Bağçalarda psixoloqların olması uşaqların sağlam münasibət qurmasına kömək edəcək — TƏKLİF
Parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı uşaqların inkişafı üçün bir sıra təkliflər irəli sürülüb. İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsini təklif edilib.
S.Əliyeva uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması üçün bunun mühüm olduğunu deyib.
Ombudsman bildirib ki, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi vacibdir.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaq bağçalarında uşaq psixoloqu və erkən inkişaf üzrə mütəxəssis ştatlarının yaradılması təklifinin uşaqların sağlam və sosial inkişafı üçün gərəkli addım olduğunu qeyd edib.
R.Nəcəfov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, bu təşəbbüs uşaqların gələcəkdə sağlam və sosial inkişafını tənzimləyəcək:
“Uşaqların olduğu bütün mühitlərdə uşaq psixoloqlarının olması onların psixi sağlamlıqlarının təminatıdır. Uşaq bağçalarında və digər məktəbəqədər xidmət göstərən bütün müəssisələrdə uşaq psixoloqlarının olması uşaqların duyğularını tanıması və ifadə etməsinə, sosial bacarıqlarının inkişafına müsbət təsir edəcək. Bu, onların gələcəkdə sağlam münasibətlər qurmasına və cəmiyyətə inteqrasiyasına kömək etmiş olacaq. Psixoloqlar uşaqlarda potensial davranış və emosional problemləri erkən mərhələdə müəyyən edərək müvafiq müdaxilə tədbirləri ilə onların aradan qaldırılmasına öz töhfələrini verəcəklər. Uşaqların məktəbəqədər təhsil dövründə intellektual və emosional hazırlığını qiymətləndirərək onların məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin edəcək”.
Ekspert uşaq bağçalarında və digər məktəbəqədər xidmət göstərən bütün müəssisələrdə psixoloji xidmətin formalaşması üçün fərdi və qrup yanaşmalarının olmasını zəruri hesab edir:
“Rüblük və illik psixoloji mühitin psixodiaqnostik dəyərləndirilməsi aparılaraq düzgün meyarlar təyin etmək olar. Həmin meyarlar uşaqların ünsiyyət, uyğunlaşma qabiliyyəti, yaradıcılıq kimi yumşaq bacarıqlarını inkişaf etdirəcəkdir. Uşaqların yumşaq bacarıqlarının inkişaf etdirilməsi gələcəkdə onların həm şəxsi, həm də peşəkar həyatlarında uğur qazanmasına dəstək olacaqdır”.