RU

COP29: Kənd təsərrüfatının maliyyələşdirilməsi müzakirə olunub

COP29-un proqramına uyğun olaraq “Qida, Kənd Təsərrüfatı və Su Günü”ündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd aqrar sahənin inkişafı üzrə müəyyən edilən strateji prioritetlərin - dayanıqlı kənd təsərrüfatının təşviqi, fermerlərin maliyyə resurslarına çıxışının artırılması və beynəlxalq tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində COP29 tədbirlərinə töhfə vermək və bu istiqamətdə fermerlərə daha çox məlumat çatdırmaq olub.

“Yaşıl zona”da baş tutan tədbirdə AKİA-nın rəhbər şəxsləri, fermerlər, banklar da daxil olmaqla özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov dövlət dəstəyi mexanizmləri və onların təsirinin artırılması yolları mövzusunda çıxış edib. O əvvəlcə Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən yeni dəyişikliklərlə bağlı ətraflı məlumat verib, daha sonra dövlət dəstəkləri və ən son dəyişikliklərin fermerlər üçün yaratdığı imkanlardan danışıb.

Fins.az xəbər verir ki, iqlim dəyişiklikləri dövründə dayanıqlı kənd təsərrüfatı üçün innovativ texnologiyalardan istifadənin artırılmasının əhəmiyyəti mövzusunda çıxış edən “Beta Azərbaycan” MMC-nin regional müdiri Ahmet Arslan risklərin idarə olunması və məhsuldarlığın artırılmasına dair praktiki nümunələr təqdim edib, iştirakçılara və xüsusi ilə fermerlərə dayanıqlı təsərrüfat yaratmağın yolları barədə faydalı məlumatlar çatdırıb.

AKİA-nın sədr müavini Mehman İsmayılov kənd təsərrüfatının maliyyələşdirilməsində bankların və digər kredit təşkilatlarının rolu mövzusunda çıxış edərək dövlət-özəl tərəfdaşlığının dayanıqlı kənd təsərrüfatının əsaslarından biri olduğunu deyib. O tədbir iştirakçılarına Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) alınan məlumatlarla fermerlərin maliyyə tarixçəsinin vizual təqdimatını nümayiş etdirib.

AKİA-nın sədr müavini Fərid Rəhimli kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə təqdimat keçirib, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində formalaşan dataların subsidiya siyasətinin formalaşmasına təsiri barədə danışıb. Fərid Rəhimli qeyd edib ki, formalaşan datalar dövlət dəstəyi mexanizmlərinin səmərəlilik göstəricilərini ölçməyə, vəsaitin daha optimal yönləndirilməsinə imkan verir.

AKİA-nın Layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirov çıxış edərək iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq məqsədli beynəlxalq təşkilatlar və donorlarla əməkdaşlığın artırılması istiqamətləri mövzusunda təqdimat edib. O çıxışında qeyd edib ki, iqlim dəyişikliyinin qlobal təsirlərinə qarşı daha geniş əməkdaşlıq çox vacibdir. Bu mənada beynəlxalq layihələr və dövlət proqramlarının kənd təsərrüfatına olan müsbət təsirini nəzərə alaraq xüsusi ilə qadın və gənc fermerlər üçün həyata keçirilən layihələr olduqca faydalıdır. Fərid Əmirov həmçinin iştirakçılara COP29-dan sonrakı fəaliyyətlər və Bakı Harmoniya İqlim Təşəbbüsündən irəli gələn tədbirlərlə bağlı beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq imkanları barədə məlumat verib.

Tədbir iştirakçıları maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

Zemfira Ms
Fins.az

                                       

 

Избранный
26
50
fins.az

10Источники