri Tuzik yaxşı yadımdadı. Hər dərsdən gələndə olmasa da, çoxunda məni qovalayırdı, çantam ağır olduğundan atıb qaçırdım, çox yava it idi. Gəlib bağçanın yoluna dönürəm. Səmərqə müəllimin bağçası üzbəüzü Sveta müəllimgilin evi. Anamın ən yaxın rəfiqəsi idi, hər il ad günü tortumun birini də Sveta müəllim bişirirdi. O, çox dadlı tortlar, şirniyyatlar bisirirdi. Gəlib çatıram 8 nömrəli məktəbə.

8 il oxuduğum “Xanış müəllimin məktəbi” adı ilə tanınan, anamın da işlədiyi məktəb.

Nə qədər anam işə gedirdi, mən anam gözdən itincəyə qədər baxırdım. Elə ki, mən məktəbə getdim, yolda nə vaxt geri çevrilsəm, arxamca baxdığını görürdüm. Tini dönəndə əl edirdim, anam da mənə. Dərsdən qayıdanda qapıdan baxaraq məni gözlədiyini görürdüm. Bəzi günlərdə isə əl-ələ tutub məktəbə gedir, ələ-ələ tutub qayıdırdıq.

Yenə də əllərinin istisini əlimdə hiss etdim.
Məktəbimizi ötüb “Ana abidəsi”nə qədər, oradan da yeni məhəlləmizə gəldim.

6 il, xüsusən də təpəmizə qrad yağa-yağa son illərə qədər evimizi tikmişdik. Anam ən gözəl qızıllarını, ən bahalı qablarını satıb hamı kimi yaraşıqlı bir ev tikmişdi. Bu yeni evimizi 6 ilə tikib, 6 ay yaşadıq içində.

Pərioğlular məktəbinə yaxın idi. Həyətimizdən ağ qızıl güllərinin turşməzə qoxusu gəlirdi. Yolun ayağı Hacı dayının həyəti idi və kəndlə bizi uzun böyürtkanlıq ayırırdı. Cəmi bircə yayı yarım yaşadıq o evdə. Amma xatirələri 28 ilə yetdi.

Böyürtkənlik yolu ilə gedəndə artezan vardı. Biz içməli suyu həmin artezandan gətirirdik. Artezanın suyu o qədər şəffaf idi, dibindəki kiçik bitki köklərinə qədər görünürdü. Artezanın suları yarpız və qıjının vətəni idi. Yazda yarpızlı, bədrüşlü, boyanalı Ağdam küküsünün yerini nə verərdi ki?..

Xəyali səyahətim davam edir.

Dayımın qızları hələ çox balacadı. Yumalana-yumalana pilləkənləri çıxırlar. Axşamlar bizim pilləkənin ayağında balaca çardağın altına yığışırdıq, Qarqarın zəif şırıltısı, gecələrsə Qarağacı qəbirstanlığı və Qarqarın sahilinə su içməyə enən ilanların oxuması. Akasiya, yasəmən, turşməzə ağ gül qoxusu.

Nağıl şəhərim mənim!

Gecələr pəncərəmdən ulduzlar görünürdü. Elə bilirdim ki, evimiz ulduzların içindədi. Səbəbinin elmi izahı nədi, bilmirəm, amma Ağdamda ulduzlar çox aydın görünürdü. Bürcləri aydın görmək olurdu. 1993-cü ilin isti yay gecələrinin birində göydəki bütün ulduzlar axırdı. Evdə yatanları da oyadıb ulduz axınına baxdıq. Bəlkə də o gecədən sonra ulduzlar küsdü getdi. Amma bütün qaçqınlıq illərində harada qaldımsa, gecə səmada çox az barmaq sayı ulduz görürdüm.

Həyətlərimizi gəzib qayıdıram babamgilin küçəsinə. Dağdağan ağacı meyvə gətirmədiyi üçün babam bir neçə növ üzüm əkmişdi dibinə və tənəklər uzanıb dağdağanı bürümüşdü. Payızda bir neçə sort üzüm yetişirdi dağdağanda.

Deyilənə görə dağdağan müqəddəs ağacdı. Göz qaytarır. Uşaq olanda qolumuzda üstü dağlanaraq bəzəklər çəkilmiş dağdağan muncuğu olardı. Sonralar gördüm ki, dayılarım bunları həyətimizdəki dağdağandan düzəldirlər. Əvvəlcə budağı kəsib yaş-yaş kiçik muncuqlar düzəldirlər, sonra mili ocağa qoyub qızdırır, sancağa və ya sapa keçirmək üçün dağdağana deşik açır, üstünü isə isti dəmirlə yandırıb naxışlayırdılar.

Həmin il - 1993-cü ildə dağdağan dibindən ucuna qədər, sarı çiçəklər açdı və narıncı qara noxud kimi meyvə gətirdi. Şirintəhər dadı var idi. Çərdək və üzərində nazik qabıqdan ibarət meyvə idi. Hamı gəlib baxıb gedirdi. Babam deyirdi ki, həyatında ilk dəfədir dağdağanın meyvə gətirdiyini görür.

Dağdağanımız quruyub yəqin ki. Mundar, yad əl götürmürdü axı!
İncilin altda bənövşələrimiz var idi. Nənəmdən başqa heç kim toxunmurdu onlara. Bütün bənövşə sezonu nənəm hamıdan əvvəl oyanar, bənövşələrin boyunu sevər, sonra işə gedərdi.

Xəyali səyəhətim başladığı yerdə sona çatır.

Babam Ağdamın azad olunduğun görmədi, amma son nəfəsinə qədər Ağdam alınacaq, məni öz torpağıma apararsız deyirdi.

Anam Ağdamın alınma sevincini qursağımda qoydu. Əvvəl Vətənsiz idim, indi də anasız qaldım. Ölümündən bir neçə gün sonra yuxuda anamı Ağdamdakı ata evində gördüm. Ömrünün 35 ilini keçirdiyi evdə. Gülürdü. Çox xoşbəxt idi. Bəlkə Ağdama getməyə tələsdiyi üçün tez getmişdi.

Bilirəm , babamla, anam o həyətdə məni gözləyir.

Bir də atam vardı. Dərsə getdiyimdə asta-asta arxamca gələn. Yaxınlaşdıqda kölgəsini tapdamağa qıymadığım, 1993-cü ildən bəri heç kimin görüb, xəbər almadığı atam. Ümidimin biri də onun Ağdama keçməsi, lap əsir də düşmüş olsa, qaçıb Ağdamda gizlənməsi, ərazini çox gözəl tanıdığından hələ də sağ olmasıdır. Ağdama ayaq qoyduqda məni qarşılayacaq, olub bitənləri bir-bir danışacaq. Tanımadığım yerləri gəzdirəcək.

Amma bütün bu xəyal və xatirələrdən oyandıqda, 28 il əvvəl anasının əlindən tutub, atasını o torpaqda qoyub çıxan 13 yaşlı balaca, onu nələr gözlədiyini ağlının ucundan belə keçirə bilməyəcək bir qızla, 28 il məktəb, çadır, düşərgə həyatı yaşayan, uşaqlığı, gəncliyi bir quş kimi uçub gedən, boyu boyundan böyük uşaqları olan bir qadın qarşı-qarşıyadı.

Mən də çoxları kimi öz şəhərimizlə birgə qocalmaq haqqını itirdim. Əminəm, Ağdam əvvəlkindən də gözəl, əzəmətli və zəngin şəhər olacaq. Amma mən həmin küçələrdən keçəndə qoyub gəldiyim, yaddaşımdakı o şəhəri görəcəm. Ömür vəfa etsə, övladlarımın əlindən tutub küçə-küçə, tin-tin gəzib əvvəlki Ağdamı tanıdacam. Müharibə küləyi toxunan bütün insanları kədərə, həsrətə yoluxdurur.

Ən gözəl şəhərdə yaşayıb, xatirəmdəki şəhər üçün acı bir həsrət çəkəcəm, o şəhərin heç vaxt toxuna bilməyəcəyim, bağrıma basa bilməyəcəyim insanları üçün için-için göynəyəcəm.

Избранный
7
kulis.az

1Источники